Gündəmi
bir qrup azərbaycanlının Almaniyada siyasi miqrant alveri ittihamı ilə saxlanılması
xəbəri götürüb. Baxırsan mövqelərə, adam bilmir duruma gülsün, ağlasın, yoxsa
susub baxsın. Bu qarışıq mənzərədə nədənsə belə bir təəssürat var. Kim ki, siyasi mühacir alverindən yazıb, azərbaycanlıların
saxlanılmasına sevinir, o anlamır nə baş verdiyini, bilmir ki, bizim nə gözləyir
qarşıda…
Əvvəla
bu, sevincidiri olay deyil. Cəmi bir məqam
var adama təpər gətirir. O da bu ki, Avropanın müxtəlif ölkələrinə, xüsusən
Almaniyaya sığınan bir qrup siyasi mühaciri, söyüş müxalifəti fəallarının iç
üzü ortaya çıxdı. Bəlli oldu ki, əslində ölkəni necə və niyə tərk ediblər?
Hansı variantlardan istifadə edirlər? Yəni Avropada oturub siyasi müxalifət,
söyüş müxalifəti formalaşdıran zümrəni Azərbaycan ictimaiyyətinə təqdim etmək
mümkündür. Bu faktdan çıxış edərək, əlbəttə. Xeyli sayda tərəddüddə qalan adam artıq
anladı ki, hətta bu dövlətdən, siyasi hakimiyyətdən narazı olsa belə, söyüş
müxalifəti, Əli İnsanova söykənən Müsavat, AXCP və sairlər güvəniləcək güc,
etibar olunacaq arxa deyillər.
Gələk
məsələnin naxoş tərəflərinə. Amma əvvəlcə onu da deyək ki, pisi, yaxşısı ilə həbs edilənlər azərbaycanlıdır.
Ailələrdə də belədir. Evin ən pis uşağından da imtina eləmək olmur. O
saxlanılanlar bizim evin, Azərbaycanın pis “uşaqlarıdır” indi. Biz neynəsək o
pislərin bizim olmadığını isbatlaya bilmərik.
İndi
naxoşlar haqda…Bu olay Almaniyada yaşayan azərbaycanlıları əməlli hədəf edəcək.
Yəni azərbaycanlılar daha çox diqqətdə saxlanılacaq, daha dəqiq öyrəniləcək,
araşdırılacaq. Hətta viza məsələsində incidiləcək. Siyasi mövqeyinə görə
yox, işi, ailəsi, təhsili üçün
Almaniyada yaşayan digər azərbaycanlılar da hikkələri və saxta yolla qazanmaq
ehtirasına qarşı dura bilməyən bir qrup həmyerlisinin badına gedəcək.
Dövlət
gözündən baxanda bu, biabırçılıqdır, vətəndaşını bir oğru şəbəkəsi ölkədən
qaçırdır. Vətəndaş mövqeyindən baxanda yanlışdır. Kimsə vətənini qoyub, ondan
küsüb getməyə gərək. Və ya gedib getməsinə, orda oturub burdakılara ağıl verməyə.
“Qalxın əə, a bədbəxtlər! Ay qoyunlar!” -deyib millətini aşağılamaya gərək. Yox,
əgər bunu edirsə, bir də dönə özünə baxa gərək. Siyasi mühacir adını necə
almasın, vətəndən necə qaçmasına, nə qədər fırıldaq əmələ sahiblik elədiyinə
diqqət yetirsin. Yoxsa Almaniyada oturub,
siyasi hakimiyyəti də, milləti də söyməyə nə var axı?!. Müsavat boyda,
zamanında reytinq, nüfuz sahibi olmuş partiyanı, Azərbaycan dövlətinin adını
rüsvay eləmək nə böyük işdir ki?!.
Sonda
maraqlı başqa bir məsələ də var. Azərbaycana qarşı ən sərt danışanlar
Almaniyada cəm olur. Almaniya Azərbaycandan
gedənlərə, xüsusilə siyasi mühacirlərə qapılarını taybatay açır. Maraqlıdır,
niyə? Bu suala cavabı olan varsa desin. Desin ki, hamı maariflənsin. Qaldı
bizi, azərbaycanlıları belə olaylara görə Avropa ölkələrindən çıxaracaqlar.
Bunu kimsə arzulamaz. Ümidvar olaq ki, bu qədər ziyan verməyəcək millətə
Almaniyadakı mühacir “ovu”. Öz aramızdır, kim istəməz normal yolla gedib, həyatını,
işini quran, ailəsi ilə məşğul olan, təhsil arxasınca gedən azərbaycanlıların Avropada çox olmasını. O qədər
olsun ki, orda danışanda, elə bilək AZƏRBAYCAN boydadırlar!
Jalə
Mütəllimova