Bakının Şüvəlan kəndi digər kəndlərdən fərqlidir. Təkcə Mirmövsüm ağa ziyarətgahına görə ancaq Bakının deyil, ölkənin və dünyanın gerçək iman adamlarının ibadət, ziyarətgah bildiyi məkandır. Hətta həcc ziyarətinə getməzdən öncə, dünyada ziyarət olunası, ən önəmli, on müsəlman ocağından biri bu kənddə yerləşir. Bu kənd, ora-bura çalışan, adına da dindar deyən mollabaşların qəbul edilmədiyi kənddir.
Daha bir vacib məqam, Azərbaycanın dövlət başçısının, dövlətə aid rəsmi iqamətkahlarından biri məhz bu kəndd yerləşir. Dünən baxıram, toy karvanı təşkil olunub Şüvəlanda. Adını da dini toy karvanı qoyublar. Dövlət də saxlayıb və cəzalandırıb. Hərdən məni təəcübləndirən verilən niyə sualıdır?!
Bəzən də deyirlər mərsiyyə deyən döyüşçü də vardı qırx dörd günlük savaşda, niyə onda dinmədik?
Deyim niyə?
Babam din adamı idi. Yanında böyüdüyümdən bəzi incəlikləri ondan “oğurlamışam”. O, quranı da, mərsiyyəni də, azanı da muğam üstündə oxuyardı, Azərbaycan ladında. Gözəl səsi vardı. Ancaq indi bəzi mollaşabların oxuduğu mərsiyyələr, avazlı quran ayələri, azan, sinə vurmaq üçün əl hərəkəti belə Azərbaycana və azərbaycanlı ladında deyil.
Dahası da var…
Ölkə əsirlərdir, hətta sovetlər dönəmində belə imanından imtina etmədi. llərdir inanclı adamlar var ölkədə. Hələ dərviş toyları, dini toylar belə var ölkədə. Başlarını aşağı salıb mərasim, məclislərini edirlər. Sadə adam kimi. Niyə bu karvanlar yox idi? Niyə məhz indi baş qaldırıblar? Özü də dünyada islam və ölkədə inanclılar üçün vacib sayılan bir Bakı kəndində, dövlətin rəsmi iqamətgahı olan çevrədə?! Kimə, nəyə, kimə görə, hansı sifarişlə meydan oxuyurlar?
Mən imansız, yırtıcı və təkəbbürlü biri deyiləm. Bütün növ azadlıqlardan yanayam. Imanım da, inancım da, dövlətçilik əqidəm də yerindədir.
Amma ricam da var, bu məsələlərdə sərhədləri qarışdırmayaq. Incə və təhlükəli mövzudur. Hesab edin xəncər tiyəsindəyik. Xüsusən ictimai yükü olan adamlar, diqqətli olmalı. Çünki dövlətə və millətə “çox pis əsdirərik ölkəni” düz iman yerinizin, paytaxtınızın tən ortasından deyirlər.
Bir də din siyasətdən ayrıdır deyirlər bəzən. Elə bu deyimin özü də bir siyasətdir. Dini radikalizmi, təriqət və məzhəbçiliyi dövlət siyasəti olan qonum-qonşularımız da yox deyil.
Və unutmayaq, əsirlərlə heç nəylə bölünməyən dünyanı, dinlərlə əvvəlcə,
…ölkələrə, xalqlara bölüblər.
…Sonra məzhəblərə.
…Sonra təriqətlərə.
…Sonra sektalara.
…Sonra məqsədli xeyriyyəçilərə.
…Sonra din uğrunda mühatibələr başladılıb.
…Sonra din üzərindən müharibələr.
Davamı da var:
– Dinə bağlı terror təşkilatları qurdular
-Terrorlar törətdilər
– Kütləvi, milli, etnik qırğınlar reallaşdırdılar
Bəlkə də din siyasət olmamalı idi. Amma ən böyük siyasət oldu. Odur ki, “din”, din və onların darları, yəni “dindarları” və dindarlarla bağlı məsələdə, sərhədləri dəqiq bəlirləmək, ağzından çıxan hər bir sözü dəqiq hesablamaq gərəkir. Yaxşı məlumatlı olmaq da mühim şərtdir. Dövlət xəttini görmək, anlamaq, ona görə davranmaq mühimdir. Dövlət adı gələndə içindəki bütün xıltları kənara itələməyi hamı bacarmalı. Dövlət fərdi intriqalar, maraqlardan alidir. Və xalqının mövqeyindən çıxış etmək, ən mühim şərtdir.
Bunu da unutmayaq. Dünyada heç bir peşəkar tərəfsiz deyil. Ən hörmətli peşəkarlarsa, dövlətinə və millətinə sadiq olanlar, onu sevən, təəssübünü çəkənlərdir.
Peşəkar olaq!
Dövlətçi olaq!
Xalqımızı və millətimizi sevək!
Sevgi ən böyük iman, inamdır, dindir. Sevgi Allaha aparan yoldur. Amma bir ovuc “mollanın” dini toy karvanı yüz faiz o Allah yolundan, o sevgidən keçmir. Kiminsə maraqlarından, bəlkə cüzdanından keçir.
Hə, ədalət üçün bunu da deyim. Ola bilər çoxunu, alət edildiyini anlamağa, cahilliyi imkan vermir. Odur ki, Azərbaycan və onun gəncliyini bu yola sürükləyən bütün məqsədlərə, sadəcə lənət olsun, vəssalam!
Jalə Mütəllimova
26.10.2021.
Возможно, это изображение (один или несколько человек, люди стоят, на открытом воздухе и памятник)