Jalebloq.az

Dünyanın ən kasıb İlhaməsi öldü…

KÖŞƏ

Dünyanın ən kasıb İlhaməsi öldü…

Hər kəs hesabını bilsin! Düşünsün ki, öləndən sonra dalınca nə deyəcəklər? Rəhmət oxuyan olacaqmı ona?.. “Nə qədər pislik eləmisən, o cür öləcəksən” və sair…

İlhamə Quliyevanın ölümü daha çox bu suallara yol açıb sosial şəbəkələrdə. Düzü, oxuyursan, adamın ürəyi bulanır. Sonra düşünürsən ki, axı haqq eləmişdi? Sonra da qayıdıb deyirsən ki, haqq eləmişdi eləməyinə, amma indi adam həm də haqqın dərgahındadır axı. Yəni bütün deyilən ittiham və söyüşlər ölmüş birinə yönəlib. Ölü ilə mübarizədə isə insan istənilən halda məğlubdur. Çünki nə qədər söyürsən-söy, necə vurusan-vur, qarşında susmuş, ruhsuz, qəlbinin atışları olmayan biri dayanıb. Və o sənə cavab verib müqavimət göstərmək qabiliyyətində deyil. Heç son günlərin ən populyar sözünü “gör sənin başına nə oyun açdıracam”ı da deyə bilmir daha. Çünki bu dünyada bir insana dair ən son işini görüb Allah onunla bağlı. Allah adamı öldürüb!
Və qüsuruma baxmayın, onunla söyüşüb-döyüşmək elə bu üzdən  bir az kənardan  baxanda dəliyə bənzədir adamları. Bu bucaqdan baxanda adam həm də deyir ki, ilahi, ölkədə nə qədər dəli və məğlub var. Amma orası da var ki, adam adamların dağını necə çıxarıbsa ölüsündən də əl çəkmir millət…

Bir dəqiqə, dinləyin, camaat, ay millət! Dinləyin, görün bu yazıq məmləkətin sizin qədər sadə, sizdən heç nəyi ilə fərqlənməyən balaca bir qələm sahibi sizə nə deyir:

– Əvvəla ölüm insanın bu dünyada rastladığı ən son hadisədir. Özünün həmin son hadisə haqda heç nə düşünmür insan həyatda yaşadığı müddətdə, qorxur. O üzdən əməllərində də öləndən sonra nə olacağını hesablamır.  Bir də lap düzünə qalsa, biz hər nəyiksə, dünyaya ölçüb-biçməyə yox, pis-yaxşı payımıza düşəni yaşamağa gələnlərik. İndi siz dediyiniz məsələlər, ittihamlar ki var, onu ölçüb-biçəsi olsa, insanın yaşamağa zamanı qalmır axı. Əcəba, ölçüb-biçsək  bəs nə zaman yaşayaq? Və mən əminəm ki, ölmüş biri ilə mübarizə aparan adamların özü də o qədər ölçülü, biçili yaşamayanlardır…

Onun, İlhamə Quliyevanın, haqqında ən sərt yazılardan birini mən yazmışam.  Sonda da yazmışdım ki, bu dünyada ədalət-filan varsa, dostu olan yüksək çinlilər İlhaməyə dur desinlər. Onlar demədilər. Sözü tanrıya buraxdılar. Və bəndənin demədiyini tanrı dedi. O əbədi susdu. Mən də düşünürəm ki, haqsızlığın ərşə qalxdı yerlərdə mütləq tanrı əli görünür. Və bəzən o əl adamı mütləq öldürür. Bu bir az ədalətsiz səslənə bilər mənim dilmdən, yəni mən də oluram İlhamənin ölümə sevinənlərdən biri? Tələsməyin! Əsla belə deyil!..

İlhamənin ölümü məni sevindirmədi, əksinə, təəccübləndirdi. Anladım ki, kim olursan-ol, nə qədər nüfuzlu ailədə böyüyürsən-böyü! Vəzifəli dostların, çoxlu pulun, hər yerdə keçən sözün olsa belə, sənə rəhmi gələn, səni sevən insanlar yoxdursa, zəngin deyilsən.  İlhaməyə həm də bu üzdən rəhmim gəldi. O, Həbib Bayramovun, Tükəz xanımın qızı, xalq artisti, ölkənin nüfuzlu adamları yanında sözükeçən, imkanlı qadın ola bildi, amma insanların rəhmi, sevgisi və hörmətini qazana bilmədi. Demək olar  ki, hamı onu qorxusundan sevdi. Qorxaqlığın doğduğu bütün sevgilərsə həmişə böyük nifrətə hamilə olur. O nifrət qorxudan sevdiyin adam öləndə doğulur. İndi vəziyyət belədir. Xeyli adamın içində o nifrət doğum masasındadır. Və elə tək buna görə deməyi lazım bilirəm ki, o, dünyanın ən kasıb İlhaməsidir. İndi camaat, siz sizdən olan birinə, məni dinləyin, bu dünyanın ən kasıb İlhaməsinə Allahdan rəhmət diləyin. 

Məncə, biz onu “Bir xumar baxışla”ya, “Göygöl”ə,  lap elə Həbib  müəllimə, Tükəz xanıma bağışlaya bilərik. Bəs siz nə deyirsiniz?!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top