Jalebloq.az

Cıdır düzünə dəli yürüşu…

KÖŞƏ

Cıdır düzünə dəli yürüşu…

Bu bir az ona bənzəyir ki,  səni evindən, həyətindən qovurlar. Sonra da orada keyf edib acıq verirlər. Sən da baxırsan. Deyirsən bir Allah bilir ki, bunları neynərəm, amma edə bilmirsən, el-aləm baxır axı…

Evim, Şuşadı…

Həyətim, Cıdır düzü…

Məni qovduran Rusiyadı, Avropadı, Amerikadı…

Qovan erməni dığaları…

Evimin üzlü qonağı da siranuşlardur. Bu dəfə  sözün həqiqi mənasında, Siranuş deyirəm. Cani Köçəryanın gəlini Siranuş.

Bizim dövlət olaraq el-aləmimizsə, onlardır, Avropa, Amerika, Rusiya…

Qulaqları burdadır. Bir tıqqıldı gəlməsin, gəldisə, Xədicəsi, Orduxanı, Əlisi, Vəlisi, yunusları, yəni hamısı ayaq üstədir. Ona görə maraqla gözləyirəm. Görəsən, Xədicə Siranuşun Cıdır düzündə çəkil çəkib, sosial şəbəkədə paylamasına necə reaksiya verər…

Orduxandan soruşasan ki, ay lələ, sən bu haqq-hesaba nə deyirsən?..

Hələ yunusların, ər-arvad yunusların fikirləri son dərəcə maraqlıdır, görəcən necə ifadə eləyərlər hislərini. Əminəm, şəkildi də, burda nə var ki?!

Onlar üçün əlbətdə ki, heç nə, amma yadıma anamın düyünləyib  müdafiə fonduna bağışladığı qızılları düşür, atamı ov tüfəngi…

…Bir də evimizin bir küncünə biz esir götürülə bilərik ehtimalı ilə yığılıb qoyulan çanta, və içindəki açılmasını anamın bizə qadağan elədiyi bir bükülü vardı (mən onu xəlvət açmışdım, dədəm anama ailə sayımız qədər güllə büküb vermişdi, saxlaması üçün. Altı ədəb, dörd qızı, bir xanımı, bir də özü üçün-J.M). Təhlükə sovuşana qədər mən dəfələrlə o qadağan edilən bağlamaya baxıb dodaqlarım titrəyə-titrəyə ağlayıb, uşaq ağlımla dua eləmişdim ki, “bizi ölməyə, qoyma,  Allah baba”…

Düzdü biz yaşadıq. Amma şahid kimi yaşadıq. Və gəlib elə bir dönəmə çıxdıq ki, Dağlıq Qarabağ münaqişəsinin qanişən canilərindən olan Robert Köçəryanın gəlini bizə Cıdır düzündə çəkdirdiyi şəkilləri nümayiş etdirdi. Bilmirəm, bəlkə ölsək yaxşıydı… Amma fakt bu ki, ölmədik, yaşadıq və gördük.

Cıdır düzündən, o məkandan ki, “Şuşanın dağları başı dumanlı, qırmızı qoftalı yaşıl tumanlı deyib”, sovet nameklaturası qarşısında risk edib,  hələ o illərdə üç rəngli bayrağını tərənnüm eləyən, onu unutmayan  Azərbaycan muğam sənətinin nəhənglərindən, Xan əmidən də utanır adam. Mavim, qırmızım, yaşılım, baş tacı bayrağımla gedə bilmirik Cıdır düzünə, Bizi bağışlama Cıdır düzü, səh gecə yuxumuza gir, bizə qorxulu yuxular yaşat, qoyma dincələk. Bəlkə bir gecə dəli olduq, yataqdan qalbıx eləcə, yalın ayaq, başı açıq qaçıb gəldik sənə…Neynəyək, zəmanə belədi, ancaq DƏLİLƏRDƏN qorxurlar. Biz də Cıdır düzünə bir dəli yürüşü edərik…

***

Bir də bizə həmişə belə ediblər. Özləri vurmayıb, vurdurublar. Bizə təxribatı özləri etməyib, kiminsə elə ilə etdiriblər. Məsələn, küçəmizdə, heç erməni-azərbaycanlı münasibətlərindən xəbəri belə olmayan iki-üç çinli azarkeş vasitəsi ilə ermən fubtolçusuna görə təxribatı oyunu oynayıblar. Üzümüzə Siranuş(ların)un  əliylə sillə vurublar düşmənlər. Bizsə hələlik gözləyirik. Sülh, sülh, sülh deyib, Azərbaycanı dünyanın heç bir yerində hərbi əməliyyatlara cəlb edə bilməyən nainsafların öz ərazimizdə müharibə başlamaq təhrikinə səbrlə yanaşırıq.

Allah səbrimizi kəssinmi? Kəsməsin! Bəlkə də kəssin demək lazım. Çünki son şəhidimiz 2000-ci il təvəllüdlüdür. Mənim oğlumla arasında cəmi səkkiz yaş fərq var. Bu münaqişə övladlarımıza qorxunc siyasi, ictimai və hərbi mirasdır, gerisi təfərrüat…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top