Kino insan psixologiyasının son dərəcə rahatlıqla qəbul edəcəyi təbliğat formasıdır. Belə hadisələr olub, var və olacaq. On il sonra baş verəcək faciələrə insanları hazırlamaq üçün alt şüura işləyirlər. Adına bəzən fantastika, bəzən treller, bəzən döyüş filmi və sair deyiblər. Əslində bu hadisələrin çeşidlənməsi, yəni kateqoriyalara ayrılması işidir. Peşəkar yanaşmadır dünənə, bu günə və sabaha. Və ya başqa bir variant. Film olaraq çəkilən bəzi sənət nümunələri tutalım on beş il sonra planlanan bir terror aktının senarisi çıxır. Yəni nümunələr çoxdur.
Azərbaycana dil, din və xalq olaraq qardaş sayılan Türkiyə bu mənada ən yaxşı nümunədir. Son diqqətimi çəkən ölkənin xüsusi ximət orqanı MİT-in yerli və xarici fəaliyyətindən bəhs edən “Teşkilat” adlı filmdir. O qədər uzaq olmayan tarixini bədiiləşdirib xalqa və dünyaya təqdim edir türklər. Öz milli qəhrəmanlarını formalaşdırır. Şəhidlərini, qazilərini tanıdır, təbliğ edir, insanlarını yormadan maarifləndirir. Buna indiyə qədər daha çox dünya Hollevud filmlərində rast gəlirdi insanlar. Odur ki, yüz illərlər Amerika vətəndaşı hər şeydə ən…yəni üstün, ali, cəsarətli, ürəkli və möhtəşəm imajı ilə yaşadı. İndi porsesdə təşəbbüsü türk kinomatoqraflar ələ alır, təbii ki, ciddi dəstəklərlə. Əks halda ağır prosesləri, ciddi hadisələri sıravi ölkə və dünya insanına anlatmaq, onu yetişdirmək kimi şansı qalmır. Hansısa formada vətəndaşı dövlətinin nələrdən keçdiyini başa düşməli, ona görə davranmalıdır. Azərbaycan kimi həssa bölgənin vətəndaşıda bu hazırlılıq ikiqat artıq olmalıdır bəlkə də.
Məsələn, Avropa ölkələrindən birində, bir neçə il öncə törədilən, yəqin ki, çoxlarının yaxşı xatırladığı terror aktları var idi. Hansı ki, məsuliyyətinielə həmin dövlətlərdə Türkiyə vətəndaşlarının üzərində atırdılar. Artıq Avropada türklərə münasibət ciddi şəkildə mənfiyə yön alırdı. Adıçəkilən filmdə hadisənin çox möhtəşəm bədii və siyasi təqdimatı edilib. Eyni filmdə bu günümüz üçün çox aktual olan Türkiyənin Fələstin sevgisinə aydınlıq gətirirlər. Hələ realda da, filmdə də proses davam etməkdədir…
Bəli, möhtəşəmdir, əvəzsiz işdir, peşəkarların dövlətə ciddi xidmətidir. Ona görə bəzən belə filmlərin setlərində Türkiyənin dövlət başçısına da rast gəlmək olur. Hətta filmlərdə konkret obrazları yaradan sənətkarları da qəbul edir dövlət başçısı. Bu filmlərin ərsəyə gəlməsində təbii ki, dövlət qurumları da prosesin içindədir. Odur ki, buna mədəni-siyasət də demək olar. Və ən maraqlısı bu ki, sözügedən kateqoriyadan olan filmlərin əksəriyyəti Türkiyənin bir nömrəli dövlət kanalından yayınlanır, TRT1-dən… Geniş şərhə ehtiyacı olmayan məqamdır.
