Jalebloq.az

“Dəli yığıncağı”nın mahir təşkilatçısı… – FOTOLAR

MÜSAHİBƏ

“Dəli yığıncağı”nın mahir təşkilatçısı… – FOTOLAR

Azəri, Coşqunu, Rəfaeli şon-biznes “udub”Onun hazırladığı elə bir tamaşa yoxdur ki, ordan çox məhşur bir söz, ya da ki, cümlə dillər əzbəri olmasın.  Əsərlərinin siyahısı durub qarşımda. Baxıram ki, ardıcıllığa düzəndə hər ad əslində bir dərsdir elə bil. O bizə “Fatehlərin divanı”nı qurdu. Sonra “Topla Teymur”u tanıtdı. Hamını inandırmaq istədi ki, ölən təkcə “Günahsız Abdulla”lar deyil,  həm də insanların içindəki vicdan olur bəzən. Vicdan da insanın bədən üzvü kimi bir şeydir, olmadısa zəlil görünür insan. Başa saldı ki,  “Generalın son əmri” səslənsə də, o, qürurundan vaz keçməyən zabitdir həmişə. “Vətən sağ olsun” deməyi bacarır öləndə də.
Sonra bir az adamların fikrini dağıtmaq üçün “Ordan-burdan” danışdı.  “Yaşıl eynəkli adam”ın gördüyü unutqanlığı, bir az da hoqqabazları göstərdi bizə gülə-gülə. “Ötən ilin son gecəsi”ndə bəzən tənhalığın da faydalı ola biləcəyini izah elədi.  Ardıyca  “Yollar görüşəndə”yə bağladı bizi ki, ümidlərimiz qırılmasın sabaha. “Qatarda” əyləşdirib yaltağın, qorxağın, heç nəyi vecinə almayanın və mərdin simasını açdı bizə son durağa çatanacan. “Qonşu qonşu olsa” deyəndə anladıq ki, bəli, qonşu qonşu olsa,  adamın kor qızı da ərə gedər. Sonra Yaşar Nurini, Cahangir Novruzovun və daha kimlərin topladığı “Dəli yığıncağı”na  “Dəvətnamə” verdi bizə. “Bəylik dərsi” də keçdi.  Bir də “Sübhün səhəri”ndə, “Cavid ömrü” yaşatdı.
Bu qeyd elədiklərimin hər biri onun yaratdığı əsərlərin adıdır. Onun sadaladığım hər əsərindən bunları öyrəndim. 
Azərbaycanın mədəniyyət tarixində öz izi olan xalq artisti Ramiz Həsənoğlunun siz tanımadığınız tərəflərini göstərməyə çalışmışıq söhbət boyu. Onun əsərləri qədər olmasa da, bir balaca nəsə təqdim eləməyi bacarsam nə mutlu mənə. Hər şeyi başa düşürəm…
-70 yaşdan baxanda dünya necə görünür Ramiz müəllim? Nə var, nə yox 70-də?..
-Heç nə dəyişməyib. Həmən hislər, həmən qayğılardır. Sadəcə sən bilirsən ki, artıq “70-lər” klubundasan.
– Kimlər var orda, maraqlıdırmı? 
– Mənimlə yaşıd, hətta məndən böyüklər də var. Anar var, Nazim İbrahimov var, Rafiq Əliyev də var. Ramiz  Rövşəni də bu gün sabah gətirəcəyik bura. Ən başda duranımız Nazim İbrahimovdur. 80 yaşı adlayıb. 
Yəni bu çevrədə özümü çox normal hiss eləyirəm. Ən vacibi də odur ki,  bu yaşda hər şeyi tam başa düşürəm. Hər şeyin nə vaxtsa qurtaracağını anlayıb, sakit qarşılaya bilirəm. Hələ ki, Allah məsləhət bilir, mən də yaşayıram. Bəzən ağrılı məqamlar olur, amma onu da yola verirsən gedir. 

