Nə KIVDF, nə MEDIA müdafiəçisiyəm. Amma bu ikisi arasında fərqləri yazmağı lazım bilirəm.
KIVDF pul yeyirdi, MEDIA hələ ki, əməlli maliyə tapa bilmir…
KIVDF tikinti materialı oğurlayırdı, bina sakinlərinin ödədiyi kommunal xərcləri yeyirdi. MEDIA Prezidentin jurnalistlərə tikdirdiyi üçüncü binanı bəzi qurumlardan rüşvətsiz və ya şapka vermədən təhvil ala bilmir, ciddi inşaat qüsurları varmış binada…Sual olunur əvvəlki iki bina çoxmu mükəmməldir? Məsələn, soyuq su xətti üçün nəzərdə tutulan borunu, isti su üçün də qoymaq inşaat qaydalarına çoxmu uyarlıdır?
KIVDF bir qrupa ağalıq edirdi, MEDIA dostluq təklif edir hamıya…
KIVDF oleqarx, özündən razı, yekəxanalar yetişdirdi, MEDIA deyir ki, g əlin hamımız tən olaq, sadəcə münasibətlərdə ierarxiyanı qoruyaq…
KIVDF bir qrup formalaşdırmışdı, hər yerdə, hətta xarici səfərlərdə baş idilər. Gənc əməkdaşları doqqazı tanımırdı.
MEDIA deyir ki, qanuni maaş ver hər kəsə, minimal məbləğ 600 manat olsun…
KIVDF jurnalistin hüquqlarını məhdudlaşdırırdı, MEDIA yeni təklifli qanun layihəsi işləyib…
KIVDF beş verib on yazırdı, MEDIA deyir ki, oğru olmayaq…
KIVDF-nin qapısına hamı əlidolu gedirdi, MEDIA deyir ki, ümumi işə güc sərf edin, başqa nəyəsə ehtiyac yoxdur…
KIVDF bir adamı saymırdı, hamı da dalıyc söyürdü, istisnasız, MEDIA hamını qəbul edir, dinləyir, tanış olur…
KIVDF peşəkarları iflic edirdi, MEDIA məsələn, SPACE TV-nin köhnə heyətinin demək olar doxsanların media adamlarının geridönüşünə maneə yaratmadı. Üstəlik özü Rüstəm Əbülfətoğluna, Natiq Məmmədliyə qucaq açıb. Hələ seminarlarındakı iştirakçıları, Əvəz Zeynallını, Şöhrəti Eldənizi, Ceyhun Musaoğlunu və sairləri demirəm. Hamısı üzə çıxarılıb. Bu adların peşəkarlığına şübhə edən varsa, adamlıqları şübhə altındadır…
KIVDF bir qrupla hər işi görürdü. Pis, ya yaxşı bunu zaman göstərəcək, MEDIA, dəstək verəcəyi KIV-lərin siyahısını bir qədər yeniləyib. Bunun belə qıcıq yaratması düzü normal hal deyil.
Hələ çox söz yazmaq olar. Məsələn, KIVDF-nin müsabiqələri və eyni qalibləri də yaddaşlardadır yəqin.
Bu arada MEDIA üçün ideal qurumdur demirəm, işləməsi mümkündür deyirəm. Islahata gəlincə minimum üç ildən sonra nəticə ola bilər. O da əgər PA-da media sektoru ilə bağlı posta təyinat tezləşdirilərsə. Və o təyin olunan adam, sektorda persona ola bilərsə, iradəsi, xarakteri varsa. Həmin rəhbər olmayana qədər sektorda xaos davam edəcək və MEDIA-nın özünə hücumlar səngiməyəcək. Daha da sərtləşəcək. Bəlkə o təyinat baş tutarsa sektorda ola-ola sayılmayan digər kadrlar da üzə çıxarılar.
Məsələn, tərəfsiz, və qərəzsiz, bizim kimi media adamları da bir layihə olar. Hələ başqa ümidlərim də var…
…Ümid edirəm Mətbuat gününə nəzərdə tutulan fəxri adlar, fəxri mükafatlar, yeni mənzillər də vicdanla bölünər…
Ümid edirəm Həsən bəy Zərdabinin qəbirüstü abidəsinin yenilənməsi məsələsi qaldırılar. Hətta təklifim də var. Araba ilə Türkiyəyə şirift dalıyca gedən ədibin elə bu cür abidə-kompleksi qurula bilər məzarı üstündə…
***
Bu arada MEDIA-nın müsabiqə siyahısında adını gördüyüm hər kəsə uğur diləyirəm. Vicdan hissinizi pul üstələməsin. Hikkəsiz yazın, heç nəyi fərdiləşdirməyin. Hətta haqsızlığın ən böyüyünə rast gələndə də adil olun, əziz həmkarlar. Bu gün sizi bəyənməyənlərin hər birini zamanında heç kim saya salmayıb, bəyənməyib, dışlayıb. Odur ki, yola davam, həyat və mübarizə elə budur…
***
Hə, lap unutmuşdum, KIVDF-yə qorxudan mıqqır çıxaranmayanlar, MEDIA-ya hücum edir, söz deyir. Bu da o demək ki, ümid var. Və necə deyərlər, arıların yuvası “çöplənib”…
Jalə Mütəllimova
02.07.2021
Возможно, это изображение (Jalə Mütəllimova-Seyidli и в помещении)