Ermənistan mətbuatı İrəvana yüksək rütbəli İran zabitlərinin səfərə gəldiyini yazıb. Xəbərdə qeyd edilib ki, səfərin məqsədi sərhəddəki vəziyyətdir. Bundan əvvəlsə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri MojtabaZolnurinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı açıqlaması tirajlanıb erməni mediasında. Məlumatda bildirilib ki, İran İslam Respublikası bölgədə, Ermənistanla sərhəddə, hər hansı ərazi dəyişikliyini qəbul etmir və buna qarşıdır: “Əgər Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni, yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”. Bu səfər və ya hər hansı İran rəsmisi ilə müsahibə ola bilər, bu istisna deyil. İstisna olan o ki, xəbərə erməni KİV-ləri necə yanaşıb? Xəbərin Azərbaycana KİV-lərində yayılması üçün hansı peşəkar “tryuku” ediblər? Niyə Azərbaycan KİV-nin İran rəsmilərinə çıxışı yoxdur və ya təşkil olunmur? Axı son dərəcə həssas məsələlərdə, informasiya müharibəsi işində, hərbi qalibin, Azərbaycan milli mediasının ermənilərə uduzması yaxşı mənzərə yaratmır. Nəticə qarşı tərəfin istədiyi kimidir hazırda. Azərbaycanda ictimai rəy bu mövzuda aqressivdir. Aqressiv düşüncələrsa yaxşı analiz etmə bacarığını itirmiş sayılır. Açığı informasiya mübarizəsinin təşkili ermənilərdə alınan, bizdə isə hələ ki, alınmayan yeganə işdir. Məsələn, az əvvəl İranın “Zəngəzur” adlı TELEQRAM kanal yaratdığı barədə məlumatlar dolaşırdı. Araşdırmalar bəlli etdi ki, kanalı idarə edən İran vətəndaşı olan bir qrup ermənidir.

Gələk erməni mənbələrindən Azərbaycan mediasına transfer olunan xəbərlərə. Bir sual var. Yuxarıda qeyd edilən açıqlamaların hansısa təsdiqi varmı? Yoxdu! Audio və ya video formatda bir İran rəsmisinin də belə rəyi diqqət çəkməyib son günlərdə. Ancaq yazılı xəbərlər var. Buradan da iki qənaətə gəlmək olar.

Bir, ermənilər vasitəsi ilə İran siyasi mövqeyini və narahatlığını Azərbaycana çatdırır.

İki, eyni zamanda “o cür deyilməyib, fikir təhrif edilib” kimi müdafiə haqqını özündə saxlayıb.

Təbii ki, hər iki halda Arazın bu tayında sərt, daha çox istimai rəydə sərt, aqressiv reaksiya yaranır. Cənub həsrətini gizlədə bilməyən sıravi vətəndaşdan təbii ki, başqa nəsə ummaq da mümkün deyil. Beləcə Azərbaycanda iç siyasətdə fikirlər haçalanır, siyasi hakimiyyətə yönəlik ittihamlar səslənir. Təbii ki, bu nəinki kənarda, hətta İran və Azərbaycan daxilində də bir qrupun maraqlarına uyğundur.

Neyləməli?

Bir maraqlı və nəticə verəcək yol var. İran rəsmilərini Azərbaycan efirlərinə çıxarmaq. Xəbərləri yerli mənbələrə istinadən yaymaq, xarici KİV-lərə təqdim etmək. Video və ya audio fomatda həm də.

Başqa sözlə buna İranla münasibətlərdə informativ boşluğu doldurmaq da demək olar. Və ya qarşə tərəfdə olanları müvəqqəti arqumentsizləşdirmək.

Başqa variant İran KİV-ləri ilə əməkdaşlıqdır. Bura informasiya mübadiləsi üçün rəsmi müqavilələr bağlamaq, İranda rəsmi müxbir ofislərini qurmaq da daxildir. Bunu ermənilər Təbrizdə, Tehranda çox rahatlıqla edir.

Əks halda, yəni Azərbaycan bunu etmədikdə nə baş verəcək? Cənubi Azərbaycan, milyonlarla cənublu azərbaycanlı bəlli olan və olmayan dairələrin əlində qara piar məqsədi üçün alətinə çevriləcək. Hətta zamanla təxribata məruz qalacaqları da istisna deyil.

İndiliksə gərək bu, Azərbaycan mediasında əksəriyyət Ermənistan KİV-in İranla bağlı xəbərlərinə son dərəcə həssas yanaşmalıdır. Eyni zamanda aidiyyatı qurumlar bu xəbərləri sosial şəbəkələr üzərindən yayan böyük səhifələri araşdıra bilər. İstisna deyil, Azərbaycanın Qarabağla bağlı iç və dış siyasəti, habelə qonşularla münasibətlərinə dair qara piarın arxasında bir mərkəzdən iradə olunan sosial şəbəkə şirkətləri dayana bilər.

Yəni biz, qonşu, dost, yoxsa düşmən Iran? Bu suala mütləq özümüz cavab verməliyik. İndi qalır o ki, bu məsuliyyətli işi sinəsini qabağa verib kiminsə etməsi…

Jalə Mütəllimova

24.05.2021.