Zərərçəkən: DÖVLƏT!..
Günəhkarlar:
-kağız-kağız oynayan məmur!..
-məsuliyyətsiz, səhiyyə!..
-səhlənkar, sosial xidmətlər!…
-medalyeyənlər!
Bu işlərdə məsul olan biri ilə durum haqda danışırdım. Qayıtdı ki, vətən borcudur, çox səs-küy nəyə lazım. Dedim tamam, onunki VƏTƏN borcudur, bəs səninki nədir, VƏTƏN borcu deyilmi, qazi qarşısında olan məsuliyyətlərin? Adam incidi və getdi. Mən də bu yazını yazmağı qərara aldım. Çünki VƏTƏN-ə tək QAZİ və ŞƏHİD yox, hamı borcludur. Qaziyə, şəhidə borclu deyənlər ikiqat borcludur. Və borcunu şərəflə yerinə yetirən hər kəs, hərbçi də, müəllim də, jurnalist də haqqı olanı almalıdır. Yəni ANA VƏTƏNdən diqqət, sevgi, sayğı görmək onun ən doğal haqqıdır. Heç kimin nə şəhidin, nə qazinin, nə əlilin kağız-kağız oynayan əhlikef məmurlara, səhiyyə cinayətləri tördənlərə, səhlənkar sosial xidmət rəhblərinə, medalyeyənlərə borcu yoxdur.
O döyüşən, şəhid olan, qazi olan, əlil olan balasına görə mənəvi şəhid olan anaları və ailələrinin də kimsəyə borcu yoxdur.
Hə, o da istisna deyil ki, bu müqəddəs adlardan və statuslarsan sui istifadə edənlər yoxdur. Amma bir neçə var olan, başqalarını da görməzdən gəlməyə haqq vermir.
Üstəlik biz bilməsək də yuxarıda hər kəs müharibə başlayacağından mütləq xəbərdar idi. Müharibə varsa, şəhid, əlil, itkin, qazi də olacaqdı.
Niyə bu işlərə hazırlıq, tədarük görülməyib?
Və ya doğurdanmı düşünülməyib?
Və ya düşünülübsə, hanı?
Bundan başqa, müharibə neçə aydır bitib, amma müharibə iştirakçıları ilə skandallar tükənmək bilmir. Şəhid ailəsi inciyir, qazi inciyir, əlil küsür. Bircə ovucdurlar, səsləri bir ümman kimi görünür. Çünki haqsız deyillər, haqlıdırlar.
Hara gedirlərsə, minnət görürlər. Lütfən, bəylər, bu adamlara, Pezident Adminstrasiyasından, Müdafiə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən minnət eləməyin.
Bakının mərkəzindən bir az uzağa partlamayan bir bomba düşmüşdü, hamının səsi batmışdı məmləkətdə. Bu adamlar o faciə və fəlakətləri 44 gün şəxsən yaşayıblar. Nə olur olsun, haqları ödənməli, razı salınmalıdırlar. Bu müəllif göstərişi deyil. Bu Ali Baş Komandan əmridir. Görünən o ki, çoxlu sayda itaətsizlik mövcuddur.
Kəsilmiş qol-qıçlarını ölçməyin bu insanların!
Əlillik dərəcələrini verin, orden, medallarını verin!
Təqaüdlərini verin!
Səhhətləri barədə sənədlərə yalan baza məlumat yazmayın!
Bu adamlar küçələrə tökülüb.
Yazıqdırlar!
Çarəsizdilər!
…Və bu vəziyyəti bəlkə də bilərəkdən yaradanlar var. Çünki məsələn, adını sadaladığım bütün dövlət qurumlarında iç qruplaşmaların olduğu sirr deyil. Məsələn, hələ də “AA” seryalı dövlət xidməti maşınları, Nəcməddin Sadıkovun şəhərin göbəyindəki villasına girib-çıxır. Bir aidiyyatı qurum maraqlanırmı ki, nəyi müzakirə edirlər?! Hələ də dövlətə qarşı nələrinsə planlandığı istisna deyil. Və bunun üçün müharibə qazisinin dövlətdən narazı qalıb, küçələrə tökülməsindən gözəl iş ola bilməz bəziləri üçün. Bəlkə məsələn, bir-iki briqadanın ümumiyyətlə, mükafatlardan kənarda qalması dövlət və hərbçilər arasında uçurum yaratmaq cəhdidir, kim bilir?!
