Jalebloq.az

“Dütdülülərə” görə “quşlanmaq”…

KÖŞƏ

“Dütdülülərə” görə “quşlanmaq”…


Bir dostumuz var, böyük iş adamıdır. Yaxşı əlaqələri, imkanları, təmtəraqlı həyatı var. Sağlığına qismət, sözüm onda yox. İki günün biri yüyürüb gəlir ki, mən sizə, yəni  jurnalistlərə, pul paylamaqdan yoruldum. Onun üçün ölkədə jurnalistlərdən şikayət qəbulu birosu bəndənizdir, yəni mən…

Kimə? Harda? Nə qədər? “Çox, lap çox…İzlətdirib, icazəsiz şəkillər çəkib. İndi sayta yerləşdirib, çıxarmaq üçün qarşılığında pul tələb edir”. UTANDIM!

Niyəsi yoxdur, məni yetişdirən media mühiti bu deyildi. Ümumiyyətlə, bilib tanıdığım media adamları, çevrəmdə və çevrəsində olduğum jurnalistlər, media qurumları indi də bu deyil. İzah edə bilmədim, anlada bilmədim ki, bu media deyil, ya da mən bu medianın siması, adamı deyiləm. Amma o şantajçı, reket, yaramaz jurnalistin ünvanına bütün tənqidləri “yedim”, susdum. Özümə də, peşəmə də yazığım gəldi…Sonrasında, adam pulu verdi, şəkilləri aldı, yazını sildirdi…

…Sonra başqa bir dost: “Sizinki, (hansısa “jurnalist” nəzərdə tutulur-J.M) haqqımda yazmışdı, pulumu alıb sildi”. Yenə UTANDIM!…

Bu günlərdə eşitdiyimdən isə az qala şok yaşadım. Adını adlara qoşan bir media  orqanı, gördüyü işlərin qarşılığı və əvəzi olmayan, nüfuzlu ali məktəblərdən birinin rəhbərini şantaj edir. Adamın xəcalətindən yerə girməyi gəlir. Çünki ölkədə yaxşı sözə, tərifə layiq iki ali məktəb rəhbəri varsa zənnimcə ikisi də elə o rektordur. Rektora baxıram, sayta baxıram, aylıq tələb olunan məbləğə baxıram, mətbu orqanında yazdığı saysız-hesabsız şantaj xarakterli yazılara baxıram, bir “jurnalistin”,  bir “baş redaktorun”…

…Düzü daha utanmıram. Artıq reket jurnalistlərin bu həyasızlığına söz tapa bilmirəm. Həyasızlığın o mərhələsindədirlər ki, adamın hirsindən nəinki utanmağı gəlmir, heç qurumağa matı-qutu da qalmır…

…DTX-nın  yaydığı səsi, reket jurnalistin səsini,  dinlədikcə xatırladım bütün bunları.  Bu nə təfəkkür? Bu nə alver? Bu nə üzsüzlük? Bu nə iyrənc mənzərə axı? Niyə?

Bəlkə ona görə ki, yaxşıları incitdik?

Bəlkə ona görə ki, çörəkpulu ehtirasını “soyuda” bilmədik bu əqidəsizlərin?

Bəlkə ona görə ki… Nə isə bəlkələr çoxdur, amma məsələ bu ki,  baş verənlər həm də insanlıq, şəfər, ləyaqət, şəxsiyyət göstəricisidir. Peşəkarlıq səviyyəsinin hansı həddə olmasına, ya da heç olmamasına işarədir. Dəhşətli, utanc gətirən nümunələrdir. Kökünü kəsmək üçün başlamağın məqamıdır…

