Jalebloq.az

Dünyəvilik, yoxsa xəncərə dönüş?!

KÖŞƏ

Dünyəvilik, yoxsa xəncərə dönüş?!

“Gəncəni qandan qoruyaq”-Baş redaktora sözardı…

Gecənin neçəsidir bilmirəm. Köşə yazarı olduğum Musavat.com-dan gələn xəbər bildirişində o anı görəndən sonra əsrin, ilin, ayın, gecənin neçəsi olduğunu unutdum.

Yerdə qıvrılan polis zabiti… Onu xəncərləyən “Allahu-əkbər” təkbiri səsləndirən fəlakət adam.  Vura-vura axır ki, yıxır, yenə vurur, yenə təkbir…

Yeddi arxa dönənimi söymüşdüm ki, o tip videolara baxmayacağam. Əsəblərim dözmür. Suriyadan gördüyümüz, evimizdə  gözümüzə dürtülən materiallar bəs etmişdi çünki. Dünyəvi götürsək oradakı adamlar da mənim idi, bir dünyanın adamıyıq deyə. Amma bir də var özüm, özümün olan! Gəncədə xəncərlənən o polis zabiti məhz özümün olan idi…

Suriya kadrlarından gözümü qorxudan xəncərlə vurulurdu polis.  Mənim müstəqil, azad, dünyəvi dediyim dövlətimin ikinci böyük şəhərində, özümün olan polis. O şəhərdə ki, ilk Azərbaycan Demorkatik Cümhuriyyəti qurulanda baş kəndim  olub. 

İndi məsələ buki sabah o yerdə qıvrılan zabit, mən, sən, ya da biz  hamımız ola bilərik. Hamımız, övladımız, ailələrimizlə birgə.

Hələliksə o kadrlar Azərbaycanı gözləyən fəlakətin xəbərdarlığıdır. Ölkədəki son məlum olaylarda başı ən dik olan DİN idi. O üzdən DİN-in bölgədəki yüksək rütbəlilərinin, özü də ikisinin bir yerdə vurulması, sıradan olay sayılmasın gərək. Ən dikdə olanı, ən sadiq və sədaqətlini də endirə bilərik, özü də hamının gözü qarşısında, mesajıdır bu və nə yalan deyim, adam üşənir.

Bir insanın canı bahasına izlədik bundan sonra ehtimal edilənləri. O öldü ki, biz bir vaxtlar ölkəni başına alan qan qoxusunu yenə xatırlayaq, lap elə üşənək. Biz adamlar və olaylarla mırtlaşmağı yığışdıraq, silkələnək, oyanaq,  özümüzə dönək və anlayaq ki, bu axının qarşısına millət olaraq çıxmasaq, bizi sel yuyub aparar, heç nəsiz qalarıq. Biz bu vəhşiliyin nə qədər qorxunc olduğunu başa düşməliyik. O zərbələrin vurulduğu yeri ehtimal elədikcə mən də göynəyirəm.  Çünki xəncərlənən, yerdə sürünən polis zabitinin əynindəki formanın üzərində  həm də mənim, bizim bayrağımız, gerbimiz vardı. Çiynindəki ulduzsa dövlətimizin rütbə göstəricisi idi. Polisi yox, Azərbaycanı süründürürlər kimi gəldi mənə o mənzərə.

Biz sürünməyin nə qədər ağrılı, dəhşətli olduğunu görmüş insanlarıq. O dəhşətə qayıtmaq kimi niyyətimiz olmasın gərək.

Özbaşına, pul hərisi, rüşvətxor, qəddar, şərəfi, ləyaqəti olmayan, azərbaycançılığı, insanlığı yox həddində bir qrup məmurumuz var. Onlara qarşı bir iş mübarizəmiz də var. Amma onlar dövlət deyil, hakimiyyətdə olan komandanın bir qrupudur. Yəni dövlət və hakimiyyət sözlərini qarşıdırmayaq. Hakimiyyətdə olan bir qrupun acığına dövlətdən vaz keçməyək. Dövləti heç nəyə qurban vermək olmaz. Bizi nədəsə incidən bir məmura fəda etmək, “yaxşı oldu” demək, heç olmaz.  İndi inciklikləri kənara qoyub dövlət, millət olmaq zamanıdır.

 Gəlin bir olaq, Gəncədən başlayıb Allah bilir haracan sürüklənməyimizə seyrici qalmayaq. Qoymayaq bizim olanları əlimizdən alıb, sürünməyə, yerdə qıvrılmağa  vadar etsinlər. Biz çox sıxıntılardan çıxmış dövlət, millətik. İndi dövlətin yanında millət olmaq məqamıdır. “Gəncəni kimlər niyə qanadır?” sualını qoyan baş redaktoruma, Rauf Arifoğluna qatılıram, gəlin Gəncəni qandan qoruyaq…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top