Jalebloq.az

Dönərini yeyənlərin Mehmana “xəyanəti”…

KÖŞƏ

Dönərini yeyənlərin Mehmana “xəyanəti”…

Dönərini yeyənlərin Mehmana “xəyanəti”…

…və ya ağlayan oğlanla siyasət…

Bundan min il sonra da desələr ki, Mehman jurnalistdir, onun həbsi söz və mətbuat azadlığına zərbədir, cavabım bu olacaq: Mehman jurnalist deyil! O gənc, azərbaycanlı blogerdir! Çılğın, emosional, bəlkə hələ də idealları olan azərbaycanlı bloger! Mətbuatın bu gününün isə çox ciddi şəkildən gözdən keçirilməsinə, müzakirə olunmasına ehtiyac var. Bu mənim vətəndaş və jurnalist mövqeyimdir…Əslində isə…

…Əslində bloger Mehman mövzusunda yetərincə layiq olmadığım təhqirləri eşitdim, amma bunu həm də anlayışla qarşıladım. Susqunluğum qorxaqlıqdan deyildi. Düzü, düşündüm ki, mövqeyimə görə statuslarda, şəkillərimi paylaşaraq, biədəb söyüş söyən, aqressiv və tərbiyəsizlərdən ibarət bir qrup adamla nəyi müzakirə edim axı?!..

…İndi məsələ başqa şəkil alır. Mehman haqq-hesabı gözümüzün önündə “şişib”. Gəlib o yerə çıxıb ki, qardaşı və bəlkə bu gənci tanımayan onlarla “narazı” adam böyük bir kampaniyaya başlayıb. Əslində bəla burasındadır ki, belə kampaniyaları başlayan, genişlənməsinə çalışanların dövlət və dövlətçiliklə bağlı böyük istəkləri, arzuları, idealları filan olmur. Sadəcə hakimiyyət, pul, vəzifə, heyif çıxmaq hərisliyi, iddiaları olur. Bəlkə bu da normaldır. İnsanın iddiası olmalıdır. Amma məsələ burasındadır bizim iddialıların çoxu ona görə mübarizə aparır ki, “o pis dolanır”. Yox, tələsməyin, demirəm ki, hamı əla dolanır, hər şey idealdır. Xeyr, demək istədiyim odur ki, söyənlərin bir xeylisi, bəlkə də hamısı daha yaxşıya layiq olduğunu düşünənlər və heç də pis yaşamayanlardır.

Gerçəkdən pis dolanan yazıq insanların, vətəndaşların isə danışmağa heyi, problemlərinin həllinə ümidləri qalmayıb. Kimsə belə şey yoxdur, çiçəklənirik deməsin. Deyirsə, gəlsin ona yazıq günə qalan, onlarla Azərbaycan vətəndaşı göstərim…

…Nə isə mövzudan yayınmayaq. Ölkədə iki cəbhə yaranıb. Söyənlər və susanlardan ibarət. Söyənlərin hədəfi bəllidir. Dövlətin ali rütbəli insanlarını, Ali Baş Komandanı, ailəsini təhqir edirlər.

Susanlarınsa mövqeyi, balanslı davranışı müəmmalıdır. Maraqlıdır, xırda istisnaları çıxsaq, bir məmur, düz əməlli bir millət vəkili yoxdur ki, normal fikir söyləsin, arqumentləşdirilmiş, ciddi düşünülmüş, ağılla işlənmiş, şüurlu, məntiqli çıxış eləsin. Söyənlərə söymədən də danışmağın, tənqidin mümkünlüyünü isbatlasın. Kimsə buna tənəzzül belə etmir.

Əslində Mehman həbs olunanda bəlli idi ki, bu gəncin həbsi mənasız hərəkətdir. Mənasız qalmaqallara, xarici pressinqlərə yol açır. Bəlkə heç Mehman özü də ətrafında bu qədər ajiotajın, səs-küyün yaranmasının səbəbini tam anlamayıb…

…Və düzünə qalsa, nədən təsirləndim?! Niyə bu yazı yazıldı?!.. Mehmanın xeyli öncə rast gəldiyim, kövrəldiyi video yazısı təkrar paylaşılıb sosial şəbəkələrdə. Ardınca da həm onun, həm də digərlərinin həbsi barədə siyasi çağırışlar edilir, ölkə vətəndaşları etiraz aksiyalarına dəvət olunur, aclıq edənlərini sayına dair yalan-gerçək məlumatlar verilir. Amma bu qədər mürəkkəb durumda mənim ağlımda sözügedən video yazıda dodağı titrəyən Mehman və dediyi sözlər qalıb:
– Mənə gətirilən dönəri də bölürdüm, zarafatlaşırdıq, indi üzümə durublar… – sonra da ağlayır…

