Jalebloq.az

Cuqquşun etibarından düşənlər…

KÖŞƏ

Cuqquşun etibarından düşənlər…

Azərbaycanda müxalifətin axırının itməsinin iki səbəbi var.

Birincisi, mədəsi beynindən irəlidədir.

İkincisi, iddiası bacarıqlarının üstündədir.

Yalanı yoxdur, illər öncə Azərbaycanda gerçəkdən müxalifət partiyaları, onların liderləri olub.  Həm də elə liderlər olub ki, sözləri ilə siyasi hakimiyyət də razılaşıb. Ən azından diqqət edilib, görək nə deyilər?

O müxalifətdən miras qalan bu günki  uğursuz müxalifətə də diqqət edirlər. Görək indi kimin sifarişi ilə mitinq-mitinq oynayır, kimi hədəf alıb söydürəcək, kimdən nə istəyəcəklər?

Əslində o müxalifətdən qalan çox uğursuz mirasdırlar. Vətən, millət savaşı deyil onlarınkı. Ən vacibi də odur ki, onlar bizim kənddəki səhhətində ciddi problem olsa da, tum satıb həyatını qazanan, dolanışığını təmin edən, rayon, kənd camaatının da çox istədiyi Cuqquş əminin belə etibarını itiriblər.

Cuqquş əmi onlara  “salla, uayna eydin” deyir… Yaddaşımda dəqiq qalıb. İllər öncə bizim Cuqquş əmi nəhəng aksiyalarda o adamlara pulsuz tum da, çay da paylayanlardan idi. Çünki onun da azadlıq, müstəqillik arzusu reallığa yaxınlaşırdı və ən vacibi inamı, etibarı var ii o adamlara…

…Biz müxalifət adına nəhəng aksiyaların şahidi olmuşuq. İnsanların inamını kütləvi surətdə qazanan bir neçə yetişmiş liderini də görmüşük müxalif düşərgənin. İndi elə bil aralarına tüstü buraxmısan. Məşhur “Bəyin oğurlanmasın” filmində Ələsgərin tüstü yayıb, “dağılışuuunnn” komandasından sonrakı dağılışmaya bənzəyir onların qəfil yoxa çıxması. Az qalıblar,  çox az və özü də ən zəiflərlə. Onlarınkı da söz demək deyil, aşığın sözü bitəndə elədiyi eləyirlər. Dalay-dalay vururlar yəni.

Siyasi hakimiyyətə rüşvətxor deyirlər, özləri gündüz söydükləri adamlarla, gecə çayxanalarda oturub haqq-hesab edirlər…

Adlarına müxalifət deyirlər, sonra araşdırıb görürsən ki, elə burdakı, Bakıdakı ayrı-ayrı siyasi komandaların sifarişləri ilə ölkəni qarışdırmağa,  mitinq zad eləməyə çalışırlar…

Beynəlxalq hansısa tədbir oldumu, Avropaya, Qərbə qaçırlar. Qərb əmi, Avropa xala, pulumuzu verin şuluq salaq…

Yanlarında işsiz-güzcüz, beyni pozuq, tüfeyli həyat yaşayan beş-on uşaq da saxlayırlar. Kimsə ünvanlarına düz söz deyəndə, çaqqal-çuqqal kimi adamın üstünə salır, söydürüb, təhqir elətdirirlər hikkələrindən.

Novxanıdakı 28 may “mitinqlərinə” baxanda düşdü yadına bu yazdıqlarım. Guya ora getməkdə məqsəd Məmməd Əmin Rəsulzadəni hamıdan yaxşı yad eləmək olub. Guya vətən, siyasi lider hayındadırlar.  

İllərdir anlamadılar, başa düşmədilər ki, bu ölkədə dəyişməyən yeganə şey nə qədər ordan-burdan pul, qrand, layihə udsalar da onların beyinləridir. Ya səksənlərin axırında qalıb, ya doxsanın əvvəlində. Dəqiq ili bəlli olsaydı, lap söyəsələr də gedib gətirib gələrdi adam. Üzlərinə sudan zaddan çiləyib ayıldardı, deyərdi ki, qardaş, ayılın,  2019-cu ildir və  sizə bu məmləkətin Cuqquş dayısı da inanmır…

Vəssalam, daha heç bir sözüm yoxdur. Hə, bir də bunu yadınıza salmaq istəyirəm cənablar, Məmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin adı gələndə, illər öncə “turşumuş” sifətlərinizi görən adamlarıq, barı bizdən ar eləyin…

Jalə Mütəllimova

Continue Reading
Bunları da oxu!
Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top