Bütün zəhmətkeşlərin, işini bilənlərin, peşəkarların aqibətidir budur ölkədə. Kotan kimi çalışmaq, zəhməti ilə zehnini qabartmaq, maaşdan başqa qazancı olmamaq. Zəhmətkeşin iş kabineti də balaca olar, bəlkə də heç olmaz bu gözəlim məmləkətdə. Özü də on, on beş admın işini görər. Həm də yeri gələndə hamının əvəzinə danlanan. Bir sözlə hamıdan çox çalışıb, az qazanıb, pis yaşayan. Bu arada arxalı, əqrəbalı, kabinet yoldaşları da onu bəyənməz. Hətta irad tutar ki, əşi, düz işləyərdin, müdürün səsi çıxmazdı. Səsdən qulağımız batdı və sair deyərlər. Utanıb susan zəhmətkeşin yanından bəzən maşınları ilə sürətlə keçər, ətirinin qoxusunu bəyənmədiklərindən onu maşınlarına belə almazlar. Üstəlik dedi-qodusunu edərlər. Nəinki onun, hər kəsin, işsizin də bir işi olmalıdır axı…
…Hələ o da var ki, lazım gələndə, biləşib haqqında otraya bir danos qoyarlar zəhmətkeşin. Elə o danosla da işdən atılar, yerinə, başqa zəhmətkeş gətirdərlər…
Əslində bütün peşələrdə, bütün sahələrdə mənzərə indi belədir. Bir-ikisi işləyir qalanları yaşayır, əylənir, idarəyə gəlib-gedir. Bir sözlə, ölkədə nə qədər əzilən varsa, araşdıranda onlar əsasən istedadlı, bacarıqlı, savadlı, əqidəli, şəxsiyyətli, işgüzardır. Təəssüf ki, belələrinin qədri iki halda bilinər, Allah eləməmiş ölərsə, və ya çıxıb harasa gedərsə, gördüyü işi görən olmazsa…
***
Düşənənlər olar ki, ermənilər və havadarları ilə diplomatik, soyuq savaş gedir. Bu nə mövzudur? Bəlkə yeri deyil deyə də bilər kiməsə? Amma vallahi də, billahi də, elə indi yeridir. İnsanların yaxşı kadrların qədri indi bilinməlidir. Onlara dəyər indi verilməlidir. Bu qədər istedadlı orta və gənc nəsil adamlar, kadrlar işsizdir məmləkətdə. Niyə? Arxası yoxdur, kiminsə nəyisə, yəni əqrəbası deyil. Odur ki, bu qədər aparılan islahat işi üstündən xeyli keçməsinə rəğmən lazımi və ya gözlənilən effekti vermir. Ölkə təcrübə labaratoriyasını xatırladır. Bu gəldi filan elədi, alınmadı, indi də o biri gəlsin…
…Bəli, bu da normal sayıla bilərdi. Ancaq o halda ki, tam rahat bir rejimdə yaşayardı adamlar. Kimsə rahat, firavan grünmür ölkədə. Əksəriyyət psixoloji, maddi, mənəvi sarsınti içindədir. Odur ki, məsələn, bir TV kanalına iki həftəyə iki arxalını qoyub, effek görməyəndə üçüncüsünü təyin eləməyə vadar oldular. Əslində bu sahədə işini bilən, zəhməti ilə qazanan, istedadlı, peşəkar, dövlətin informasiya siyasətindən heç olmasa anlayışı olan biri elə ilk gündən də təyinat ala bilərdi. Bu sadəcə bir epizoddur. Media sektorundan misal gətirdim ki, kimsə irad tutmasın, sənin sektorun yaxşı vəziyyətdədirmi, deyə?!
…Digər sahələrə diqqət edin. Məsələn səhiyyə, iki gənc və yeni təyinatlı baş həkim artıq məhbəsdədir. Bu islahatın effektiv nəticəli olmaması deməkdir. Təyinat aldığı sahə.və mövcud iş sistemi xaricdə təhsil alan, bəlkə də həkim kimi daha böyük prespektivi ola biləsi iki kadrın gələcəyin necə deyərlər həll etdi. Niyə? Çünki baş nə qədər istedadlı, ağıllı, bacarıqlı olur olsun. Bədən ondan aldığı siqnallara adekvat deyilsə, heç bir irəliləyişdən söhbət gedə bilməz. Odur ki, bu gün təkcə başda otuanlar deyil, dövlət qurumlarında həm də kabinetlərdə oturan çoxlu sayda arxalı və yaramayan kadrların islahatına start verilməlidir. Özün də bu ədalət prinsipi ilə aparılmalıdır. Kimisə kiməsə tapşırmaq və ya əlinə siyahı vermək lazım deyil ki, o qalacaq, bu gedəcək, ya da tərsinə, bu qalacaq o gedəcək. Sahəsi üzrə ehtiyac duyulan hər kəs qalmalı, fəaliyyətsiz hər kəs yeniləri ilə əvəzlənməlidir.
Buna ölkənin kadroloji imkanları yoxdurmu? Var, həm də yetəri qədər bulaşmamış, çirklənməmiş, zəhmətkeş və təmiz adamları, kadrları var ölkənin. Onlarda olmayan bircə dostluq, qohumluq əlaqələridir. Odur ki, ölkənin təkcə oleqarx məmurlardan yox həm də arxalı, qohumlu məmurcuqlardan təmizləmək üçün islahat lazımdır. Qohumluq, dostluq əlaqələrinin prioritet olması ölkəni başqa problemlərdən az geri salmır, bu dəqiqdir. Eyni zamanda imkan verilməlidir ki, dövlətin ali rəhbərliyinə normal, dürüst, kimləsə əlaqəsi olmayan, qohumluğu olmayan, vicdanlı adamların, savadlı, zəhmətkeş kadrların da təqdimatı edilsin. Bu olarsa bəlkə bir kabinetdə oturan on iki adamdan heç olmasa onu çalışar. Bu isə ümumi işə də, konkret sektora da, ölkə və dövlətə də fayda verə bilər. Bu qədər dedi-qoduçu, dodağından söz tökülən, kartateka yığan məmur sayı da azalar bəlkə ölkədə…
Jalə Mütəllimova.
10.06.2021.