Aprel olaylarında çox ağrıdım…
-Ömür nə qədər uzun olsa da bəzi mərhələləri ağrı acısız olmur. Dağlıq Qarabağdakı olaylar, şəhidlərimizin olması məni möhkəm ağrıtdı. Elə gün oldu ki, heç özümə gələ bilmədim (susur bir xeyli, sonra dərindən ah çəkir-J.M). Təssüflərlə dolu olsaq da həyatı davam eləməyə məcbur qalırıq. Yaşamaq, irəli getmək, yaradıcılıqla da məşğul olmaq lazımdır. Həyatda başqa cür ayaqda durmaq olmaz. 
-Nə işlər görürsünüz?
-Düşündüyüm işlər çoxdur. Hansının baş tutacağı, hansının qalacağı tam olaraq məndən asılı deyil. Ömrüm boyu rəssamlara, bəstəkarlara, bir də yazıçılara həsəd aparmışam. Onları heç kəs oxumasa, dinləməsə, eşitməsə, görməsə də fürsət tapan kimi öz işləri ilə məşğul ola bilirlər. Müəyyən bir vaxtdan sonra istər özləri, istər davamçıları işlərini ortaya çıxara bilir. Biz də, yəni rejissorlarda vəziyyət başqadır. Bizim sənət bütün sənətləri bir az özündə birləşdirir. O sənətlərdən biri olmasa işimiz mütləq axsayar. Onu da deyim ki, həyatım boyu xoşbəxt rejissorlardan olmuşam. Bir işi bitirib, o birini başlamışam. Ya da ikinci işi görə-görə üçüncü haqda düşünə bilmişəm. Onu da işləməyə başlayanda başqa bir işi düşünmüşəm. Artıq o temp yoxdur. Yaşlana-yaşlana işlər də bir az dəyişir. Yaşlandıqca demək olmaz ki, eyni zamanda bir-neçə işlə məşğul ola bilirsən. O intensivliklə artıq işləyə bilmirəm. Tək ona görə yox ki, yaşa dolmuşam. Həm də ona görə ki, vəziyyət də dəyişib. 

– Necə dəyişib? Hara gedirik? Yaxşıya ya pisə? Optimist olaq ya pessimist?
– Bu suala cavab verəndə obyektiv olmaq çox çətindir. Sadəcə istədiyim budur, elə işlər görək ki, illər sonra üçün də aktual olsun.
70-ci illərdən aktuallığınız itmir…-Sizin 70-ci illərdə çəkdiyiniz “Yollar görüşən”də tamaşası aktualdır hələ. O üzdən sizin aktual olub-olmayacağınız məsələsində mən sizdən optimistəm deyəsən…
QEYD: Bu optimistlik  ürəkləndirir Ramiz müəllimi, gülür dediklərimə. Yada düşər xatirələr silsiləsindən söhbətimiz növbəti mərhələsinə keçir deyəsən bu məqamdan.
– Elə ona görə istəyirəm ki, indi yaradılanlar, yaratdıqlarım, yaratdıqlarımızdan da gələcəyə nəsə gedib çıxsın. Siz dediyiniz tamaşa 1978-ci ildə çəkilib. Sevinirəm ki, yaddaşlarda var.  