…Bu adam jurnalist deyil. Bu adam siyasətçi də deyil, siyasət adamı da deyil. Siyasətçi kimi yetişəcəyini ehtimal etmək belə absurddur. Bu adam hansı oyunu oynadığından bixəbər olub. Sadəcə bir gəncdir, insandır, Azərbaycan vətəndaşıdır. Əsla və əsla siyasi oyun predmeti deyil. Dönərini bölüşdüyü adamların, zarafatlaşdığı aşağı rütbəli də olsa qulluq sahiblərinin “xəyanətinə” uğrayıb, ağlayan adam, bu ölkədə siyasi oyun predmeti olmamalıdır. Bu onu yox ölkənin siyasi dairələrini gülməli duruma salan hadisədir. Hə, deyən olsa ki, ağlamaq da siyasi priyomdur, hərdən nəhəng siyasət adamları da bunu edir. Elə məhz o kəslər unutmasın ki, Mehman min il bundan sonra siz deyən siyasət adamı ola bilməz. Onun buna mənəvi gücü yoxdur. Çünki emosionaldır… Çünki nəyinisə bölüşməyə cəhd edəndir… Çünki başına “corab hörülsə” də hələlik ağlamağı bacarır… Çünki az-çox düzgün yönəlmiş olmasa belə inamı var. Siyasət elə bir nəsnədir ki, sadalanan bu duyğuları qurudur. Hətta ailə üzvləri ilə də davranışlar hesablı, ölçülü-biçili olur. Yəni siyasət adama verdi qədər də adamdan nələrisə alan şeydir…Düzü o gəncin bu duyğularını itirməsini istəmirəm. Nahar kimi ona gətirilən dönərini polislə bölüşəcək qədər sadə(löhv), bu “xəyanətdən” təsirlənəcək qədər kövrək, etdiyini düşmənçilik yox, ədalətli hərəkət bilməsi qədər qürurlu qalsın… Olmaz! Və bu “olmaz”ı deyənlər sayəsində prosesə cəlb olunan xırda qulluq sahiblərinin heç nədən xəbəri olmayan ailələri müzakirə edilir. Adamın lap ürəyi bulanır. “Sənin alt geyimin Mehmana ərinin etdiyi xəyanətdən qazandığı pulla alınıb, ay qız”. Bu cümləni bloger Mehmanla insident yaşayan şəxsin xanımının şəkili altına şərh kimi yazıb sürətlə tirajlayırlar. Mental dəyərlər dediyiniz qaydaların hansındasa buna yer varmı? Kişilərin oyununda niyə kiminsə evinin xanımı, övladının anası, gənc bir qadın bu qədər eybəcər gündəm olsun ki?! Bu cür danışıqlar, təhqirlər yeni cinayətlərə yol açmayacaqmı? Nəhayət, bu hallar, həmçinin dövlətin ali rütbəli insanlarının söyülməsi kimə və ya kimlərə sərf edir? Bu doğurdanmı xaricdən idarə olunan prosesdir? Bəlkə Azərbaycandan da idarə olunduğu məqamlar var!.. Nə isə…Yəqin daha yaxşı bilənlər var ki, cavabı bəlli olan şeyləri hərdən suala da çeviririk peşə marağından…

Bir sual da var: Bu qədər iyrənc oynamağa dəyərmi? Məndən soruşulsaydı, deyərdim, dəyməz! Kimlərinsə evini, ya da keyfiyyətsiz döşənən asfaltı nümayiş etdirən bir gənclə başqa cür də davranmaq olardı. Onu siyasi tələblər, aksiyalar, tədbirlərə səbəb etməyə lüzum yox idi. Biz nədən, nəyə sürükləndiyimizin fərqində olmalıyıq. Məkr və hikkədən qaçmalıyıq yəni. Bu arada AŞPA həmməruzəçiləri Azərbaycan hökumətinə müraciət edib ki, Mehmanın işi yenidən araşdırılsın.

Azərbaycanın Ədliyyə Nazirliyinin Pentensiar Xidmətisə rəsmi açıqlama yayıb ki, Mehman aclığı dayandırıb. Adam oxuyur və kimsəyə inanmır. Nə xaricilərə, nə xaricdə oturub danışanlara, nə də bizim rəsmilərin açıqlamalarına. Bu da bir bəladır, öz ölkəndə, öz dövlətində, sənin verdiyin səslə formalaşan hökumətə, dövlətə inamı, etibarı, sevgini, göz qabağında mərhələ-mərhələ öldürülür adamların. Sizsə susun, hamınız susun, özü də “müdrikcəsinə” susun. Nə də olsa sizi söymürlər, yıxılanda sizin dövlətiniz deyil, bizim Azərbaycandır!..

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top