Məmmədlə Fatmanın dənizi… ..yoxsa DƏN-IZI ?!.


  • 2022-05-18 21:00:00

Konkret ünvan olmayanda orta statistik azərbaycanlıya belə müraciət edir qələm əhli Məmməd, Fatma. Bunu niyə xatırlatdım. Bu gün dənizin açılmasına görə bu ikisinə minnət vura-vura pul qazanacaqlar. Yəni Məmmədlə Fatma istədi deyə dənizi açmağa məcbur olduq.

Yəni məsələ o deyil ki, dənizdən kim, nə qazanacaq?.. Məsələ o ki, Məmmədlə Fatma bezdirdi deyə, dənizi açıldı. Sözəbaxan, alnı öpüləsi hökümətim.

Əslində sonra belə olacaq: Məmmədlə Fatma tələb elədi deyə dəniz açıldı, virus bu qədər yayıldı, indi gedin özünüzü müalicə edin indi.

Vay sizi bə, Məmmədlə Fatma, siz nə olarsınızmış bala?…

Təbii bu söhbətə başlamaq və əhval üçün bir giriş idi. Əslində az əvvəl bir səyahətçi- “jurnalistin” dəniz tələbindən bəlli idi ki, sahilkənarı obyekt işlədənlər mütləq dənizin açılmasına nail olacaqlar. Oldular! Bravo! Özü də irəli Məmmədlə, Fatmanı veriblər. Deyim biləsiniz…

-Bir, bu gün ölkədə Məmmədlə Fatma, yəni orta statistik azərbaycanlı elə gündədir ki, onları əppək maraqlandırır, dəniz yox;

-Iki, dəniz Məmmədlə Fatmadan çox, orada obyekt işlədənnərə lazımdır;

Üç, ASAN xidmət o qədər əziyyət çəkib ki, dəniz açılsın. O əziyyət, necə deyərlər, itaparan olsun;

Dördüncüsü, bu açılış xalqa və dövlətə zərərdən, virusdan başqa heç nə verməyəcək;

Ən vacibi, dənizə adamlar getməsinə gedəcək. Təbii yoluxmaların da sayı artacaq. Amma dənizi sevənlərin günahı, dən-izinə düşənlərinki qədər böyük olmayacaq. Indi gəlin siz məni dinləyin, Məmmədlə Fatma, bu dənizə getməyin. Sizi yoluxduracaqlar, canınızla döyüşəcəksiniz, bəlkə hətta öləcəksiniz. Təklif edirəm, bəlkə “d” vitaminini tabletkada, evdə, alasınız?!. Canınızı da el qınağından, hökumət ittihamından qurtarmış olarsınız, beləcə dən-izinə düşənlər də “ac” qalıb, pəncələrini gəmirsinlər, nə düşünürsünüz?..

Jalə Mütəllimova

06.08.2020