Ətayə Əliyevanın və  Həsən kişinin oğlu
-Valideynlərinizdən danışaq. Gözəl aktrisamız Ətayə Əliyeva və mədəniyyətə, incəsənətə bağlı Həsən müəllimin oğlu idiniz. Sonra hamımız üçün Ramiz Həsənoğlu oldunuz. Yəni öz adınızı qazana bildiniz. Hansı yaxşı rütbə idi. Onların oğlu olmaq, yoxsa öz rütbənizi qazanmaq?
-Kim oluramsa olum onlar həmişə ağlımda, yanımdadırlar. Özümü onlarsız düşünmürəm. Hər zaman mənimlədirlər. Atamın adı təxəllüs kimi o vəfat edəndən sonra mən desək, yol yoldaşı oldu. İnsan keçdiyi yoldan çəkinməməlidir. Təbii ki, ayıb iş görməyibsə, utanacaq nələrisə yoxdursa.
– Çoxdurmu utanc gətirən işləriniz? 
– O qədər var ki…
– Yaradıcı, yoxsa sadə insan kimi untanmısınız? Yəni mənəvi yükü nə olub utanmağınızın?
– Yaradıcılıqda utandığım ağlıma gəlmir. İnsan kimi bəzən zəifliyim olub. Hansısa mövzu ilə bağlı daha dərinə gedə bilərdim, getməmişəm. Bu sonradan məni ağrıdıb. 
“Topal Teymur”u 90-larda çəksəydim…
-Bir söz də deyim sizə. “Topal Teymur”u 80-ci yox, 90-cı illərdə çəksəydim hər şey fərqli olacaqdı. Onda artıq Qarabağ olayları başlamışdı. Hadisələr dəyişmişdi. Mütləq bunu təsiri olacaqdı o tamaşaya. Hərdən belə detalların təəssüfünü yaşayıram. 
– Milliyyətçisinizmi?
– Heç vaxt milliyyətçi olmamışam. Rus dilli məktəbi bitirmişəm. Ailəmizdə isə ancaq Azərbaycan dilində danışmışıq. Evimizdə hər iki dildə kitablar olub. Şərq və qərb mədəniyyətinin içində böyümüş adamam. Bu tərbiyə ilə aşırı milliyyətçi olmaq olmur. Amma deyim ki, vətənimə, dilimə, dinimə bağlı adamam. Dəfələrlər getmək imkanım olub, getməmişəm, gedə bilməmişəm. Mənəvi bağlılığım olub. Milli hislərlə yaşayan adamam. Bu ölkədə yaşamağım və azərbaycanlı olmağımla fəxr eləmişəm həmişə. Eyni zamanda bilmirəm kim bunu necə qəbul edəcək, məsələn xanımım milliyyətcə rus idi. Təəssüf, artıq həyatda deyil…
QEYD: Böyük şəxsiyyət saydığım ikinci adamdır ki, ondan qadını haqda danışanda həssaslıq, kövrəklik hiss eləyirəm. Birincisi çox dəyərli professorumuz Rafiq Əliyevdir. Zaman-zaman həyatda olmayan xanımına yazdığı yazılarını oxuyanda anlayırsan ki, böyük sevgiləri böyük kişilər yaşaya və yaşada bilər ancaq. Həmsöhbətimin də dostu olduğu üçün bu mövzuda Ramiz Həsənoğlu yanaşması da maraqlı gəlir adama. Etiraf eləməsə də kövrəldiyi duyulur. Elə o kövrəlmiş halıyla həm də sualdan yayınır. 
-Neçə ildir həyatda deyil xanımınız?
– Altı ildir. (Dərhal söhbəti dəyişir-J.M). Övladlarım da böyüyüb. Babayam. Böyük qızım Türkiyədə yaşayır. 
(O dəyişirsə biz də dəyişməyi lazım bilirik, amma gözlər insanı yanıtmaz. Mən o gözlərdə nəm də gördüm bir azca-J.M)
– Ünsiyyətdə bu qədər rahat adam olmağınıza rəğmən qəribə bir zəhminiz də var…
– Bilmirəm niyə belədir. Deyim ki, ciddi adam təsiri bağışladığım qədər zarafatı da sevirəm. 
Dedim səni “Tox həriflər”ə çəkəcəm…
– “Ac həriflər”də də xeyli maraqlı epizodlar var zarafatyana… 
– (Xeyli gülür) Hə o tamaşa çəkiləndə vəziyyət xeyli başqa idi. Deməli mən orda daha çox rejissorları toplamağa çalışdım. O vaxt söz yayılmışdı ki, Ramiz rejissorları çəkir, aktyorları saymır. “Əhməd haradadır?” filminin şofer Əhmədi, dəyərli Elxan Qasımov da yarızarafat mənə dedi ki, “tamaşa çəkirsən, bizi yada salmırsan”. O, çox zövqlə geyinən, şax gəzən adamdır həm də. Elə bir söz gəldi ağlıma dedim Elxan, səni “Tox həriflər”ə çəkəcəm…
