Jalebloq.az

“Dünən etdiklərimiz… qoymur unudulaq” – Məşhur rejissorla söhbət

MÜSAHİBƏ

“Dünən etdiklərimiz… qoymur unudulaq” – Məşhur rejissorla söhbət

Xalq artisti Ramiz Həsənoğlu: Sənətə gəlirlər, ehtiyac onları “aparır”…

Qəribə adamdır, “Ac həriflər”i bir araya yığmağı əla bacarır. O yığıncağa kənardan baxan da deyir ki, bu bir az da “Dəli yığıncağı”dır. Sonra anlayırsan, “Günahsız Abdulla”nın həyatı eləydi ki, onu ancaq “dəlilər” anlaya bilər. Üzünü çevirib, bir balaca nəfəs almaq üçün “Ordan-burdan” danışırsan. Gedib çıxırsan “Fatehlərin divanı” na, ordan “Topal Teymur”acan yolun var hələ. “Bəylik dərsi” keçmək istəyir kimsə sənə, “Cavid ömrü” düşür yadına. Və “Generalın son əmri”ni xatırlayırsan. Sonra “Qatarda” uzun bir yol gedib, “Qonşu qonşu olsa” deyə düşünürsən, bəlkə də bütün qonşuları mənfisi müsbəti ilə yada salırsan, gülümsəyib, daha ciddi mətləblərdən yayınmaq cəhdin olur bu da beləcə. Hərdən də istəyirsən dönüb olasan “Yaşıl eynəkli adam”. Burda STOP!

Çünki bu günki müsahibimin özü də eynəkli adamdır. Yaşıl eynəklinin məqsədi bəhanələrin ardında gizlənən, üzə çıxmaq istəməyən qohumları bir araya gətirmək idi. Mənimsə məqsədim sevimli insanı, tanınan rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Ramiz Həsənoğlunu görmək, onunla həmsöhbət olmaq. Yetmişi adlayandan sonra zəhimli eynəyin o tərəfindən necə görür bizləri? Maestonun hər kəlməsi məktəbdir. Cəmiyyətə və insanlara ancaq faydası olar. Görək nə deyir? Necədir? Nədən razı, nədən narazıdır? Diqqət mərkəzindədir, yoxsa diqqətdən kanarda? Elə belə də başladıq…

-Yox, düzünü demək lazımdır, mənim diqqətdən kənarda qalmaq məsələm yoxdur, olmayıb heç zaman. Bu yaxınlarda doğum günüm idi. Sağ olsunlar, diqqətdə saxlayıb dəvət elədilər verilişlərə. Suallar hamısı bir birinə bənzəsə də, mən hamısına cavab verdim. İndi fikirləşirəm ki, sizin seçildiyiniz suallar nəylə fərqlənəcək…

-Ola bilər, sual verənlər bir-birini oxuyub, baxmırlar. Ya da hamıya təxminən eyni məsələlər maraqlıdır…

-Yox, əslində elə düz edirlər. Bütün söhbətlərin əvvəli “nə var-nə yox”dan başlayır.

-Gerçəkdən nə var, nə yox, maestro?

-Doğmaların əhatəsindəyəm, ayaq üstəyəm, əsərlərim vaxtaşırı teleiziya ekranlarında, teatrlarda gedir. Bu mənə xoş gəlir. Sənət adamı üçün ən böyük qorxu unudulmaqdır. Amma bizim vaxtilə elədiklərimiz imkan vermir unudulaq. İndi ruhdan düşən dost, həmkar görəndə ona da deyirəm ki, ruhdan düşmə, indi sənin gördüyün bu iş, zaman gələcək, səni müdafiə edəcək. Əslində bu fikir o an üçün təsəllidir. Gerçəklik budur: Bizim dünən etdiklərimiz, bizi bu gün qoruyur, yada salır, yeni nəslə təqdim edir, qoymur unudulaq.

-Yəni yaxşı ki, heç olmasa o illərdə edilib?

-Yox niyə, indi də edirik. Demək istədiyim odur ki, elədikərindən bütün dövrlərdə tamaşaçıda rəğbət yaradırsa, adam bir az özlüyündə rahatlayır, razı olur, bilir ki, hələ özü də, gördüyü iş də aktualdır.

