Jalebloq.az

Cəlaloğlunun qadın “siyasəti”…

KÖŞƏ

Cəlaloğlunun qadın “siyasəti”…

Səhər obaşdan yuxudan durub uşaqları məktəbə yola sal. Onaca süfrə qur, səhər yeməyi yedirt, məktəbə yemək çantası hazırla. Ayaraya salıb dərslərindən sual-cavab da elə ki, zehinləri aydın olsun. Geyindirib-gecindirib yola saldınmı, az sonra müəllimə zəng elə, uşaqların sinifdə olub-olmamalarını yoxla. Sonra ev əhli yuxudadır deyə, peşənlə məşğul ol, bir yazı hazırla, təcili yerləşdir səhifəyə. Artıyca ikinci dəfə səhər süfrəsi hazırla həyat yoldaşın və digər ev əhli üçün. Yedilərmi? Yığışdır! Çarpayıları yığ. Evi səliqəyə sal. Qadınsan, gəlinsən hər şeydən öncə evə gələn olay, ayıbdır. Paltaryuyanda gecədən yuyulan paltarları ipə sər, tez elə. Dayanma, nahara hazırlığa başla. Bu arada sənə bir zəng gəlsin ki, bir ictimai məsələyə münasibət bildirin. Sən də əlində soğan soya-soya, telefonla siyasətdən-falan danış. Arada soğan acısından gözündən axan yaşı əlinin dalıyla sil. Bir də baxırsan ki, nahara yeməyin hazırdır. Durma təcili hazırlaş, uşaqlar səni studiyada gözləyir, çəkilişin var. Sonra başqa bir tədbirə getməlisən, ordan da xəstəxanaya, həm müainən var, həm də yaxın adama baş çəkməlisən. Çəkilişə getmək üçün qrimini işlə evdən çıxmamış. Hazır oldunmu, çıx get. Çəkiliş başladı və bitdi. Orda həkimə. Ordan da xəstəxanaya.  Məktəbə gedə bilmirsən, uşaqlar qaldı ki!.. Vay-vay, təcili taksiyə zəng elə. Maşın yolla. Uşaqları maşına oturana, evə çatanacan azı on dəfə telefonla əlaqə saxla. Sonra elə teləfonla “ustanovka” verə-verə birini dərs hazırlığına, birini rəssamlığa. O birini voleybola yola sal.  Şəxsi işlərini bitirib evə gələndə yolüstü xırda-para şeylər almaq üçün bazarlıq da elə. Əlində yükün çoxdu. Taksi çağırımmı? Yox əşi kişi yaıqdır, çətinliklərimiz var deyib, marşruta otur. Qaranəfəs, gəl çıx evə. Axşam yeməyini hazırlamaq lazım. Bir azdan hamı evə dönəcək. Uşaqların dərsdə neynədiyi ilə maraqlan. Dərslərini soruş. Yarımçıq qalmış dərsləri həll etmək üçün köməklik elə. Hələ oğlun hazırlıqdan necə gəlib? Dərsdə necə aparıb özünü? Bu suallar səni dinc qoymur axı, bir müəllimlə də danış. Sonra o birilərin sinif rəhbərinə zəng elə ki, məktəbdə necə olublar bu gün? Sonra süfrə aç,  yedirt, yığ. Bunu da elədinmi, gecədən redaktə olunmamış yazın qalıb. Otur onu işlə. Günün sonuna yaxınlaşmağın fərqində olma. Həyat yoldaşının geyimləri, naharı və sair kimi işləri bu arada necəsə edib,  təbii ki, çatdırmalısan. Başqa yolun yoxdur. Hələ kənddəki ata-ananla gündə bir dəfə zəngləşib danışmaq da var. Uzaqdadırlar, yaşlıdırlar, görün neynirlər. Sonra bu biri tərəf inciməsin deyə bir qayınananın da kefini soruş. Bir azdan da şirkət içməli su gətirəcək, sularımız bərbaddır. Onu da qarşıla yerləşdir, yola sal. Səhərə məktəb geyimləri, atamızın paltarları da hazır olmalıdır. Xeyli ütü işi var. Hələ yazı da var. Hələ evi bir az da səliqəyə salmaq lazım, ortalıq dağınıqdır…Zəifləyən gözün, ağrayan canın bir də gecənin üçündə düşür yadına. Bir stəkan çayını süzüb, ikicə səhifə kitab oxumaq üçün bir az zamanın var. Onda hiss eləyirsən yorğunluğunu. Onda da şükür bu günə, Allah ailəmi, övladlarımı qorusun duasını edib. Bir-bir yataq otaqlarının qapısından boyanarsan ki, baxım görüm kimin üstü-başı açıqdır, soyuq olar. Yorğanlarıını üstlərinə çəkərsən. Gülüməsyib, deyirsən ki, lay-lay balam, a laylay. Sonra da alnından öpüb çıxarsan otaqdan.

Hələ inəyi örüşə, örüşdən tovlaya salmırsan. Toyuq cücəyə yem vermirsən. Təndirə çörək yapmırsan. Kişi evdə yoxdu deyib taya ot vurmursan. Ya da tayadan ot düşürmürsən. İnək-camış sağmırsan, xəmir yoğurmursan, ocaqda hər gün yemək hazırlamırsan böhyük ailənə, kürəyində su daşımırsan, məhlədə xalça-palaz yumursan haa, amma yenə də gün yetmir…

…Son abzas xaric yerdə qalanlar, bəndənizin, bir azərbaycanlı qadının, ananın, yazarın gündəlik, təbii ki, bəzi məqamlarda həyat yoldaşı ilə paralel olan iş qrafikidir. Demək olar, hər gün təkrarlanır. Deyəcəksiniz ki, nəyimizə gərək sənin iş qrafikin? Haqlısınız! Sərdar Cəlaloğlu danışdı deyə yadıma düşdü. Deyir qadınlar niyə əsgər getmir?! Niyə kişilərə tabe olduqlarını qəbullana bilmir?

Son bir neçə gündə Azərbaycanda səkkiz qadın öldürülüb, dördü şiddət görüb, hələ Allah bilir nə qədər başqa əzablar çəkən qadınları var məmləkətin, xəbər lentlərinə düşməyi özlərinə ar bilirlər. Mən feminist falan deyiləm. Gerçək ədalət adamıyam. O üzdən  kim Sərdar bəyi görsə, desin, gəlsin görək bircə gün qadın ola, ya da qadınsız ola bilirmi? Əgər ki, desə hə, ola bilər, onda gəlin çıxaq gedək əsgərliyə…

Başqa nə desəyən, necə anladasan ki,  ailəsi üçün sevə-sevə çəkdiyi bütün əiyyətlərdən sonra birazərbaycanlı qadının umduğu çox sadə bir şeydir: İki güclü əl. O əl ki, başını ovuclarına alıb, alnını öpüb, nə yaxşı ki, varsan əzizim, desin ona, hər gün olmasa da, hərdən bir. Onda həmin azərbaycanlı qadın, heç təklif olunasa da sevildiyini görüb, lap əsgər də gedər, lap QARABAĞ da azad eləyər. İnanmasanız, hərəniz öz evinizdə bir sınayın bunu, əziz kişilər!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top