…Ərəb ovçular kimin qonağıdır və ya ov işi kimi səlahiyyətindədir?!.
Azərbaycanda ov sezonu başlayıır. Yerli ovçularla bərabər, xaricdən gələn ov həvəskarları da xeylidir. Bu sırada Azərbaycana ova gələn ərəblər xüsusi yer alır. Daha dəqiqi ova gələnlər sırasında ərəblər çoxluq təşkil edir.
Gerçəyə qalarsa, bu yaxşı haldır. Yaxşı təminatı olan ərəb iş adamları, milyonçuları vəsaitlərini Azərbaycanda ovçuluğa sərf edirlər. Ölkədə həm ov turizmi inkişaf edir, həm də Azərbaycan büdcəsinə xeli vəsait daxil olur. Olmalı olan budur. Amma gəlin görək olurmu?!
Ölkədə qazanc və gəlir məsələsində bəzi adamlar çox həssasdır. Odur ki, nə qədər xoş olmasa da ərəb turistlərin Azərbaycana ova gəlməsi, bir qrup işbazın xeyrinədir. Bu məsələdə Azərbaycanın yetərincə ciddi vəzifə adamlarının adı hallanır. Xatırlayırsınızsa, onlardan biri, fövqəladə hallar nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini idi. O, vəzifə səlahiyyətlərindən sui istifadə edib, ərəblərə qanunsuz ov təşkil edir və yaxşı maliyyə qazanırdı. Bu işdə adı hallananlardan biri də Prezidentin Protokol İradərəsinin rəhbəridir deyilənə görə. Ov və rəsmi idarənin rəsmi rəhbərliyi. Bəli, paradoksdur, amma reallıqdır həm də.
Qeyd etdiyimiz kimi, vəsait konkret ciblərə axır, amma zərəri dövlət dəyir.
Sirr deyil, ov sezonu məsələsində, cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Ancaq ov sözünün yanında turizim sözü varsa, burada dövlət qurumları arasında ierarxik toqquşma olur. Çünki turizim birinin, ov digərinin səlahiyyətinə aid məsələdir. Səlahiyyətlər bəlli olmur və arada dəllallar qazanır. Dövlətin adı isə təbiətin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatların reytinq cədvəllərində aşağı düşür. Bəzi hallarda bu, həm də dövlətə təsir alətinə çevrilir. Məsələn, ölkə bir neçə beynəlxalq ekoloji layihələrdən kənarda qalır.
***
Üstəlik indi bir də düşünürsən ki, artıq Qarabağ da azadlığına qovuşub. Bölgə ov turizminin inkişafı üçün son dərəcə əlverişlidir. Bu halda indiki durum deməyə əsas verir ki, mütləq işbazlar o bölgələrdə də eyni formatda ekoloji cinayətlər törədib, qanunsuzluqlar edəcəklər.
Bu halda ortaya nə etməli sualı çıxır?!
Əvvəla, ov işi ilə bağlı əsas səlahiyyətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində olduğundan, ilk təşəbbüs onlardan gələ bilər.
Sonra o suala aydınlıq gətirilməlidir ki, ov turizmi ilə bağlı rəsmi səlahiyyət kimdədir, hansı dövlət qurumundadır.
Hətta ETSN-i ov turizmi işinin konkret layihəsini hazırlaya, hansı heyvanın nə zaman ovlanmasının mümkün olduğuna dair araşdırma təqdim edə bilər. Eyni zamanda məsələ qaldırıla bilər ki, ov turizmi sezonunda iş vahid mərkəzdən idarə və koordinasiya edilsin.
Becələ ekologiyaya və təbiətə vurulan ziyanların sayı da azalacaq.
Səlahiyyətlər bəlli olacaq.
Ov dəllalları dövlətə aid olan vəsaiti mənimsəyə bilməyəcək.
Dövlət büdcəsinə ciddi vəsait daxil olacaq.
Eyni zamanda,
Hər hansı qanunsuzluq baş verdiyi təqdirdə, müvafiq dövlət qurumları cəza tədbirləri görə biləcəklər.
İndi qalır səbirlə gözləmək. Görək bu təkliflərə kimdən hansı reaksiya gələcək. Müəllif olaraq öz adıma deyə biləcəyim bu ki, dövlətimin mənafeyinə uyğun olaraq bu məsələnin ədalətlə yoluna qoyulması işində yazılarımla dəstəyə hazıram. Yetər ki, məsələ öz həllini qanunla Azərbaycanın, onun gözəl təbiətinin xeyrinə həllini tapsın.
Jalə Mütəllimova
22.11.2021.