-Bu, hamıda belədir, ya ancaq özündən razı olanlarda? Maraqlıdır, siz özündən razı adamsınızmı?

-Yox, belə deyiləm. Əslində o hiss, özündən razılıq, adamın ovqatından asılı olan məsələdir. Bir də görürsən, eyni hadisə iki gün dalbadal baş verir. Hərəsinə bir cür reaksiya verirsən. Amma bir məsələ var, istənilən ruh halında obyektivliyi itirmək lazım deyil. Obyektiv reallıq var. Görülən işdə obyektiv tənqid varsa, ona da təmkinli yanaşmaq lazımdır. Tənqid təkcə nədənsə narazı qalmaq deyil, həm də təhlildir. Kimsə sənin işini tənqid-təhlil etmək istəyirsə, nə gözəl, buyursun. Deyilənlərdən həm də adam, bilirsinizmi, nə anlayır? Bilirsən ki, “tənqid edirəm” deyən adam sən demək istədiklərini nə qədər başa düşüb, özünün qabında nə var, nə yox. Bir də mən şou-biznes əhli deyiləm, gündəmdə o qədər olmasam da, olar.

-Təəssüf edirsiniz olmadığınıza?

-Yox, şükür Allaha ki, gündəmdə yoxam. Gördüyüm işlər var, onlar oldu bəsdir. 

-Belə bir narahatlıq var, gedənlərin yerinə gələn yoxdur. İstəyir rejissor olsun, istəyir – aktyor. Ya da var, amma o qədər azdırlar və ya dar imkanlıdırlar ki, görmək mümkün deyi…

-Bilirsiniz, elə mənim tamaşalarımda da aktyorlar var ki, çox gözəl başlayırlar, amma sonradan görürsən ki, tiraja çıxırlar.

-Sənəktar üçün tiraja çıxmaq nə deməkdir? Ümumiyyətlə, bu yaxşıdır ya pis? Son zamanlar tiraja çıxan aktyorların əksəriyyətində tamaşaçı olaraq qəbul etmədiyim bir şeyi demək istəydim. Guya komediya çəkirlər, amma baxırsan ki, bayağılıqdır çəkdikləri, çəkildikləri, mahiyyətdə bir çox şeylər.

-Bəs neynəsinlər, məncə, bəzən vəziyyət elə olur ki, məcbur qalırlar.

-Təqdir edirsiniz?

-Yox, amma indilik vəziyyət budur. Bəlkə onlar çıxış yolu dolanışıq üçün bazara işləməkdə görür. Mən qınamıram. Siz tamaşaçı kimi deyirsiniz. Mən peşədə olan adam kimi deyim. Qınayan adam deyiləm kimisə. Səhvdir, ya düz, onu da deyə bilmərəm. Diqqətlə baxmasam da, xəbərim var, seriallardan, filmlərdən. Düzdür,, arzu olunan keyfiyyət deyil, amma müəyyən işlər görülür və daha yaxşıya köklənməliyik.

-Sizin səviyyədə sənət adamları, ziyalılar nədənsə az danışır və bəzən də elə olur bir çıxışı il boyu müzakirə edilir. Adam istəyir belə adamlar daha çox danışsın.

-Lazım olan məqamda mən susan adam deyiləm. Danışmaq mütləq lazımdır. Mən lazımsız yerə danışmağa qarşıyam. Danışmaq, söz demək üçün mütləq əsaslandırılmış fikirlərin olmalıdır.

-Siz tamaşa dili ilə həmişə maraqlı mesajlar verirsiniz. Son belə tamaşanız hansıdır?

-Əslində mənə aydındır söhbət hara gedir. Bir söz deyim, məncə siz bir tamaşaya baxmalısınız. Mən quruluş vermişəm “Sonuncu”… adlı əsərdir, müəllif Pərvindir. Sizin verəcəyiniz bir çox sualların o tamaşa boyu, cavabı var. Yaxşı aktyor oyunu var o tamaşada. Sağ olsunlar, əla oyanayıblar aktyorlar.

