Söyülən ANA və Sevincin namus məsələsi…


  • 2020-05-18 12:36:00

Neçə gündür söhbət gedir, kənardan izləyirəm. Bir az maraqla, bir az kədərlə, bir az təəssüflə, xeyli də tərəddüdlə. Yazasanmı, susasanmı, bilmirsən?!.

Əslinə qalanda məsələ yazmaq da deyil, yazmamaq da. Məsələ budur, elə yazasan ki, vicdanına hesabat verəndə yerin dibinə girməyəsən. Bu mənada günlərdir yazmamağa üstünlük verirdim bu mövzunu. Ta ki, Mirşahinin saatında Nemət Pənahlı efirə verilən gizli səs yazısında, İsgəndər Həmidovun anası söyənə qədər…

***

…Olmaz mərhələsini keçmişik. Bütün olmazları oldurduq. Satılmaz dediklərimiz, satıldı. Etməz dediklərimiz, etdi. Olmaz dediyimiz hər şey, oldu. İtirə bilmərik, dediklərimizi də itirdik, getdi!

O qədər azğın və yırtıcı bir mərhələdəyik ki, müqəddəs saydığımız şeylərin ancaq adı qalıb. Bunu tənzimləmək də əlimizdə deyil. Zaman əlində, hadisələrin axarındadır.

Fəaliyyət istiqaməti hələ tam bəlli olmayan Azərbaycan Xalq Hərəkatının liderliyi üstündə düşən qovğada bir kişi, durub başqa bir kişinin anasını  söyür. Sonra bunu üzərindən durub desin ki, “hələ onun anasını ağladıb filan-filan edərdim”. Komanda yoldaşının ünvanına, rüşvətxordan tutmuş, bütün “şanlı” sözləri söyləyir. Söyən Nemət Pənahlı, söyülən İsgəndər Həmidovdur.

Sözügedən hərəkatın müzakirələrini, diskusiyalarını, hətta bir-birinin xəlvət yazdıqları səs yazılarını necə ictimailəşdirmələrinə zamanla şahid də olmuşuq. Heyrətə səbəb olan bircə məqam var. Zehniyyət sabit, dəyişməz, israrla inkişafdan qalmış durumdadır. İddilar nataraz və dəyişməzdir. Adam elə bilir yatıb, yuxusunda səksənlərin sonu, doxsanların əvvəlini görür. Bu insanlarda dəyişən yeganə şey, xarici görünüşdür. Cavan idilər, qocalıblar. Ağıl, zehniyyət, hətta tələblər və hadisələrə baxış, şüarlar belə ötən illərdəki kimi dəyişməz, sabitdir.

Birdən oturub düşünürsən ki, bu adamlar əqidəlidir. Yəni bir dəfə söz veriblər, sona qədər sözlərindən dönmürlər. Yəni sabitliyi, əqidə sadiqliyinə bağışlayıb sevmək, hörmət eləmək istəyirsən. Fikrinə beynində nöqtə qoymamış, söyüş söyürlər və ümidinə “ayıb olsun” deməkdən başqa yolun qalmır. Yuxadan da diksinib ayılır adam. Zaman 2019, məkan Bakı… …Nemət Pənahlı isə hələ də elə bilir, illər öncə olduğu kimi oturun, durun komandasına hamı sözsüz əməl edəcək. Daha düşünmür ki, təkcə siyasi mətbəxdə yox, hətta ictimai rəydə də kimliyi çoxdan bəlli.

İsgəndər Həmidov düşünür ki, ölkədə hələ də onun şapalağı situasiya dəyişə bilər. Adam unudub ki, Azərbaycanda hər şeyə bir şapalaqla nail olmaq ancaq məlum cizgi filmində baş verib. O da adından bəlli, cizgi filmidir, hərdən gülək deyə göstərirlər. Qaldı İ.Həmidovun liderlik iddiası və həvəsinə, o, indi bir nəslin ağsaqqalı ola bilər. Buna da kimsənin etirazı ola bilməz.

İ.Həmidovun anasını söyəndən sönra Nemətə, gəlinsə, o, adından fərqli adamdır, nemət zad deyil. Hətta bir ananı, qadını hikkəsindən, səsi yazıldığını anlamadan söyəcək qədər “bacarıqlıdır”. Üstəlik, bunu “mən üzdə bir, arxada bir deyiləm İsgəndər bəyə” söyləyə biləcək qədər “bacarıqlıdır”. Deməm o ki, cənablar, müəllimlər, bir zəhmət öncə hərəkət edib, özünüzü düzəldir, siyasətə dönmək üçün hərəkatınızı sonra ömür və zaman imkan versə yaradarsınız.

