Jalebloq.az

Azərbaycan mediası qurbandırmı? …

KÖŞƏ

Azərbaycan mediası qurbandırmı? …

…Və ya işığa doğru yolun qaranlıqları…

İstənilən şəxsdən yazırdıq. Əsas olanda hamının üzərinə gedə bilirdik. Məhkəmələrdə, iddialar qaldırılırdı bizə və çalışdığımız media quruluşlarına qarşı. Bizi istintaqa çağıranda boyumuza, çəkimizə baxıb gülümsəyəni də olurdu müstəntiqlərin və prokurorların.  Nahar eləmisənmi? Belə soruşanı da olurdu, yorğun üzümüzə baxıb. Çünki hər kəsin, xüsusən güc strukturları, hüquq-mühafizə orqanlarında çalışan, hər gün yüzlərlə adam görən bu şəxslərin bir dəfə üzümüzə diqqət kəsilməsi yetərli idi. Əməlimizdə millət, dövlət, vətən, insanlıq, haqq, ədalət, vicdan tələbindən başqa nəsə yox idi. Hətta səhvlərimizdə, lap günahlarımızda da səmimi idik. Aldatmırdıq. Düşünürdük, bizi də aldatmır rəhbərlər, medianın kapitanları. Bizsə bu mənəvi standartların mövcudluğuna inanacaq qədər saf idik. Onlar, hüquq mühafizə orqanı əməkdaşları isə bizim inandıqlarımızın həqiqət olmadığına əmin, adamlar idilər. Sadəcə bizim saflığımız onların da qəfəslənmiş ruhuna birnəfəslik, balaca pəncərə idi…Bizə baxıb gülümsəyə bilirdilər. Hətta işi məhkəməyə aparmayacaq səbəbləri axtarıb, tapır, bizə dəstək olurdular bəzən. Belə bir mediası var idi məmləkətin. Mərhum Prezident Heydər Əliyevin də müşavirlərdən birində yüksək çinli məmurlara dediyi kimi, “balaca-balaca oğlanların, qızların əlində qalmısdılar” məmurlar düzgün olmayan fəaliyyətləri ilə.  Bu qədər sərt idi mövqelər, bu qədər əmin idi media dediyi sözdən…

Deyə bilərsiniz ki, o dövrün, zamanın standartı, tələbi elə idi. Olsun. Amma adamlar dəyişmədi axı. Necə oldu ki, eyni adamlar, eyni məsələ ilə bağlı gərəksiz standartlara üstünlük verməyə başladılar illər sonra.

***

Əslində, bu yazı da belə başlamaya, yazılmaya bilərdi. Məsələn, yeni bir layihə, təzə bir təklif iddiasını ortaya qoymaq olardı…

Amma bu günki reallıqda bu mümkün deyil! Yox, axı mümkündür. Bəlkə hər kəslə mümkün deyil. Yox, hamıya mümkündür, sadəcə mövzularda sərhədlər var. Yox, sərhədlər də yoxdur, peşəkar yanaşmalar qıtlaşıb. Əslində peşəkar yanaşma da var, sadəcə peşəkar olanın bir balaca da ağlı olur axı. İndi ağlı olan adam ayaq bağıdır. Yox ee, əşi, ayaq bağı da deyil sadəcə onu yanımda görüb məndən çox böyüdərlər, nəyimə lazımdır? Bəlkə lazımdır? Axı o məndən peşəkar olduğunu anlamır. Sadəcə maaşına qane olan biridir, qoy işləsin, mən ucalım. Mən, mən və mən…Biz ilk dəfə media olaraq kapitanların “mən” ağacının təpəsindən yerə dəydik…

Sonra partiyaşma başladı. Müsavat, AXCP, AMİP, YAP arasında qaldıq…

Sonra partiyadaxili qruplaşmalar…

Sonra ölkədaxili siyasi çəkişmələr…

Sonra xarici qrantlar…

Sonra ayrılan dotasiyalar…

Sonra o dotasiyaların dayandırılması…

Sonra dostluq, qardaşlıq münasibətləri…

Sonra sponsor məsələsi…

Bizi labirintdə azdırdı medianın kapitanları.