ANTRAKT: Tamaşadayam. Müəllif Pərvin, əməkdart artist Fərhad İsrafilov və aktyorlar, Hikmət Rəhimov, Ləman Novruzova. Başladı, nə başladı. Dağınıq otaq, içib stolun başında yuxuya qalan, yaşlı, qoca bir kişi, Əlisöhbət Qələndərli adlı bir aktyor. Qocalığacan olan həyatını danışır. Sevgisindən qorxaqlıq üzündən imtina etdiyinə təəssüflənir. Özünü sənət nəhəngi bilir, amma o nəhənglik uğrunda mübarizə aparmayan, bəlkə istedadı ilə iddiası arasında böyük uçurum olan biridir.Ancaq xəyali sevgisi hər an başının üstündədir. Kənddə qoyub gəldiyi qızdan üzr istəyir addım başı. Bu tamaşa cəmi üç aktyorun oyunudur. Biri xəyaldır, qovuşmadığı sevgisidir, aktyorun. Biri özü, keçmişi və indisini danışır. Gələcəyindən narahatdır. Üçüncü isə indiki zamandır, adam şəklində. Hər şeyə əla deyib, insan səmimiyyətini əfəlliklə qarışdıran, mənfəətcil indiki zaman. Möhtəşəm oyun idi. Danışdı, danışdı, axırda da öldü Əlisöhbət Qələndərli. Onu kimsə xilas edə bilmədi, bəlkə etmək üçün heç cəhd də eləmədi. Sonu çox faciəli oldu. Günlərdir evindən çıxmayanda qapsını qırıb, içəri girdilər. Məlum oldu ki, bir neçə gündür keçinib. Əlisöhbət Qələndərlini köhnə qəbirsanlıqda, atasının, babasının yanında dəfn elədilər. Dəfninə toplaşanlar aktyorun fəaliyyətindən ağızdolusu danışdı.

Tamaşada qısa söhbət:

-Baxdınızmı?

-Baxdım və gördüm.

-Nəyi, məsələn?

-Onları yazacağam, amma mən bu tamaşada deyilənlərdən sonra optisimt ola bilmirəm, teatrların gələcəyinə dair.

-Bilirsən…

-Maestro, şəraiti dəyişmək mümkündür, dəyişilsə nəsə ola bilər. Yəni ümidimin kökünə balta vurmuram…

QEYD: Dəvətlisi olduğum tamaşadan anladıqlarım oldu. Təəssürat da demək olar. Deyim bir-bir, biz həmişə öldürüb sonra dalıyca maddım-maddım baxıb və iki qrupa bölünüb danışanlarıq. Birinci qrup yanıb yaxılanlardır. İkincilərsə yekə-yekə danışıb, xal yığanlar. Bir də var susanlar. Onlar daha nəhəngdirlər. İldə bir dəfə görünüb bir kəlmə deyəndə, bəzən il o deyilən sözün müzakirəsini bitirmək üçün yetmir. Amma ildə bir dəfə deyilən sözlə keçinmək olmur indi. O üzdən bəzi məqamlarda həmin nəhəngləri qınayıram şiddətlə. Belə yozdum Ramiz Həsənoğlunun deməyib susduqlarını: Haqqa girməyin, haqq da itirməyin. Zamanında dəyər verin adamlara, öldürüb danışmayın. Bağlı qapı arxasında faciələr, ölümlər var, siz o qapıdan bir dəfə də ümid gətirin adamlara. İnsanlıq ölüm ayağındadır, yığılaq xilas eləyək. Küsəmsin adamlar, ahlarından qurtula bilmərik. Qəlbləri qırmayaq, onda insan, insan olmadan çıxar. Bizim yaxşı, əla, gözəl yaşamaq, yaratmaq üçün hər şeyimiz var, istəyimizdən başqa. İstək vicdan məsələsidir, vicdanımızdan “muğayat” olaq gərək…
Abbas Mirzə Şərifzadə, Aleksandr Tuqanov, Cahangir Zeynalov, İsmayıl Hidayətzadə, Rza Təhmasib, Ülvü Rəcəb, Mərziyyə Davudova, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mövsüm Sənani, Rza Əfqanlı, Ələsgər Ələkbərov, Hökumə Qurbanov, Fatma Qədri, Əli Zeynalov, İsmayıl Dağıstanlı, Adil İsgəndərov, Mehti Məmmədov,Tofiq Kazımov, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Ağadadaş Qurbanov, Həsənağa Salayev və daha kimlərin adı gəlir sonda fona qoyulan böyük ekrana. Bu isə o demək idi ki, onlarla üzləşəndə hesabatımızda var hələ qarşıda… İşıqları söndü səhnənin biz söhbətimizə davam edək yenə…

Antraktdan sonra:

-Ramiz müəllim, siz ziyalı və sənətkar ailəsində böyüyən adamsınız. Nə zamandan Ətayə xanımın, Həsən müəllimin oğlu olmadınız? Onlar sizin valideynləriniz kimi tanınmağa başladılar.