Və ən qorxulusu bu problemlərin üzərinə frilans çalışan və ya xarici kəşfiyyat orqanları ilə əlbir olan, heç bir yerdə rəsmi ofisi, qeydiyyatı olmayanlar gedir, özlərinə jurnalist deyirlər. Hətta bir yeni “döyüşçü” jurnalist ordusu yetişdirə bilərlər məmləkətdə. Bəlkə haralardasa bunun konturları belə cizilib, hərəkətə belə keçilib. Bunu necə, fərq edən və araşdıran kimlər var gözəlim məmləkətdə? Hə, olar ki, deyərsiniz yazmısan, araşdır. Deyərəm ki, yetkim və səlahiyyətim yoxdur. Söylədiklərim sadəcə ipucu və ehtimallardır. Ciddi araşdırılmasına ehtiyac olan ipucu və ehtimallar. Azərbaycan əleyhinə qazilər üzərindən qara piar aparılmasına yol vermək olmaz. Heç olmasa “ustanovka” gözləyənlərə bu “ustanovkaları” verin cənablar. Beş-üç milli mənəviyyatı, ruhu olan imzanın, saytın və ya kasıb internet TV-nin həll edəcəyi iş deyil bu. Sizə, bizə, ölkəyə düşmən də baxır. Xarici kəşfiyyat da baxır. Sətir-sətir izləyirlər hər kəsi. Biz bu sosial partlayışdan, qazi “partlayışından” dövlət olaraq lal olarıq, kar qalarıq, çarəsiz duruma düşərik dünya və düşmən qarşısında. Bu bircə ovuc qazinin, şəhid yarısının səsini eşidin, haqqını verin. Qoymayın desinlər ki, kaş ailələrimiz qarşısında aciz durumda, şikəst qalınca, “bala sən döyüşməmisənmi, hanı medalın?” sualını eşidincə, elə ölərdik. Bəlkə ölsək ailələrimiz ağ günə çıxardı.
***
Bir də sözüm o qazi qardaşlaradır. Eşidirsinizmi, tək sizin hərb sahəsində deyil bu ədalətsizlik. Əmin olun, ölkədə bütün sektorlarda bu var. Məsələn, jurnalistikanın elə əməkdar “jurnalisti” var ki, qohumlarından başqa onu tanıyan yoxdur. Yələ yaxalarındakı orden medalları demirəm. Başları qarışıb medala, ikicə cümləlik yazı yazmayıblar ki, camaat oxuya. Məsələn, Türkiyədə, Adanada kababçı var ki, Qarabağ savaşından dolayı medal taxılıb döşünə, döyüşdə olan qazi var ki, medal üçün ağlayır. Gerçək vətən adamlarının başı həmişə dəsmallı, ağrılı olub qardaşlar!.. Bir də MN qarşısındakı o son aksiyanızda, yaralı qazimiz necə deyirdi?!. Hə, xatırladım:
– Nee-eee-yyy-n-əəə-kkk….VƏƏ-T-ƏƏ-NN s-aaa-ğğğ ooo-lll-sss-uuu-nnn!..
Vətəni sevənlərin həmişə dilini ağzında beləcə qurutmaq istəyiblər. Amma o, sürünə-sürünə, hərif-hərif də olsa VƏTƏN deyib, BAYRAQ deyib! Xalq olmaq budur, VƏTƏN sevmək budur!..
Amma noolar, bircə dəfə kimsə bu dili ağzında yanan vətən balalara desin ki, vətən də səni sevir, təqaüd verir, ad verir, medal verir, iş verir, dərdinlə maraqlanır, müalicə etdirir səni, bala, vətən də səni sevir.
Bunu deməmək insafsızlıqdır, Allah qatında suçdur. Hə, bu arada Allahı tanıyırsınız?!..
Jalə Mütəlliova
01.07.2021.
P.S. Bu arada, belə bir zəruri qeydə ehtiyac var bu yazı üçün. Dövlətin də, fondların da yardımları, müalicəyə göndərmələrinin statistikasın bilirəm Hətta bir yazım var bu haqda, çapa hazırlanır. Sizlər də bu diqqəti görməyənlərlə maraqlanın, mənə düz yazmamısan deməyə zaman sərf etməyin, çünki düz yazmışam.