…Və bir gün Elçin Səlcuqu serrozdan öldü Azərbaycan mediasının…Yəni media xəstələndi, çərlədi. Daha dəqiqi onun başında duranların bəziləri idarəçilik üsulları dəyişdiyindən idarəçiliyi itirdi. Niyə? Bacarmadılar, nə proseslə, nə də nəfisləri ilə…

Əminəm kimsə deyəcək ki, biz eləmədik, kimsə elədi, dövlət media siyasətini belə qurdu. Ola bilər, bəlkə lap elə kimsə elədi. O kimsəyə münbit şəraiti də yaradan kim oldu bəs? Niyə indi dilə gətirilənləri proqnozlaşdırmadılar media kapitanları? Mümkün deyildimi? Bilirəm, gülməli sualdir, axı səmimi yanğı idisə mütləq mümkün olmalı idi. Nə isə… Olan oldu, indi də bircə kəlmə söz deyən kimi qayıdırlar, axı sənin nəyinə lazım?..

Əslində düz deyirlər. Nəyimə lazım? Mənə dotasiya ayırmayıblar, dotasiyamı dayandırmayıblar, qrand almamışam, oğlumun qızımın da bank hesabı yoxdur ki, qazandıqlarımı “birdən mən ölərəm” ehtimalı ilə aralarında indidən hesabları üzərindən bölüm…

Amma və lakin bir “pis kişisi” olmalıdır bu işin. O üzdən demək lazım.

***

…Ustad yazar dediyim imzaların qarşısında səsimi bərkdən çıxarmağa adət etməyənlərdənəm. Ümumiyyətlə, sözün bərkdən və ədəbsiz deyilməsinə tərəfdar deyiləm. O üzdən Arif Əliyevin ““Gündən-günə inkişafın” birdən-birə sonu” başlıqlı yazısını da sakitcə, yavaşca və bir neçə gündür dalbadal oxuyuram. Oxuyuram və düşünürəm, deyəsən bizi bu günə elə birinci ustadlar qoydu.

Arif müəllim deyir “cəmi on il əvvəl “Bizim yol” qəzeti nəşrini dayandırmağa məcbur olsaydı, bu, ölkədə etiraz dalğası doğurardı. Amma indi 2019-cu ildir və KİV-ə Dövlət Dəstəyi Fondunun “Bizim yol” da daxil 22 qəzetin nəşrinin dayanmasına səbəb ola biləcək qərarı heç kimi yerindən oynatmır”.  

Sualım var: Əcəba kimdir günahkar?

Dostluq qardaşlıq münasibətlərinə görə iş quran, informasiya güzəşti edən, hər oğlunun hesabından yüz min çıxmasa utanmağı gələn bəzi media kapitanlarımi, yoxsa sıravi fəhlə babalar, yazarlarmı?

Söhbət ondan getmir ki, indi nə edirlər, nə istəyirlər? Söhbət ondadır ki, gerçəkdən sadalanan qədər can yanğısı duyurlarsa niyə, bu zamana gəlib çıxmasına yol verdilər? Ümumiyyətlə, niyə yol verdilər? Heç o yan bu yan yoxdur,  səmimisinizsə, indiki durum sizi narahat edirsə, niyə zamanında həyəcan təbili çalmadınız?

Yazıda daha çox KİVDF tənqid hədəfidir. Bu qurumun fəaliyyəti ilə yaxından uzaqdan əlaqəm yoxdur, amma sizə elə gəlmirmi ki, məsələ təkcə bu deyil?! Yazınızın əvvəlindən sonuna hər şey pul haqqındadır? Əslində anlaşılandır, dünyanın da ən böyük müharibələri bu mərəz üzərindəndir? Amma bir var bunu ədalətlə əldə eləyib, vicdanla bölüşmək. Bir də var ancaq oz əlinə oynamaq. Əgər günha varsa bu sıravi media adamlarında deyir yəni.

