Jalebloq.az

Dədəmin böyürtkəni, lay-lay…

KÖŞƏ

Dədəmin böyürtkəni, lay-lay…

Sevimli müəlimim, keçmiş qrup rəhbərim, hətta ali məktəbin birinci kusunda dərs zamanı məni qəfil ağrı tutanda şəxsi maşını ilə xəstəxanaya aparan, əməliyyatım bitənəcən, valideynlərim gələnəcən, başımın üstünü kəsdirən sevimli dekanım, indiysə hörmətli baş nazirimiz Novruz Məmmədov maraqlı qərar verib. Meşələrdən meyvə yığanlar cərimələnəcək. Kilosuna bir manat. Elə əvvəldən deyim ki, bəlkə də bu yeni iş yerlərinin yaranmasına stimul verdi. Məsələn, ola bilər, bu qərardan sonra yerlərdə yabanı bitən meyvələrin mürəbbə və ya şirə istehal edən sexləri açıldı. Xüsusi otlardan bitki çayı istehsal edən fabriklərimiz yarandı və sair. Nəsə optimisəm, amma bir də onacan dözməsi var axı adamların. Burda bayaqkı optimist ola bilmirəm…

Keçmiş, uzaq olmayan keçmiş gözümün qabağına gəlir. Elə bilirəm, keçməyib…

İnsanın həyatında bir dönəm olur, səni Allah və təbiət qoruyur. Bizim ailədə də belə olmuşdu. Atamın hər gün tutduğu çay balığı bizi ac qalmaqdan xilas edirdi. Ailədə hamı işsizlikdən əziyyət çəkəndə…

Sonra yabanı bitən meyvələr xilas etmişdi bizi bir dönəm. Xüsusən də çöl böyürtkəni…

Kürün balığı, meşənin yabanı meyvəsi olmasaydı, Allah bilir, başımıza nə gələrdi.

…Köhnə-kürüş paltarları geyinib Kürqırağı meşədən böyürtkən yığmağa gedirdik. Bilənlər bilir, böyürtkən qədər sərt tikanlı, yabanı giləmeyvə kolu yoxdur. Yayın istisi yandırsa da, qalın geyinib bədənimizi qoruya bilirdik, əllərimizi yox. Didik-didik olurdu axşam evə dönəndə barmaqlar, dırnaq diblərinin də “qaranquşu”, (dırnağın dib ətinə bizim rayonda belə deyirlər-J.M) çıxırdı. Yanıb tökülürdü əllərimiz.

Böyürtkənin alakalında soğan turşusu tuturduq. Qışda əvəzsiz olur. Dəymişini arzulayan olanda satır, ya da satmaq üçün mürəbbə bişirirdik. Hələ əla kompotu da olur böyürtkənin.

Baş nazirin məlum qərarı haqda eşidəndə niyəsə arzuladım ki, kaş təbiətin və Allahın ümidinə qalan adamları olmasın məmləkətin… Mən də elə-belə özümdən, xatirələrimdən danışmış olum, amma yenə də nigaranam, varmı, yoxmu?!..

…Özümdən danışdım, öz yaşadığımdan. Meşədə yabanı bitən bitkilərin, meyvələrin, müalicəvi və çay otlarının, çay balığının sıravi, sadə, kasıb kənd adamı üçün nə demək olduğunu başqa necə izah edim axı?!..

…Sonra da durub maddım-maddım baxıram kasıbın hər yerdən üzülən əlinə. Baxıram və susuram. Kimsə inciməsin, küsməsin, narahat olmasın. Bundan sonra başımıza gələcəklərə ancaq ağı deyəcəm. İndiki hal üçün məsələn, belə:

Dədəmin böyürtkəni, lay–lay…

http://musavat.com/news/dedemin-boyurtkeni-lay-lay_590082.html?fbclid=IwAR2gAQAi6ehtuo9pPTUMNU_o1MlHxqUXInum16Xq0RFBPvjUtI3hSAVI4bs

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top