Burada gərginliyi bir az yumşaldaq. O məhşur filmdə necə deyiblər? Hə…bəs o əjdahadan Azərbaycanda niyə yoxdur. Hadisə var, tarixi reallıq var, bu gün baş verənlər, hələ nə qədər baş verəcəklər var. Amma iş, o film yoxdur. Düzü bunu ilk olaraq dövlət, ardıyca da diringə şou proqram və seriallara pul xərcləyənlər, sponsorlar anlamalı. Ən azəndan türk filmlərinin titrlarına da baxmaq olar. Türkiyənin el bir brendi yoxdur ki, bəlli filmlərin riklamçısı olmasın. Cənablar, zaman gözləmir. O filmi çəkin!..
Amerikalının Vandamı, fransızın Belmandosu, osmanlıların Süleymanı, filinta Mustasası, payitaxt Abdulhəmidi olduğu kimi, oğuz türkünün də Xan Çələbisi, Şah İsmayılı, olsun. İnsanlar Qarabağ, İrəvan, Şirvan xanlıqlarında, Ağqoyunlu, Qaraqoyunlu dövlətində nələrin baş verdiyindən xəbər tutsun.
Vətəndaşa onu yormadan, bezdirmədən, usandırmadan özünü anlatmaq üçün bundan gözəl nəsə ola bilməz. Keçmişini, bu gününü və gələcəyini adamlara öyrətməyə Azərbaycan çox gecikib.
Və gəlirik o yerə ki, peşəkar yoxdur. Bəlkə olanımızdan yararlanaq deyirəm bu məqamda da?!
Məsələn, senarist dünyaca ünlü Cingiz Abdullayev olsun. Ç.Abdullayev həm də o adamdır ki, bu işdə oları da, olmazı da, necə olsunu da bilir. Adamın ciddi təcrübəsi var. Məsələn bilir ki, sovet KQB-sinin kəşfiyyatçı həyatı üçün hekayətləri necə yazılır.
Aktyormu yoxdur? Raz Rzayev, Kamran Ağabalayev, Ayan Mirqasımova, Məmməd Səfa, Cavanşir Xıdırov, Hikmət var.
Rejissormu yoxdur? Ayaz Salayev, Ramiz Mirzəyev, Şərif var məsələn…
Daha bir təklif. Məsələn, bəzi rolları fakturası olan canlı şahidlərə, döyüşçülərə, qəhrəmanlara həvalə etmək mümkündür. Hələ ilk görmək istədiyim film də var ağlımda. Sarıkamış faciəsini xatırladır niyəsə mənə. Hətta ondan daha ağır film ola bilər Azərbaycanın Başlıbel faciəsi. Artıq Kəlbəcərin Başlıbeli azaddır. 1993-cü ilin aprelində isə erməni yaraqlıları o kənddə sığındıqları qayalıqda, mağarada insanları şəhid edib. İndi həmin yerdə, on iki oğuz türkü olan şəhidin meyitinin qalıqları tapılıb və artıq kimlikləri bəllidir:
– Səmədov Yaqub İsa oğlu (63 yaş)
– Əhmədova Büsat Əliş qızı (54 yaş)
– Əhmədova Zövqiyyə Binnət qızı (12 yaş)
– Əmralıyev Məhəmməd Abış oğlu (60 yaş)
– Əmralıyev Surxay Məhəmməd oğlu (29 yaş)
– Əmralıyev Çingiz Məhəmməd oğlu (21 yaş)
– Əmralıyeva Aygün Məhəmməd qızı (16 yaş)
– Həsənova Çiçək Mikayıl qızı (67 yaş)
– Cəfərova Gülara Cəfər qızı (68 yaş)
– Cəfərova Gülgəz Qədim qızı (95 yaş)
– Abdullayev Vüqar İsa oğlu (22 yaş)
– Əsgərov Əhliman Əvəz oğlu (52 yaş)
Bu tükürpədici olayın özü film deyilmi? Yaşanmış, fakt deyilmi? Onun canlı şahidləri həyatda deyilmi? Bütün sualların cavabı “bəli”dir. Di gəl, hələ də tamaşaçı, vətəndaş gözü yoldadır məmləkətin…
Jalə Mütəllimova
17.05.2021.