Medianı yavaş-yavaş silkələyirlər. Palazın altında nə var-nə yox, asta-asta üzə çıxmaqdadır. Komandalar, qruplar, hətta gələcəyə kimlərlə gediləcəyinə dair konturlar görünməkdədir. Düzdü bəzi təcrübələr də aparıldı, amma aydın oldu ki, ciddi media başqa şeydir və hər adamın bacaracağı iş deyil.
…Məsələn, bir müddət qısa ətək, dar balaq və xarici dil üstünlükləri olanlardan ibarət yeni media qurmağa çalışdılar. Yaxşı mənzərə idi əslində. Avropa mediası ilə libas eyniliyi. Yəni sektora nabələdlər bir libasla Apropaya hopp eləmək istədi. Amma qısa zaman kəsiyində aydın oldu ki, o libas və xarici dil, indi yox, gələcək üçün gərəklidir. Indi xarici dil bilən media adamları xəbəri xaricə daşımaq üçün bircə qrup olsa, yetərlidir. O da elə adamlar ki, o xarici mediaya çıxışları olsun. Bunun belə əsasən yazılı mediada konturlar var, demək olar.
Bu arada 44 günlük vətən savaşında xarici media quruluşlarının, Azərbaycan KIV-lərinə istinadlarının miqdarı qənaətbəxş deyildi. Bəzi məlumatlarda bildirilir ki, CNN, Al Jazzira, BBC, “Ria Novosti”, “Anadolu” Ajansı, NTV kimi dünyada tanınan KİV-lər Azərbaycanda fəaliyyət göstərən  “APA”, “Trend”, “Azərtac”, “Reporta” kimi yerli media quruluşlarına istinadən müharibə xəbərlərini yayıb. MDB mediasına isə vesti.az, haqqın.az, 1news.az, minval.az-a müəyyən istinadlar olub. Amma məlumata bir əlavəm var. Bu istinadlar hiss olunacaq qədər deyidi, qənaətbəxş sayılmır. Və bu artıq Azərbaycan KIV-lərinin yox, xəbəri tirajlayan xarici KIV-lərin, onların aid olduqları dairələrin Azərbaycana münasibəti məsələsi, göstəricisidir.
Savaşın informasiya işi belə quruldu: Beynəlxalq media məkanına çıxışımız əsasən Türkiyə üzərindən, ancaq Türkiyə türkcəsində və ancaq türk jurnalistlərlə təşkil olundu. Azərbaycandan yalnız dövlət başçısı, siyasi fəaliyyəti dönəmində, özünün də etiraf etdiyi kimi vermədiyi qədər müsahibə verdi. Düşünülmüş, dəqiq informasiyalarla zəngin və hədəfləri bəlli müsahibələr. Azərbaycanda, müharibə zonası olmayan ərazilərdə ermənilərin törətdiyi qanlı terror hadisələri belə, məhz türk kanalları və mediası üzərindən son dərəcə sürətlə yayılmaqdaydı.
Maraqlı olanı bu ki, Azərbaycan daxilində böyük media quruluşları bölgədən daha çox gecikmiş reportaj verdi. Iki-üç telereportyor və sayt əməkdaşı ilə yadda qaldı. Yerli jurnalistlər öz efirlərində canlı bağlantıya girə bilmədi. Bu ya texniki qüsur idi, ya da “ustanovka” gözlədilər. Üstəlik döyüş bölgələrinə bəzən elə jurnalistlər buraxıldı ki, o vurhavurda, güc strukturları, onların əməlindən peşəkar dildə desək, birinci həyəcan siqnalı ilə ayağa durmalı oldu. Beləcə ortada yaranan mənzərə bu oldu. Əsasən qeyri-peşəkarlardan ibarət Azərbaycan mediası və peşəkar xaricilər, qardaş Türkiyədən olan dostlarımız, həmkarlarımız.
