Mingəçevir uşaqlığımın şəhəridir!
Mingəçevir həm də gənclər şəhəridir!
Mingəçevir Azərbaycanı ölüm selindən, sulu faciələrdən, qoruyan şəhər!
Minhgəçevir ölkənin bir nömrəli enerji paylayıcısı, istehsalçısıdır!
Mingəçevir həm də qazi şəhərdir!
Azərbaycanın Qərb bölgəsi, Qarabağı uğrunda qırx dörd günlük ikinci vətən savaşında, Ermənistan dövləti Mingəçevirin əhəmiyyətini bəzi azərbaycanlı yetkililərdən daha yaxşı anladığı üçün, şəhəri raket hədəfi etdi. Mingəçevir həm də ermənilərin törətdiyi müharibə cinayətlərinin hədəflərindən biri idi.
Yaralandı, silkələdi, amma düşməni istəyinə çatmağa qoymafı. Onlarla şəhidi, qazisi, ilə qəhrəman şəhər kimi Azərbaycan dövlətinin və Prezidentinin arxasında dayandı.
Təbii əslində ermənilərin müharibə cinayətinin hədəfi Mingəçevir SES idi. Azərbaycanın hava hücumundan müdafiəyə hazırlıqlı olması təkcə Mingəçevirdə baş verə biləcək müharibə cinayətinin yox, bütövlükdə ölkəni fəlakətdən qorudu.
Niyə yadıma düşdü bu şəhər və o qırx dörd gün?
Bir həftə içində iki yaxınımı məzara qoydum bu şəhərdə. Əksər qohumlarım yaşamaq üçün məhz o şəhəri seçib illər öncə. Mingəçevir mənə ikinci ana vətəndir. Həm də vətəndən bir parçadır. Onda iş yeri bol, qazanc, ruzi, bol, ailələrə, insanlara dəyər verilirdi. Düzü uzun fasilədən sonra bu səfər bir ilk idi mənim üçün. Amma gördüklərim qane eləmədi. Çox məyusam. Şəki və Gəncə kimi inkişaf eləmiş qonşularına baxanda, Mingəçevir qocalıb, əldən düşüb, kasıblaşıb və cılızlaşıb. Hələ qaranlığa düşdünmü, Mingəçevir-Yevlax yolunda dar yolu gedirsənsə heç nə. Allaha dua, o yol bitənəcən dilindən əksik olmamalı. Anlayacağınız işıqlar şəhirinin yolları şami-qəribandır. Ciddi “qənaət” edirlər işığa, amma bu qəza vəziyyəti yaratmaqdan başqa heç bir “xeyir” vermir. Ölkədə yolu “yeyirlər”, asfaltı “yeyirlər”, demək ki, işığı da “yeyirlər”. Ha tut, ha işdən çıxar bitmir ki, bitmir, “yeyənlərin” məmləkətim. Səni elə “yeyirlər”…
Hələ işsizliyi demirəm. Salam verdiyin, üç adamdan az ikisi işsizəm deyir.
Mən uşaqlığımın, gəncliyimin şəhərinin, varlı və onun işığı sayəsində gözəl görünən qonşularından çirkin olmasına təəssüfləndim, özü də xeyli. Bu qısa təəssüratı yazmaqda məqsədimsə o ki, qazi, qəhrəman və işıqlar şəhəri ilə bağlı, bəlkə tərpənib tədbir alan oldu. Bəlkə ölkənin işıq, enerji mənbəyinə əl uzadıb onun əvvəlki gözəlliyini, qüdrətini qaytaran oldu özünə. Yoxsa Kür qırağında iki-üç restoran, otel, saray ucaltmaqla, gözəllik olmaz, atam balası. Mingəçevir bir əl istəyir. Bəlkə də dövlət babaya deyir ki, MIN-GƏ(L)-Çevir!
Jalə Mütəllimova
Bakı-Mingəçevir-Bakı
03.11.2021.