Sosial şəbəkələr günümüzün ən vacib və hesablanması mümkün olmayan sürətlə xəbər tirajlayan vacib təbliğat vasitəsinə çevrilməkdədir.

Burada istədiyini bölüşərsən. İstədiyin mövzuda susarsan. İstədiyin istiqamətə böyük bir kütləni yönəldə bilərsən. İyunun 15-i bütün sosial şəbəkələrin Azərbaycan və Türkiyə siqmentində türk dünyasının gələcəyi müzakirə mövzusu idi. Bu təkcə iki qonşu və qardaş dövlətin vətəndaşlarına aid müzakirə deyildi. Cənubi Qafqazın digər ölkələri və regionda maraqlağı olan, Qərb, Avropa, yaxın qonşular, İran, Gürcüstan, Rusiyanın belə diqqəti Azərbaycanda idi.

 

Sirr deyil, regionda Ermənistanın və havadarlarının marağına uyğun olmayan hadisələr baş verir. Daha dəqiqi marağına uyğun olmayan yox, hikkə göstərdiyi, qəbul etmək istəmədiyi şeylər olur. Buna görə Xankəndidə yaşayan və rus sülhməramlılarına sığınan bir ovuc erməninin, habelə Ermənistan Xarici İşlər Nazirliyinin dünən yaydığı iki bəyanat məntiqsiz olduğu qədər, mənasız və gülməli idi. Onlar dünya birliyini Ərdoğanın Azərbaycan və Qarabağ səfərinə etiraza çağırdı. Ancaq unutdu ki, Türkiyə lideri Azərbaycana NATO tədbirindən və regiona dair geniş müzakirələrdən sonra gəldi. Bu hər kəsin durumdan məmnunluq göstəricisi idi. Hətta bu məmnunluğun olmayacağına ümidvar olanlar da, baş verənləri qəbullandı, müsbət qarşıladı, necə deyərlər gələcək proseslərdə öz yerini tutmaq üçün jestini etdi, razılığını verdi. Ancaq iyunun 15-də bütün əngəllərə, maneələrə rəğmən bütövlükdə türk dünyası, Cənubi Qafqaz bölgəsi və onun gələcəyi, habelə Türkiyə-Azərbaycan münasibətlərində növbəti iki yüz ilin taleyi həll olundu. Daha dəqiqi region, regionda maraqlı olan yaxın uzaq qonşular, habelə cərəyan edəcək hadisələrin əsas dövlətlər, Türkiyə və Azərbaycan üçün uğurlu prespektivinin qarantına imza atıldı. Dünya, region, türk dünyası, Azərbaycan və Türkiyə üçün yeni mərhələ başlandı. Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyənin Cümhur Başqanı Rəcəb Təyyib Ərdoğan arasında imzalanan Şuşa bəyannamısi, bu qarantın pasportu, sənədləşdirilən adı, gələcəyidir. İki türk lideri qarşıdakı iki yüz ildə yaşanacaqları bəyan etdilər. Beləcə,

 

-Bölgədə ortaq maraq kəsb edən strateji məsələlərdə qarşılıqlı əməkdaşlıq ediləcək;

 

-Türkiyə SİHA-ların Azərbaycanda istehsalı, habelə ölkənin  müdafiə sənayesi inkişafı nəzərdə tutulur;

 

-Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizi dəstəklənir;

 

-Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün Rusiyanın da içində olduğu bir proses başlayır (Zəruri xatırlatma: Prezident Ərdoğan dedi ki, bütün bu işlər böyüt bir zəhmət və fədakarlıqdır, sayın Putin bu fədakarlığın altına girməyi bacarmalıdır);

 

-Tərəflərdən hər hansının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə toxunularsa, birgə məsləhətləşmələr və əməkdaşlıq ediləcək;

-Ordu islahatlar, müasir tələblərə uyğun ordu quruculuğu sahəsində də əməkdaşlıq baş tutacaq;

-Hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm müzakirələr keçiriləcək;

-Milli iqtisadiyyatın inkişafı da əsas proritetlərdən sayılır;

-Şuşada Türkiyə Konsulluğunun yaradılması planlaşdırılır;

-Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadəsi də müzakirə mövzusudur.

-Azərbaycan-Türkiyə Media Platformaları arasında informasiya mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi də vacib məsələlərdən sayılır.

Azərbaycan Prezidentinin 15 iyun, milli dirçəliş günü, Şuşa çıxında, bir də ona işarə etdi ki,  Şuşa bəyannaməsi, tarixi Qars müqaviləsinə söykənir və hətta onun davamıdır. Əgər Qars müqaviləsində Naxçıvanın təhlükəsizliyi təminat altına alınmışdısa, Şuşa bəyannaməsində  regionun və region dövlətlərinin gələcəyi qarantiya altına alınır. Xüsusən Azərbaycan və Türkiyənin.

Yeri gəlmişkən, Türkiyə Prezidenti imzalanmış sənəddən çıxış edərək bir vacib məqamı vurğuladı. Dedi ki, buradan Ermənistana da bəlkə son dəfə bir xoş niyyətli əl uzanır. Qəbul edilərsə, Cənubi Qafqazda region altılığı barədə düşünmək mümkün olacaq. Qəbul edilməzsə, Ermənistanın perespektivi real təhlükə ilə üz-üzədir.

Fəxr ediləsi günlər yaşanır. Sevinc qəhəri gətirən anlardır. Həm də bütün türk dünyasına tövhədir, ismarıcdır. Gələcək nəsillərin, türklərin, osmanlıların, oğuzların, bu ərazilərdə dövlət və xalq olaraq varlığını sığortalayan fədakarlığın, böyük qurbanların nəticəsidir. Təbii ki, sağ olsun qətiyyət göstərən lider, var olsun, əsgər, qazi! Və…haqqını halal et ŞƏHİDİM! Ən çox sənin haqqın, fədakarlığının nəticəsidir ŞUŞA BƏYANNAMƏSİ!..

 

Jalə Mütəllimova

16.06.2021.