Jalebloq.az

Böyük güclərin Qafqaz “ehtirası”

KÖŞƏ

Böyük güclərin Qafqaz “ehtirası”

Sərhəd yaşadığımız ölkənin qapısıdır, böyük evimizdir. O üzdən içəri yad, həm də icazəsiz girən, tərbiyəsizlik edən olanda, bu hamıda qıcıq yaradır…

İyulun 14-də  Azərbaycan əsgərini qapısının ağzında beşmərtəbəli söyüblər. Özü də qonşuları, gürcülər. O gürcülər ki,  əlləri yananda ağızlarına təpməyə macal tapmamış, Azərbaycan başlarının üstünü kəsdirib, kömək üçün. Vəziyyətdən çıxanacan yanında olub, qoruyub.

Nə baş verir? Niyə gürcülər hücum edir? Niyə əsgərləri təhqir edir və niyə Azərbaycan sərhşədçiləri susur? Sərhəddə acizikmi?.. Burda bir haşiyə:

İndi hərə bir TV, sayt açıb, dövlətə ağıl verir. Camaat da sosial şəbəkədə bildiyi kimi münasibət bildirir məsələlərə. Təbii ki, adamlarda aqressiv fikir formalaşdıran həmin TV və saytlardır  ki, bu ayrı mövzudur.  Ən dəhşətlisi odur ki, başı hərbdən və siyasətdən çıxmayanlar təhqir edir, yol göstərir. Məsələ o yerə çatıb ki, Sərhəd Qoşunları Komandanlığı, xüsusən, general Elçin Quliyev Azərbaycan ictimai rəyi tərəfindən kəskin tənqid olunur. Onu yaxından, uzaqdan tanıdığım yoxdur. Bircə şey yadımdadır. O,  “N”saylı hərbi hissədə  komandir olanda “Azadlıq” radiosu üçün vəhabilər, nurçular, gülən adamları haqda şimal bolgəsi rayonlarından reportaj hazırlamışdım.  Onun dövlətə münasibətini orda görmüşdüm.

Sonra bir azərbaycanlı sərhədçinin atışmada öldürülməsində. Öz qurduğu əməliyyatda özü öndə gedib, əsgərinin qisasını alıb, dəfninə yetişib, cənazəsinə girmişdi.

Bizim tərəflərdə bir söz var, “qart adam”.  E.Quliyev də təsəvvürümdə məhz belə adamdır. Amma dövlətinə sayğısı olmayan biri əsla deyildir. Bunu yazmaqda məqsəd kiməsə tərif demək də deyil. Situasiyaya aydınlıq gətirməkdir. Yəni ən qart, qaba generallardan birinin əsgəri təhqir olunubsa, əsgər də, general da susub, gözləmə mövqeyi tutubsa, demək  məsələ alayıdır, yəni siyasidir,  “gözlə” əmri var.  Və bu siyasi məsələ olduğundan, gözləmə mövqeyi tutmaq da vacibdir.

Ən pisi də odur ki, bu situasiyanı aydın analiz eləməkdən niyəsə çəkinən bir cəmiyyət, ictimai rəy olmuşuq. Ya da cəmiyyəti düzgün istiqamətləndirməkdə maraqlı olmayan aqressiv, hikkeli, təbii həm də təmənnalı qüvvələr var. Onlar Keşikçidağ məsələsində iştirakçı olanlardan da təhlükəlidirlər. Çünki içəridədirlər, sözün siyasi mənasında…

Ortada başqa bir sual da var. Niyə Keşikçidağ monastır kompleksi üzərindən Gürcüstan Azərbaycan münasibətlərini zədələyirlər?

Gürcüstana ən böyük investisiya qoyan ölkələrdən biri, bəlkə də elə birincisi Azərbaycandır.

Gürcüstanda hamıdan çox pul xərcləyən də azərbaycanlılardır.

Gürcülərin istənilən problemində ilk dəstək əlini uzadan da Azərbaycandır.

Bundan başqa, Gürcüstana dəstək olan, Ermənistanla müharibə şəraitində yaşayan və eyni zamanda inkişafa gedən Azərbaycan da dünyaya gərək deyil.

Azərbaycan  dikbaş yox, üzüyola cıqqılı bir dövlət olmalıydı. Onda maraqlı dairələr əllərini bu qədər qaba uzatmazdılar lazım olan yerlərinə, məsələn, Keşikçidağa…

Bir də unutmaq olmaz ki, məqsəd Azərbaycanın Keşikçidağ üzərindən gürcülərlər də münasibətini pozmaqdır. Yəni ermənilərlə Dağlıq Qarabağ üzərindən yaşanan gərginliyin başqa bir formatına əl atılır. Bu haradasa DQ münaqişəsinin həllinə də ümidləri çoxaldan amildir. Ola bilər ki, bir münaqişənin tamamən və ya qismən həllindən qorxanlar var. Təbii ki, hətta münaqişə qismən həll edilsə bu belə, (baxmayaraq ki, Azərbaycan bu qismənliyə qarşıdır-J.M)  bu Azəbaycanın haqlı olduğunu göstərəcək, üstəlik üstünlüyünə səbab olacaq. Bəs bütün baş verə biləcəklər dünya güclərinə sərfdirmi? Təbii ki, yox!

Çünki onların hədəfi Qafqazı yenidən ələ keçirmək, idarə etməkdir.  Bunun üçün Qafqazın lideri olan Azərbaycana Dağlıq Qarabağdan sonra yeni mübahisə ocağı yaratmaq şərtdir. Keşikçidağ monastır kompleksi ətrafında mübahisəni qızışdırmaq bunu üçün ən əlverişli variantdır.

İndi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili təbiriycə desək, ümid qalır ”məsələdə Azərbaycan və gürcü xalqının müdrikliyinə”, bir də ağılla veriləcək siyasi qərarlara.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top