Bunu niyə yazmalı oldum. Dünəndən hər kəs bir filmə türk demiş takılıb. CNN türk kanalının əməkdaşı, həmkarım Fülya Öztürkün haqqında çəkilən müsahibə-filmə. Türkiyəli jurnalist sevgili Fülya haqda səs-küy qopduğunu görüb də o film-müsahibəyə baxdım. Əladır. Hətta superdir. Mənə ən maraqlı xəbər, CNN-də Azərbaycan kökənli bu zərif qızın çalışması oldu. Ona görə ən maraqlı ki, digər dedikləri ona dəhşətli və ya maraqlı gəlsə də biz düz otuz ildir bu dəhşəti hər gün yaşayırıq. Fülya deyir qorxdum, yoruldum, pis oldum, amma geri dura bilmirdim…
…Əminəm bu mütləq gendir, kökdən bağlılıqdır. Dayısının ona deməsinin nəticəsidir ki, biz əslən azərbaycanlıyıq. Çox sağ ol Fülyacım…
…Indi üzümü özümüzünkülərə tuturam. Orada döyüşən, əziyyət çəkən, çəkdiyi kadrlar dünya KIV-lərində dolaşan azərbaycanlı jurnalistləri unutmayın. Hamısı haqda ümumiləşdirilmiş bir film çəkin, tarix üçün. Gözləməyin ki, hansısa mütləq Sirac olsun, Məhərrəm olsun…Şəhid olsun, ölsün yəni. Və sonra siz nekroloq yazıb, veriliş, film çəkib, dövlət başçısına təqdimat edəsiniz. O da ölümündən sonra tanısın ölkəsinin şərəfli, əqidəli, əxlaqlı, lakin şüurlu şəkildə biədəb vəziyyətə salınmış və öz aranızda bəzilərinizin “kəntalı” adlandırdığı milli media adamlarının lazım olarsa ölkəsi, dövləti, xalqı üçün ölməyi də bacardığını. Yeri gəlmişkən, fizioloji və mənəvi “kəntalılıq” arasında böyük fərq var. Birinci ehtiyac və zəhmətkeşlik göstəricisidir. Ikincini üstdən para bəzəyər, içi boş olar. Nə mutlu birincidən olana…
…Odur ki, bəylər, lütfən, ədalətli olun, mükafatlarını ölümündən sonra təqdim etməyin peşəkar jurnalistlərə. Sağlığında, canı üstündə olanda dəyər verin adamlara, peşəkarlara, hamının basdırmaq istədiyi kəslərə. Bir dəfə də başı dik, qürurlu, məğrur göstərin bu sektorun simalarını. Bir dəfə də onca əzabla bu peşəni çiynində sürüyən öz fülyalarınıza sayğı, sevgi, diqqət, hörmət edin. Çünki hələ də yük onlardadır. Para, poat, rıçaq, təqdimaq etmək imkanı sizdə.
Fülyaya gəlincə, bu zərif qız niyə bu qədər sevildiyi halda, həm də hədəf oldu? Niyə Fülya üzərindən ifadə edildi etirazlar?
1. Azərbaycanda, media sektorunda ciddi etimadsızlıq və qruplaşmalar mövcuddur.
2.Hələ ötənlərdən milli medianı “vurmaq” üçün qurulan sistem işləyir.
3.Ölkədə media sektorunu hərə bir tərəfə dartır. Konkretləşdirsək, PA-da baş kürsü boşdur. Sektorda xaos yaşanır.
4.Mövcud milli media simaları qənaətbəxş sayılmır. Bəzisi xarici görünüşünə, bəzisi etiketləri bilməməsinə, bəzisi informasiya bazasının zəngin olmamasına, bəzisi haralarasa işləməyə, bəzisi xarici dil bilməməyə, bəzisi doğurdan da jurnalist adına ləkə olmasına görə.
5.Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sektorunda da milli və peşəkar olanlar, gələcəyə yeni nəsil media simaları yetişdirməyə, onlara milli ruhu anlatmağa çalışanlar sürətlə maddi və mənəvi məhvə məhkumdur.
6.Sektorda vəziyyətin yaxşılaşdırılmasına yönəlik maliyyə vəsaiti üstündə ciddi qovğalar var. Bu qovğalarda istər aşağıda, istər yuxarıda mübahisə aparanların çoxunu dövlət və milli maraqlar ilgiləndirmir. Ilgiləndirsəydi, gələcəyi var edəcək ağrılı mövzular tabu olmazdı. Məsələn, NEXTA Teleqramın sabiq rəhbərinin verdiyi ifadələrlə, onun Azərbaycanda fəaliyyətdə olan KIV orqanları, Mikraskop, Meduza media quruluşları araşdırılardı.
…Çox şey sadalamaq olardı. Amma söhbət uzanacaq. Deməm o ki, Azərbaycan jurnalistikası da elə Qarabağa bənzəyir.
Qarabağ qədər əzildi!
Qarabağ kimi illərlə işğalda qaldı!
Qarabağ kimi uğrunda nə qədər söz adamı şəhid oldu!
Indi Qarabağ kimi təkrar azad olub. Onu bir işğalçıdan qurtarıb, bir neçə işğalçıyla bölmək prosesini gərəkdir ki, bir dəmir yumruq durdura. Ya olum, ya ölüm, başqa yol, yox artıq…
Jalə Mütəllimova
19.06.2021.