-Əslində uzun müddət onların oğlu oldum. Bəlkə elə indi də özümü o cür hiss eləyirəm. Yəqin ki, cəmiyyət və insanlar üçün, Ramiz Həsənoğlu olmağa başlayandan, onlar məni atam və anamın övladı kimi görmədilər. Elə özüm oldum hamısı üçün.

-Maraqlı olan bir şey var. Siz elə təbəqə sənət adamısınız ki, müxtəlif kateqoriyalı insanlar, nəsillər görmüsünüz. İndi elə bil böyük sənət adamlarına qəribə münasibət var. Bu qəribəlik onları diqqətdən kənar da eləyir. Bəzilərinə son dərəcə diqqət də hiss olunur. Bu vəziyyət birinciləri qorxudur, depressiv duruma düşürlər...

-Bayaq da dedim, düzü, mən diqqətdən kənarda qalmamışam. Gələcəyimizə dair də optimistəm, məncə, hamıda bu hissin olması vacibdir, qorxmasınlar, zamanı gözləməyi bacarmalıyıq.

-Siz depressiyanı yaradan səbəb dediyimdə məsələnin maddi tərəfini düşündünüz bəlkə, amma mənim deməyim budur ki, elə bil o insanların sənətdən uzaq düşməsi də bu situasiyanı yaradır, məsələn, Səfurə İbrahimova prezident təqaüdünü belə alır, amma durumu o qədər də yaxşı deyil…

-Bir söz deyim, Səfurə xanımı mən anamın sağlığından tanıyıram. Onu bu vəziyyətə həm də özünün son dərəcə narahat adam olması gətirib. Əslində belə də olur bəzən.

-Belə bir fikir var cəmiyyətdə sənət camiyyəsi ilə bağlı, adamlar az qalır bunu SOS siqnalına çevirsin. Elə bil, yeni nəsil sənət nəhənglərimiz yetişmir. Bu nəyin göstəricisidir, dövrünmü, yoxsa sənətə marağın olmamasınınmı?

-Sənətə maraq böyükdür. Baxırsan, gəlir, işləyir, deyirsən, aha, bu mükəmməl olacaq bir müddət sonra. Görürsən ki, yox ehtiyacları onu, dartıb apardı. Düşünürəm bu məqam keçən kimi hər şey aydınlaşacaq. Təbii ki, çətin mərhələdir.

-Nə zaman keçəcək, sizcə?

-Onu dəqiq demək olmur, amma əminəm hər şeyin daha yaxşı olacağı gün mütləq var. Ümidi itirmək olmaz.

SON: Söhbətin harasını necə hazırlayacağam. Bunu düşünə-düşünə bitirə bilmir adam bəzən. Bir də baxırsan, yazıb-pozduğun qısa bir zaman kəsiyində unutmayacağın olayrlar oldu. Məsələn, xərçəng xalq artisti Fuad Poladovu apardı. Xalq artisti Rasim Balayev bayağı adamları ittiham elədi, onun ağzını “yumdu”lar. Anladığın bir şey var, danışmaq lazımdır, sonra gec olacaq. Bəlkə heç sonra da olmayacaq… Yəni bütün nəhəng saylan adamların üzə çıxması zamanıdır indi. Gücü çatanı danışmaq, demək, durumu ifadə eləmək lazımdır. Hərə bacardığı qədər. Məsələn, həmsöhbətim, böyük rejissor Razim Həsənoğlu cavabında susduğu bütün sözləri, bir tamaşada deyir. Qalan bütün dillərdə susur, hətta doğma dilində də…

Jalə Mütəllimova
Fotolar Elçin Əkbərovundur
Musavat. com

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox MÜSAHİBƏ

To Top