Sertifikasiya rüsvayçılığı…
…Və ya biz qocalmaqdan niyə qorxuruq?..
Bizi qınayırlar ki, qocalığa gün ağlayan millətdirlər. Nə bilim, ömür boyu pul yığır, “kubik” alır, hasar hörür, kəfənpulu düzəldirlər. Düzdü ingilisin, almanın qocası altmış yaşdan sonra dünya turuna çıxır və gəzir. Ancaq bizdə məsələ, tərsinədir. Ona görə qınansaq da qocalığa gün ağlamağa çalışırıq. Amma indi sıravi adamlar üçün bu mümkün deyil. Bunu niyə yazdım? Gənc həmkarım  62 yaşlı anası səhiyyə sahəsi üzrə, tibb bacısı kimi sertifikasiya imtahanından kəsilib. Bu yeganə hal deyil təqaüdə üç, beş ayı qalan adamları belə sertifikasiya imtahanına cəlb edir və kəsirlər. Adamlar işdən də olur, təqaüddən də.
Həmkarımın anasına gəlincə, əslində qadının səhhəti də problemlidir. Məmuniyyətlə təqaüdə çıxar. Di gəl, yaşı təqaüdə düşmür. Indi iş verilməsin, təqaüdə çıxarılmasın, belə lap açıq soruşuram, bu adam ölənəcən nə yeyib, nə içməlidir, hörmətli hökumət?!.
Düzü əslində bu sertifikasiya yaxşı şeydir, hətta əladır. Amma onu məsələn bu qadının olayında Səhiyyə Nazirliyi nə qədər ədalətli keçirir? Və ümumiyyətlə, hansı benyəlxalq standartdan danışırıq, bizim o standarta uyğun məmurumuz və ya vətəndaşımız nə qədərdir?
Qardaşlar, bölgədə iki metr boyu, yüz kilo çəkisi olan, COVID pasportunu itirdiyi üçün ağlayan, otuz yaşlı cahil cavanlarımız var ki, texnoloji anlayışları yoxdur. Siz və biz gərəkdir ki, öncə o avrostandartda adam yetişdirək, onları savadlı edək ki, məsələn 62 yaşda sertfikasiyaya hazır olsunlar. Eyni zamanda alınmasa, keçə bilməsə təqaüdə yollayaq. Ancaq bizdə durum biabırçıdır, qaydalar uyumsuzdur. Və bu qədər uyumsuz situasiyada qoca adamlara əzab verməyin adı nədir a kişilər?!. Bir də siz bilirsinizmi, məmləkət belə qocalarla doludur. Təklif edirəm, dirəyin divara, güllələyin, məsələ bitsin. Onların da, sizin də, bizim də canımız qurtarsın. Bu günəcən sosial ödənişdən balanslarına yığılan pulları da nə təhərsə fırlayıb, oğurlayın büdcədən. Biz özümüzə niyə bu qədər amansızıq? Allah bizim bu lənət hikkə və nəfsimizi nə zaman qısır edəcək, bəlli deyil?!.
Ona görə də məmləkətdə hamı yaşı qırxı keçdimi, qorxur. Ölməkdən yox, qocalmaqdan qorxur. Çünki qocalmaq ölməkdən betər şeydir Azərbaycanda. Sertifikasiya ondan da yava şeydir. Bu qocaları sertifikasiya oyunundan uzaq tutun. Çox naxoş mənzərədir. Sistemi gəncləşdirmək istəyirsiniz, çox pakizə, MM-də məsələ qaldırın, təqaüd yaşını qanunla aşağı saldırın, çıxarın təqaüdə, hamı rahatlasın, ölməmişdən də təqaüdünü alsın. Sizlər də sosial fonda yığılıb qalan təqaüd yaşına çatmadan dünyadan köçənlərin hesabındakı pulları dövlətdən çırpışdırmağın yolunu düşünməyin, günah qazanmayın, vəssalam!
Hə, bir də bu yazının başlığı kimsəni təəccübləndirməsin. İndi bizim durumumuz fransızca deyil, sarscadır… Dolaşıq, qarışıq, yorucu. Lap səhiyyə sistemindəki sertifikasiya prosesi kimi…
Jalə Mütəllimova
13.08.2021
Возможно, это изображение (Jalə Mütəllimova-Seyidli)