Ölkədə iki dövlət qurumu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyi ciddi narazılıqlar yaradır. Ən azından izahat verməməkdir bunu deməyə əsasdır.
Qırx dörd günlük vətən savaşından üzü bəri Azərbaycanda iç siyasəti qarışdırmaq istəyən kənar güclər, heç nədən bəhrələnə bilmədi.
Amma bu iki nazirliyin insanlara yaratdığı sosial problemlərdən bəhrələnirlər. Artıq aksiyaların günü də bəllidir. Aksiyanın adını da açıqlayıblar. Əlillərin aksiyası, yürüşü, savaşı, üsyanı.
Dünyanın hadisədən görəcəyi mənzərə bu olacaq ki, Azərbaycan dövləti ərazi bütövlüyünü qoruyan qazilərin, əlillərin haqqını vermədi, əksinə onları döydürdü.
Yəni ölkədə siyasi məhbus, söz azadlığı və insan hüquqları məsələsi gündəmə gətiriləcək yenidən.
Niyə? Gərəkli yardımları, dəstəyi, sənədləri zamanında təqdim etmək bu qədərmi ağırdır? Bəlkə gəliri yoxdur deyə, sərfəsizdir?
Onsuz da əsəbi gərgin adamlar sənəd və əlillik sənədi ilə bağlı müxtəlif aksiyalara çıxır. Hələ üstəlik saxta əlillik sənədi ilə özünə təqaüd düzəldənlərin üzündən, yüzlərlə gerçək əlilin təqaüdü dayandırılıb aylardır. Kimsənin vecinə deyil ki, əyalətdə işsizlikdən əziyyət çəkən onlarla əlil adamın o qəpik-quruşa, əlil təqaüdünə böyük ehtiyacı var. Eyni zamanda, başqa qazancı da yoxdur.
Bəylər, bunu da erməni ya rus etmir axı?!.
Bunu siz edirsiniz, bizim olanlar.
İndi hər iki nazirliyin rəhbərliyinə sormaq lazım, cənab Sahil Babayev, hörmətli Zakir Həsənov, heç bir yolla ölkəyə buraxılmayan bu “sosial bombaları” niyə partlamaq həddinə gətirdiniz ki? Və ya yerli icra orqanları, nədən bir ovuc qazinin probleminin çözülməsinə etinasız yanaşırsınız ki? İndi o icazəsiz aksiyalarda dövlətləri, vətəndaşı üz-üzə qoymaq çoxmu vacib idi? Bəlkə bu mənzərə alt maraqlarımıza xidmət edir, dövlət zərbədə qalsın, əsas hədəfdən yayınsın? Zənnimcə ciddi araşdırılmalı sualdır?
Jalə Mütəllimova
16.11.2021.