““Fulya haqda niyə film çəkilir” sualı mübahisə predmeti ola bilməz. Amma “niyə bizdə olan reportyorlara yaxşı şərait yaradılmır, niyə mediamız ümumən asılı və fərsizdir, yaxud bizdə niyə yaxşı hərbi reportyorlar yetişmir” sualları üçün müzakirə həmişə açıqdır. Mən eyni zamanda üzdə olan yaxşı reportyorlarımıza dəyər verilməsi kimi haqlı istəyi, müstəqillik dövrü mətbuat tariximizdə iz qoyan Nəcəf Nəcəfov, Elmar Hüseynov, Çingiz və Vahid Mustafayevlər, Salatın Əsgərova və sair jurnalist-reportyorlarımız haqda film çəkilməsi ideyasını təqdir edirəm. Jurnalistikamızın indiki acınacaqlı durumunun ekranlara çıxarılması zərurətini deyənləri, büdcədən hər hansı film üçün vəsait ayrılarkən ictimai rəyin nəzərə alınmasını vacib sayanları da haqlı hesab edirəm”.
Qeyd olunan fikirlərin müəllifi isə ölkədə media sahəsində tanınmış mütəxəsislərdən, professor Qulu Məhərrəmlidir. Bu təxminən hamı haqlıdır deməkdir.
Kimdir Fülya Öztürk. O, Azərbaycanın 44 günlük ikinci vətən savaşını işıqlandıran türkiyəli müxbir, “CNN türk” əməkdaşıdır. Neçə gündür haqqında çəkiləcək sənədli film yerli həmkarlarının qıcığına səbəb olub. Əslində bu qıcıq son dərəcə həssas dönəmini yaşayan media cameəsində gözlənilən idi. Bu mənada prosesi düşünülmüş qara piar da hesab edən var.
İrad və tənqidində səmimi olanlar isə azərbaycanlı jurnalistlərə yaxşı münasibət göstərilməməsindən, ümumiyyətlə, ölkədə media sektorunun bərbad durumda olmasından danışır. Səslənən fikirlər arasında haqlıları da var. Məsələn, Azərbaycan mediası bu savaşda iki şəhid verdi. Bunacan da şəhidlər verib. Ancaq sevilmədi, dəstəklənmədi, əzildi, alçaldıldı milli media. Bəli, hər bir azərbaycanlı jurnalistin həm də şərəf məsələsi, vətənə borcu, peşə borcu idi bu savaşı işıqlandırmaq. Amma və düzü xidmət göstərən hər kəs istəyir ki, vətən də onun qeydinə qalsın, qədrini bilsin. Yəni qarşılıqlı olsun bu sevgi. Düzü indi media sektorunda təxminən o məhşur mahnının sözlərindəki kimidir durum, “səni sevəcəyəm, sən sevməsən də”…İndi hədəfdə qardaş Türkiyənin müxbiri olsa da, azərbaycanlı jurnalist o həddədir ki, məsələnin siyasi tərəfinin mahiyyətini düşünə bilmir. Bu çox eybəcər mənzərədir. Pis təəssürat yaradır milli media haqda yuxarı kürsülərdən baxanda. Zatən kimlərəsə məhz bu lazım. İndi nəticə bu ki, “biz bu sürü təfəkkürlü jurnalistlərlə nəyəsə nail ola bilmərik”. Yeri gəlmişkən, bu durumda çoxlu qurunun oduna, az sayda yaşlar da yanır. İndi gəlin bir anlığına onu da düşünək ki, sözü hara desən fırlada bilən, başçı bu ordu, bir azdan tam ayağa qaldırılacaq və sözü bir ünvana deyəcək. Bu konkret dairədə oturanlara mütləq lazımdır, amma nə jurnalistə, nə dövlətə, nə də millətə lazım deyil.
Bu arada bir neçə media quruluş rəhbəri çıxışlaların bir çox jurnalistlərin nəinki ölkədə, ümumiyyətlə, Bakı şəhərində tanınmadığına rişğəndlə reaksiya verdi bu günlərdə. Ancaq bu həm təsdiqdir. Əslində rəhbərləri çox sakit tərzdə o aqressiv jurnalistlərin haqlı olduğunu təsdiqlədi. Yəni burada bizim jurnalistə də işləməyə imkan, avadanlıq verilsə idi, fikir azadlığı, tabular mövcud olmasa idi, bəlkə də onlarla Fülya yetişərdi Azərbaycanda. Çünki məmləkət insanı istedadlıdır. Ona öz istedadını göstərməyə meydan yoxdur amma. Odur ki, çoxu mənfi istiqamətə yönəlir, ölkənin media sektorunda hansı materialda desən adam var. Hara gəldi çalışan müxbirlə doludur sektor.