***

Gələk Sevincə, Sevinc Osmanqızına.

Onun məsələsində şəxsi həyata toxunan məqam var. Yalan deməyimin yeri və adı yoxdur, bu məqam mənim üçün müəllif olaraq son dərəcə həssasdır. Bəlkə digər millətlər və cəmiyyətlər üçün geridə qalmış mövzudur bir qadının şəxsi həyatının gündəm olması. Bizim cəmiyyət üçün mövzu hələ də həssasdır, diqqət yetiriləndir. O üzdən Sevinc Osmanqızının həyatını o mərhələsinə heç xitab etmirəm. Buna qadın həmrəyliyi deyib, qınaya da bilərsiniz, olsun. Məni heç Sevincin haradan, hansı brendi neçəyə alması da maraqlandırmır. Ona sadəcə suallarım var. Elinə, obasına, vətəninə, dostuna dair suallarım:

-Sevinc xanım, necə satıldın? Ümumiyyətlə, satıldınmı?

– TV yaratmaq üçün layihəni kimlər maliyələşdirdi? Bunu edərkən şərtlər hansılar oldu?

-Şərtlərdən hər hansına etirazın oldumu?

-Məmləkətinə bu qədər nifrətinin altında nə yatır? Kim və necə yaralayıb səni?

-Gerçəkdənmi sevgidir, qarşındakı?

-Gerçəkdənmi sən, sən olduğun üçün gərəklisən?

– Düzünü de “kuratorun” deyil ki?

…Və nəhayət, dinləyin Sevinc xanım, sizə özümdən deyim:

– Təpədən dırnağa media adamı olan hər kəs üçün yaşamaq, işləmək asan deyil. Bacardıqca söz deməyə çalışıram. Bacardıqca əxlaqlı, vicdanlı olmaq, qələmimi qorumaq istəyirəm. Məndən aşağıları bu xarakterimə görə başıma çıxaranlar da görmüşəm. İmzamın imzalar arasında olmasından qıcıqlananlar da. Şərlənmişik də, böhtan da görmüşük, susmuşuqmu, hələ ki, yox. Səsim gələn qədər bərkdən danışmışam. Bəzən danışdıqlarımı özümə sillə kimi qaytarıblar. Bunu mənə edənləri də sıralayımmı? Adına dost, vətən oğlu, qızı, vətəndaşı, vəzifəlisi dediklərimizdir çoxu. Hələ dmeədiyim onlarla xəyanətlər var. Amma ailəmdən, evimdən, elimdən qaçıb getməyi düşünmədim. Yox, düzü düşündüm, ailəcə harasa getməyi arzuladım yorulub usananda, amma satıb, xəyanət edib, baş götürüb qaça, nifrət eləyə bilmədim. Başıma min oyunlar gələn, gətirilən bu məmləkət canımdan ucada, üstdədir. Vətənin günahı yoxdur bunların heç birində. Yəni ki, hansısa məmuruna acığımı ölkəmdən və peşəmdən çıxmadım.

Siz necə, bunları etdinizmi? Əminəm, yox, etmədiniz. Qaçıb getdiniz. Nifrət, hissi həmişə sındırılmış adamları bürüyər. Fərqində olmadığınız qədər duyulur bu fikirlərinizdə, ritorikanızda, danışığınızda, suallarınızda. Sizi istedad da xilas edə bilmir, gözəl qadın. Başqalarını bilmirəm, gerçəkdən itirdiyim və itirdiyiniz S(s)evincə görə çox təəssüflənirəm, keçmiş olsun!..

…Hə, yadıma düşmüşkən,  bir söz də deyim. Bilirsinizmi, çox uzaq, lap uzaq bir qohumunuz var Bakıda. İllər öncə ondan yazı yazdım “Bomj” başlığı ilə. Sonra o yazı veriliş də oldu. Üzeyir adlı bomj qohumunuz sizin əvəzinə də sevir VƏTƏNİ, əmin olun! Həm də təmənnasız, qarşılıq gözləmədən! Yəni buralardan nigaran qalmayın. Vaxtınız olsa qohumunuz, Üzeyirin VƏTƏN, İNSAN, İNSANLIQ bəhrələnin, baxın bu qısametrajlı müəllif verilişinə, “MƏN”ə.

…Qaldı şəxsi, yəni sevgi məsələsinə. Atın hər şeyi bir yana, gerçəkdirsə, sevgidirsə, sevginizə sarılın, yaşayın. Sevgi həmişə adamı ən doğruya yönəldər, xilas edər çünki. Yox əgər kuratordursa, Sizə bütün mənalarda XİLAS diləyirəm!

Jalə Mütəllimova