Jalebloq.az

Dəhşətli i(İ)nsan(ov)…

KÖŞƏ

Dəhşətli i(İ)nsan(ov)…

Qərb Azərbaycanda soyuq müharibənin yeni srtukturunu sabiq səhiyyə nazirinin əli ilə qurur

Söhbətinin xronometrajı on dörd dəqiqə, qırx səkkiz saniyə, nifrətinin xronometrajı yoxdur, yəni sonsuz…

Hakimiyyət iddiasındadır, siyasi opponentinə nifrətini açıq bəyan edir…

Minnətdardır, Amerikaya, Avropaya…

Simpatiyası, özünə…

Arzusu, hakimiyyəti devirmək, ölkəni vətəndaş müharibəsinə sürükləmək…

Məqsədi, heyif çıxmaq, qisas almaq…

Kəfəni boynundadır, bilir ki, bu dəfə edəcəkləri üzündən həbsə düşsə, oradan ancaq kəfəndə çıxacaq. Başqa yerə yozmayın, yaşı yetmiş üçdür…

Nifrət edir,  onu yoxdan var edən Heydər Əliyevin oğluna, Prezident İlham Əliyevə…

Mübarizədə uduzan tərəfdir, qəbullana bilmir…

Siyasətə gətirdiyi yenilik, sərvət toplama mexanizmi…

Nazir kimi gördüyü ən böyük iş, birdəfəlik şprislərin qaynadılıb, təkrar istifadə edilməsi…

Mərdliyinə gəlincə, babat adam döyməyi və ya döydürtməyi var…

Xəstəliyi, yerlipərəstlik… Sürücüsü bakılı, katibəsi lənkəranlı olsa da, bu xəstəlikdən sağala bilmir…

O, Amerikanın, Avropanın Azərbaycanda növbəti “şuluqluğudur”.

Azərbaycana Amerika, Avropa standartı gətirmək istəyir: DEMOKRATİYA…

Nazlıdır, müxalifətin ona yağlı tikə kimi baxmasına xısın-xısın gülür…

Nifrət dolu ilk müsahibəsini, “Amerikanın səsi”nə verir, mütləq təsadüf deyildir…

Yerlipərəstliyini dilə gətirməsə də,  müsahibə verdiyi xarici media quruluşunun Bakıdakı  jurnalisti belə əslən qərbi azərbaycanlıdır…

***

Yalanı yoxdur, “Amerikanın səsi” nə verdiyi müsahibəyə qədər Əli İnsanovun özünü müdafiə etməsini, hakimiyyətə nənəm demiş, yandı-qındı verməsini, “od püskürməsini”, sağını-solunu gicitikan kimi “dalamasını” anlamaq lazımdır deyə düşünürdüm. Siyasi səhnədən iddiaları üzündən “vurulub” çıxarılıb, hikkəlidir, zaman keçdikcə sakitləşər deyirdim. Əslində iki iddialı siyasi tərəfdən biri mütləq oyundan çıxmalıdır. Çünki adı bəlli prosses, oyundur, sən fiqur, ya udursan, ya uduzursan.  Qoca İnsanov uduzmuş tərəf olmasını qəbul edə bilmir. Həm də anlamır ki, siyasi mübarizədə əksi olsaydı, yəni hər iki tərəf qalib olsaydı, ya da məğlub, bu təəccüb doğurardı. Qısası hakimiyyətdəki siyasi komandaya nifrətini, hikkəsini anlayışla qarşılamağı məqsədəuyğun bilirdim. O üzdən haqqında nəsə yazanda sabiq nazirin fikirlərinin bu tərəfinə heç zaman toxunmadım yazılarımda.

İndi dəhşətlisi odur ki, adam sakitləşə bilmir. Heyif çıxmaq ehtirası bürüyüb onu. Partiya qurub, çevrəsinə adam cəmləyib, mübarizəyə, aksiyalara başlamaq mesajını verir. Yəni sıravi adamları dövlətlə, siyasi hakimiyyətlə üz-üzə qoymağa hazırlaşır. Bu, açıq-aşkar vətəndaş müharibəsi hədəsidir. Bu, öz heyfini xalqın əliylə çıxmaq cəhdidir.