Bu arada istedadlarla bağlı bir qısa haşiyə də çıxmaq olar. Məsələn, dəhşətli cinayətləri törədən, icra edənlərin çoxu əslində istedadlı, bacarıqlı, amma düzgün yönəldilməmiş həyat yaşayanlardır.  Azərbaycan media nümayəndələrinin hirsi də türkiyəli həmkarlarına deyildi əslində. Onların iradı və hirsi media sektorundakı vəziyyətə idi. Onlar öz aralarında onlarla Fülya olduğunu gözəl bilir. Ancaq o kadrların ortaya çıxmasına ciddi maneələr olduğunun də fərqindədirlər.
Bu mənada Qulu Məhərrəmlinin dedikləri ilə mövqeyimiz tam uyğundur. Çalışdığı KIV və onun rəhbəri yaxşı jurnalistə şərait yaratmaq, arxa durmaq və onu sahiblənməyə borcludur. Ölkədə fəaliyyət göstərən böyük KİV-lərin gələcəyə daha peşəkar kadr yetişdirmək missiyası olmalıdır həm də. Bu təkcə sektora, dövlətə, xalqa deyil, həm də o media quruluşunun özünün uzun illər var olmasını qarantiyə alacaq.
Bizim şəhid media admlarına gəlincə. Onlar şəhid olub, həyatdan getməsəydi, bu günki qədər tanınmayacaqdılar. Yəni ölkədə media sektorunda vəziyyət o qədər ağır ki, ölməsən səni dövlət, sektor, ölkə və dünya tanımır. Yəni bir azərbaycanlı jurnalistin indilik tanınmaq, dünyəvi olmaq, filmlik adama çevrilmək üçün bircə çıxış yolu var, o da ölməkdir. Gərək öləsən ki, səni haralarasa təqdim edələr, ailənə kompensasiya ayrıla, borclarının bağlanmasına dövlət dəstəyi alasan, haqqında iki-üç ağlamalı yazı, iki-üç də ağlamalı portret-film çəkələr, vəssalam.  Bu hadisələrdə azərbaycanlı jurnalist əslində demək istədi ki, məni bir dəfə də diri ikən təqdim edin, haqqımda diriykən film çəkin, məni də görün və sair… Və bu çox haqlı istəkdir, təbiidir…Amma təəssüf ki, bu təbii olanın üzərindən də düşünülmüş oyun oynadılar sektora baş olmaq istəyən bəziləri. Media sektorunda baş olmaq istəyən tərəfləri yəqin ki, sadalamağa lüzum yoxdur…
***
…Və…
…Məhərrəmlə Sirac şəhid olmasaydı, missiyaları haqda altı ay susanlar, mıqqır da çıxarası deyildi.
Məhərrəmin də, Siracın da evi, qazancı göz qabağında, amma onlar ciddi bir layihənin icraçıları idi.
Məhərrəmin də, Siracın da maaşı bərbad idi.
Məhərrəmin və Siracın əlində sadə kameralar var idi. Xarici müəlliflər bəzi hallarda bizim medianın texniki imkanlarına gülürdülər.
Biz müxbirləri söyürdük, canlı yayım vermədiklərindən yana. Amma…
…Azərbaycan KIV-lərində, hadisə yerindən canlı efirə çıxmaq üçün bir əlin beş barmağından da az sayda, dəyəri azı on beş min ABŞ dolları olan, əldə daşınan efir avadanlığı var.
Bizim müxbirlərə müharibədə belə tabular vardı, xarici müxbirlərə yox idi.
Bizim müxbirlərin minimum əməkhaqqı MEDIA-nın yeni tətbiq edəcəyi qaydalara görə 600 manat olacaq. Gəlin xaricilərin qonorarına, və uğurlu işə görə mükafatlarına baxaq.
Bizim mediada xüsusi xidməti olan jurnalistə, ancaq ölümündən sonra mükafat verilər, ailəsi ehtiyacdan başqa cür qurtulmaz. Xaricilər bu mükafatları həyatdaykən, stimul üçün alır, daha yaxşı davam etsinlər deyə.
Yəni azərbaycanlı jurnalistlər prosesi qınayır. Hər şey bu qədər sadə və bəsitdir yəni…
Jalə Mütəllimova
22.06.2021.