“Azərbaycanda qəzet satışı şəbəkəsi darmadağın edilib, abunə sistemi tam saxtakarlıq üzərində qurulub. Nə o 22 qəzetin acından ölməsini, nə bu 10 nəşrin indi daha yaxşı qidalanmasını Azərbaycan jurnalistikası bütövlükdə hiss etməyəcək”. Doğrudur uzun illərdir pul mübahislərinizə görə ölkə mediası demək olar ki, komadadır. Əslinə qalsa hələ KİVDF də vəziyyəti ölkənin və medianın xeyrinə dəyişə bilmir. Çünki BÖYÜK balacaların əlində qalıb yaxası. Hamı küsür, hamı daha çox umur, hamı ən vacib, ən böyük özünü bilir. Bəs ortada nə var? Dövlət, dövlətiçilik, millətə fayda üçün kim nə qədər işləyib? Necə işləyib? Onu sıravi media adamları kapitanlarından daha yaxşı bilir indi Arif müəllim. Qaldı vurğuladığınızi media siyasətinə, ya da KİVDF-nin bu siyasətə itələndiyinə,  bəyənmədiyiniz bu vəziyyətin yaranmasının guya media liderlərindən kimsə bunu proqnozlaşdırmadımı? Əla proqnozlaşdırırdınız. O durum çoxunu qane edirdi. Ağla gəlməyən məbləğlər, əlinizə gəlirdi həm də. Və məsələ də bu ki, əllərə gələnləri kimi qismən yatırsa da, çoxu ümumiyyətlə işə yatırmırdı. “KİVDF yardım paylamaqla, mükafat verməklə məşğuldur”. Hələ eləməsə noolar? Adamların işləmək həvəsi, ruhu məhv olar. Uğurludur, uğursuzdur, bunu kənara qoyuram, məsələ bu ki, zamanında edilməyən cəhdləri kimsə etməyə çalışır. Özümə gəlincə bir dəfəsinin mənə şamil olunduğunu görmədim sizi çoxunuzda qıcıq yaradan həmin mükafatların. Və əgər bilmək istəyən olsa, iyirmi yeddi illik media fəaliyyətimdə cəmi iki diplomum var. Təhsil naziri bir neçə yazıma görə təşəkkür diplomu ilə təltif edib. Bir də mərhum Prezident Əbülfəz Elçibəyin yubileyi ilə əlaqədar yazı müsabiqəsində qalib olmuşam, vəssalam. Yəni adı yazınızın əsas hədəfi olan qurumun müdafiəsinə də niyyətli deyiləm. Sadəcə deməm o ki,  bütün mənəvi dəyərlərin pula transferi yaxşı hal deyil. 

Yadıma düşmüşkən, “Gün səhər” qəzetini niyə çıxmadı bəs? Hamı bilirdi ki, bu layihəyə ilkin olaraq 300 min dollar alınmışdı illər öncə. “Turan” boyda agentliyin, “Soros”dan alınan davamlı qrand layihələri hesabına niyə yerlə bir elədi başqa bir media nəhəngimiz, cavabınız maraqlıdır? Niyə dotasiya dayandırılan kimi “Zerkalo” bağlandı?  Bu sualların cavabı olmadıqca, siz, media öncüllərinin də səmimiyyəti inandırıcı görünməyəcək çoxuna. Yəni inciməyin, hədəfiniz haqq, ədalət aramaqdırsa, bu hiss edilmir. Hiss edilən, para uğrunda mübahisə və mübarizədir. Bəs ortaq məxrəc olacaqmı? Onu demək çətindir…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top