…Qələmim əlimdə, sözüm dilimdə…Yeri gələndə sərt, yeri gələndə kobud, yeri gələndə kövrək. Məqamı olanda millət, vətən üçün ağlayan, amma əyilməyən, ən ehtiyaclı, əzablı anında belə peşəsinə xəyanət etməyən, neçə-neçə media adamı… Bu cür olmaq, özünü belə yetişdirmək, illərlə əzablı yol gəlmək,  zənnimcə elə parlamentdə deputat, hökumətdə nazirsən deməkdir. Amma gəlib ilişirsən. Qarşına biri çıxır. Məşhur tamaşada olduğu kimi, lağla deyir, “təbrik edirəm Şakir Şəkəroviç, dütdülü”. Yəni olacağını düşünmədiyin hadisə… İllərdir nəfsindən, hikkəndən və sair qorxulu duyğulardan qoruyub sevdiyin peşəni bir toyuğa satan “həmkarlarındır” bu situasiya üçün həmin dütdülü. Peyda olub adamı utandıran varlıq… …Sən də olursan Şakir Şəkəroviç, nostalji yaşayan, “dütdülüyə” görə pərt qalan adam…

 …İllərlər özünü yetişdirən, min əzaba dözən, onlarla gerçək media adamını bu “dütdülülər”ə görə  “quşlayırlar” indi. Yəni “jurnalistəm” deyəndə qımışıb, rişğəndlə baxıb, ələ salıb, sonra da yola salmağı tapşırırlar kiməsə. Bu münasibətə görə dava edən xeyli həmkar tanıyıram. Amma noolsun bir pis, min yaxşını sildirir…

…Bir də özümüzə nifrətim var. Gerçək və yazıq, sevgidən doğulan bir NİFRƏT!.. Zəhmət çəkib o üzlülərin qarşısına çıxmağı bacarmalıydıq zamanında, özü də hamılıqla. Sual oluna bilər ki, yaxşı bəs əgər məlum reket jurnalistlərin  yetişməsinə zamanında hamılıqla mane ola bilsəydik vəziyyət necə olardı?!..

Onda bəlkə gerçək media adamaları daha çox olardı…       

Onda bəlkə bağrı çatlayıb ölənlər, xəstəliyə tutulan, peşəsindən qaçan media adamları daha az olardı…

Onda bəlkə Azərbaycan dövləti və hökuməti bu günki qədər gərginlik yaşamayacaqdı…

Onda bəlkə bu gün sıxıntılardan, mənəvi yorğunluqdan bezən ciddi media adamları, sayılan imzalar, rahatca brendləşəcəkdi. Hər kəsə öz şərtlərini, qiymətini diqtə edəcəkdi…

Onda bəlkə vətənini sevən, vətənpərvər, pulu din-imanı  bilməyən adamlardan çəkinib xaricdə müxalifət mediası zadı da yetişdirən olmazdı…

Onda bəlkə hər siyasətçi bir media qurumu və ya qrupu yaradıb, siyasət-siyasət oynamayacaqdı dövlətlə…

Onda biz gerçəkdən dördüncü hakimiyyət olacaqdıq! 

Həmin reket jurnalistin səs yazısını dinlədikcə, öz-özümə “məgər biz, səni toyuq dilənçisinə, xeyli vaxtdır uduzmuşuq sevgili peşəm” söylədim…

 Nə deyəsən, yazıq bizə… Bağışla bizi Həsən bəy, Mirzə Cəlil… Siz deyəni edənmədik, toyuq alverçiləri mafal vermədi…Abrımız da bizi utandırdı, qaldıq “zəlil”, vəssalam!..

1 Comment

1 Comment

  1. Avatar

    Tərlanə

    Fevral 13, 2019 at 9:34 axşam

    Aman günüdür, belə dütdülələrə görə ruhdan düşməyin, gözəl Jalə xanım!
    Ona qalsa, ətrafımız belə dütdülərlə doludur.Öz boş başlarını hər yerə dürtürlər.Sən isə şeş qoşa olsan da mars olursan.Məktəb vaxtı inşamızı köçürən “ikialan” bir gün əməkdar jurnalist olursa,təəccüblənməyin.Filmdə deyilən kimi, uşaqda fərasətə bax!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top