Yüz ildir müstəqilik. Özü də savaşa-savaşa. Bizə müharibə edəndə də hücumdan yana olmadıq. Mədəniyyət, siyasət dili ilə savaşmağı seçdik. Sonra babalarımız, ulularımız, müqəddəslərimiz dedi ki…
…Savaşın, sizə qarşı savaşanlarla savaşın!
…Savaşın, evinizi, dövlətinizi sarsıdanlarla, savaşın!
….Savaşın, sizi yox etmək istəyənlərlə, savaşın!
…Savaşın, qadın, uşaq, qoca qatilləri ilə, savaşın!
…Savaşın, qadınlara, qocalara, uşaqlara toxunmadan, savaşın!
…Savaşın, ədalət, vicdan, əxlaq uğrunda savaşı!
…Bütün dünyada ədalət axtarıb, tapmayanlar üçün savaşın!
…Qorunmaq üçün savaşın!
… Haqsızlıq etmədən, haqqı savunaraq, savaşın!
…Düz yüz ildir haqq o üzdən yanımızda. Və bu prinsiplərdən bir addım da kənara çıxmadı Azərbaycan. Müharibə, savaş nümunəsi göstərdi. Dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırdı beləcə.
Otuz mindən çox şəhidi var doxsanların Qarabağ savaşının. Yüzlərlə itkini, əsiri var!
Üç mindən çox şəhidi var ikinci Qarabağ savaşının.
Birincidə əli yalın qalmışdıq, ölürdük, dönmürdük, ikincidə ORDU qurduq.
Birincidə, dünya bizə qarşı idi, ikincidə susmağa məcbur qaldı.
Birincidə yoxsul idi məmləkət, ikincidə dünyaya meydan oxuyurdu, beynəlxalq tədbirlərin ev sahibi idi.
Ancaq birincidə şəhidləri olmasaydı, ikincidə mənəviyyat, vətənpərvərlik dərsindən iki almış olacaqdı qoca bir dövlət, Azərbaycan!
Odur ki, yüz illik ağır bir dərsdən dövlətinə ƏLA qiymət yazdıran nə qədər insan və lider var, gedənlər Allah amanında, qalanları Allah qorusun! Gedənlərə salamat qal, qalanlara salam olsun deyək!
***
Müstəqilliyin son otuz ilində Əbülfəz Elçibəy, Heydər Əliyev kimi siyasət nəhəngləri gördü məmləkət. Bir də yüz illik Azərbaycanın Məhəmməd Əmin bəyi vardı. Indi ruhları azaddı, şaddı, xürrəmdir, ayrılmazdı. Gün gələ, Bakıdakı Fəxri Xiyabanda Məhəmməd Əmini də yanlarına alalar deyə arzum da var. Niyəsini soran olsa, deyim biləsiniz? Üçünün də məqsədi, amalı, hədəfi bir idi, müstəqil Azərbaycan, azad, bütöv VƏTƏN!
Vətən müstəqildir!
Vətən azaddır!
Vətən bütövləşir!
Ikisi yanaşı, biri qürbətdədir VƏTƏN adamların!Məzarları, ruhları qoşa olsun, milli barışıq olsun deyirəm. Qət təzə TARIX yazan liderin şah əsəri olsun bu arzu deyirəm. Buna həm də simvolik olaraq ZƏFƏR ARZUSU deyirəm artıq.
…Və daha heç nə demirəm. Özümdən deyirəm, özü də sakitcə, pafossuz. Bir ana təsəvvür edin, dizində yatmış övladına necə deyər, bax o cür, kövrək, titrək:
Torpağına, canım qurban AZƏRBAYCAN!
Sonra da lap uca bir zirvə istəyir adam!
Istəyir ora qalxsın və desin ki, eheyyy….Dünyaaa…Sən məni əzmək, yox eləmək istədin ya…. Yapamadın! MƏN IKI MIN ILDIR BU TORPAQLARDA VARAM! VAR OLACAĞAM! Çünki
BÖYÜK XALQAM!
Dövlətim AZƏRBAYCAN!
Millətim TÜRK!
Bu torpaqlarda, ləzgim, kürdüm, avarım, rusum, yəhudim, tatım, talışım, gürcüm, inqloyum, udim, lazımla, sayı yüz mini keçən şəhidimlə, itkinimlə, on minlərlə qazimlə, veteranımla, aylım, ulduzlum, qan kimi qırmızım, səma kimi mavim, çəmən kimi yaşılımla, dinimlə, imanımla, əqidəmə, hədəfimə çatmış AZƏRBAYCAN kimi, ZƏFƏRIMi qeyd edirəm!
Et, qurban olduğum, et! ZƏFƏRINƏ canım qurban, AZƏRBAYCAN!
Jalə Mütəllimova
07.11.2021