Əli İnsanov bunun üçün havadarlarını bu dəfə həm də açıq bəyan etdi. Həbsdən azad olunan gündən, Amerika, Avropa deyir də, başqa bir şey demir. Əslində gözlənilən idi. Başqa necə ola bilərdi?! Demək ki, uzun illər həbsxana həyatı yaşamaq, onu islah eləməyib, daha da qəddarlaşdırıb. Hədəfi siyasi hakimiyyət, sərvətini itirdiyi  Azərbaycan, bir də ətrafında ona inanıb cəmləşəcək sıravi insanlar olacaq. Daha dəqiqi, mənim olmayan ölkə, kimsənin deyildir iddiasındadır. Qorxulu tendensiyadır.

O üzdən, siz-siz olun, mediada, ictimai-siyasi təşkilatlarda, hətta hökumətin özündə, qəlbi Ə.İnsanov üçün çırpınanlar, vicdanınız, əqidəniz, insafınız olsun, dövləti, vətəndaşı sevin, özünüzü və bizi vərəm doktorunun qurmaq istədiyi feodalizmə sürükləməyin.

Yeri gəlmişkən, sabiq təhsil naziri, Ə.İnsanovla zamanında eyni klanın ağsaqqallarından Misir Mərdanovun, keçmiş komanda yoldaşına, eloğlusuna sualları da diqqət çəkir:

-Vaxtilə döyüb-söydüyün adamlarla, hansı üzlə eyni gəmidə oturacaqsan?

-İnsanların nifrəti önündə necə dayanacaqsan?

-Necə adamsan, səni başa düşə bilmirəm?

“Yetmiş üç yaşında ağsaqqal adam, şəxsiyyətinə hörmət edə gərək. Gedə dizinin üstünə nəvə-nəticələrini ala, ömrünün ahıl dövrünü normal, ailəsi ilə başa vura. Sənin siyasətə qayıtmağının bundan sonra heç bir nəticəsi ola bilməz və sən adam olsaydın, heç olmasa, hebsdən çıxandan sonra səni adam edən, çörək verən, ortaya çıxardan Heydər Əliyevin məzarını ziyarət edərdir”.

Keçmiş əqidə dostunun dediklərindən də bəlli olur ki, adam bölücülüyü, irticanı təmsil edir. Regionçuluq, yerlibazlıq kimi geridə qoyduğumuz anormal sistemi təzələmək istəyir. Anlayacağınız o, dünya irəli getdiyi halda, bizi geri çəkmək arzusundadır.

…Ə.İnsanov, sizdən alınan illərə görə nə dövlət, nə quracağınız partiyada sizə güvənib, yanınızda duracaq insanlar, hətta barmağınıza dolayıb ələ saldığınız müxalifətçilər belə günahkar deyil. Bircə duyğuluq günahınız var. Yırtıcı və dəhşətli biri olmamaq lazım idi. Yeddi metirlik kəfənə bükürlər, iki metr torpağa qoyurlar bizi öləndə. O da qismətdə varsa. Elələri var, onu heç torpaq da götürmür. İddiasından, hikkəsindən qorxur. Yer götürməyəcək adamlardan olmayın…

…Və bəlkə gün kimi aydındır sizə: PREDMEDSİNİZ! Soyuq müharibənin yeni bir strukturunu Qərb  sizin üzərinizdən qurmağa cəhd edəcək Azərbaycanda. Qərb üçün müsahibənizi, bəlkə də ifadənizi mərkəzdən gələn tapşırıqla, videoyazılı alan “Amerikanın səsi” məhz o strukturlardandır. Soyuq müharibə vasitəsidir yəni. Sizə uğur dilmirəm, çünki etdiyiniz çox dəhşətlidir. Bundan sonra Azərbaycan vətəndaşı olaraq gözümdə “dəhşətli i(İ)nsan(ov)dan başqa bir şey ifadə eləmirsiniz …

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top