Zərbəlini Mərahim oynamalı idi…
-O tamaşada Zərbəlini Mərahim Fərzəlibəyov oynamalı idi. Gördüm məşqlərə gecikir, gəlmir. Onu Bəhram Osmanovla əvəz elədim. Bir xeyli sonra özü etiraf elədi ki, qəsdən elə eləyirmiş. Orda bəzi epizodlar var idi, Zərbəlini tez-tez qapazlayırdı Yaşar. Yəni obraz bunu tələb eləyirdi. Mərahim o epizodun onda çox gülməli və marqlı alınacağını bildiyi üçün gəlmirdi. 
QEYD: Xeyli güldük. Əslində nəyə işarə olunduğunu bilirdik. Mərahim Fərzəlibəyovun saçının az olması silləni daha effektiv edəcəkdi. Xalq artisti olan, həm də böyük bir sənətçi, lap tamaşada olsa belə qapaz altına düşmək istəməmişdi…
Ən böyük “rejissor” Allahdır….
– Siz bayaq başqa sənət adamlarına qiptə edirsiniz, amma bir məsələ var. Allah hər şeyin yaradanı, dolayısıyla ən böyük “rejissordur”. Və seçilmiş insanlara da bu bacarığından bir az veribsə bəlkə başqa peşə sahibləri də rejissorlara qiptə edirlər?
-Əslində bu peşə bəşəriyyət yaranandan var. Sadəcə adı sonradan verilib. Bəlkə də haqlısınız, kim bilir?..
QEYD: İşlədiyi otağın divarlarında xeyli sayda karifey sənətkarın şəkili asılıb. Növbəti sual elə bununla bağlıdır.
-Adil İsgəndərov, Mehdi müəllim, Yaşa Nuri və başqalarına var bu şəkillərdə. Bunlar bir də olacaqmı?
-Onlar sütun idilər. Düşünmürəm bir də olacaqlar. Nə olsa, nə yaransa onların ətrafında yaranacaq və təbii ki, müasirliyə uyğunlaşıb inkişaf edəcək. 
Azəri, Coşqunu, Rəfaeli şon-biznes “udub”
-Bizim istedadlarımız var və olub. Rejissorlar arasında da var belələri, aktyorlar sırasında da. Məsələn ciddi sənətdən söz düşsə Azər Axşam, Rəfael və Coşqunun çox yaxşı potensialı var. Rafael debütünü mənim tamaşamda edib aktyor kimi. İndi vəziyyət başqadır. O üzdən biz onları məlum rollarda görürük. Ağırdır, amma gərək deyəm, qoy uşaqlar məndən inciməsin, bir balaca nəfislərini tutub çox pulun dalınca qacmasaydılar yaxşı olardı. Mənə nə o şou, nə də onun biznes tərəfi çatmır. Bu yanda şəhidlər var, aləm qarışıb bir birinə. Orda kimsə efirə çıxıb çalıb-oynayır. Bu belə olmamalıdır. Kənardan bərbad görünür. Mütləq belə şeyləri tənzimləmək lazım. 
SON: Yaradıcılığının şah əsərlərindən biri “Topal Teymur” olsa da bu möhtəşəm sənətkar, möhtəşəm Azərbaycan kişisi mənim yadımda “Dəli yığıncağı”nın mahir təşkilatçısı kimi qalacaq. Durun! Dəli dolu hər kəsi ətrafınıza  yığıb “bizsiz məclis olmaz axı” deməyə tələsməsin kimsə. Bu dəlilər,  o dəlilərdən deyildi.  Həsənoğlunun  “dəliləri” sənətinin dəlisi, vurğunu, ustası olan adamlar idi.  Həm də heç vaxt təkrar olumnayacaq sənətkardır hər biri. Özü  söhbətimizin sonunu  “hə noolsun?!” deyib Zərbəlini xatırlatirdi. Mən də özümü o məclisin ən bacala dəlisi yerinə qoyub deyirəm ki, “day noolmalıydı ki, Ramiz müəllim?! Siz varsınız,  bu da çoxumuza yetir”… 
Jalə Mütəllimova/ Bizimyol.info

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox MÜSAHİBƏ

To Top