Jalebloq.az

Girov mandat…

KÖŞƏ

Girov mandat…

Borc sözünə rişgənd, problem kimi baxmayın. Geniş götürəndə dünyada elə adam yoxdu ki, borclu olmasın. Hamı kiməsə, nəyəsə görə borcludu.  Vətən, vicdan, əxlaq, insanlıq, övladlıq və sair kimi borclar var. Can borcu var, əzrailə. Bir də pul borcu. O da üç halda olur ehtiyacdan, kefdən və ya nəfisdən.  Milli Məclisin üzvü Rəfael Cəbrayılovun  borcu üçüncü üzündəndir, nəfsindən.

Artıq Milli Məclisdə deputat mandatını girov qoyub sələmə borc götürüb, onu da qaytara bilməyən deputat Rəfaeldən izahat alıblar rəsmi şəkildə. Xəbər başlıqlarından birində belə şərhə rast gəldim: Müstəntiq idi, əvvəl özü izahat alırdı, indi bundan izahat alırlar. Demək ki, haqsızlıq etdiyin adamların ahının bir gün səni tutacağı söhbəti, dəqiqdir. Bir də o var ki, sən ya müstəntiq ol, ya iş adamı, ya da deputat. Amma hər şeydən də vacib nəfsinə hakimlik eləməyi bacar. İndi çoxu bu ikisini bacarmır. Nəsfinə hakimliyi və insanlığı. Əslində başımıza gələn hər şeyin mərkəzində də məhz bu iki faktor durur. İnsan qıtlığı, nəfsə  hakim ola bilməmək. Adam elə durumdadır,  o qədər acizləşib ki, çəkildiyini, səsinin yazıldığını hiss eləməyib. Bir sələmçi qadın qarşısında yalvaran, aciz duruma düşən, səsi qısıq millət vəkili, kişi yalvarışı eşitmək qədər adam utandıran hələ xeyli ayıbımız var.

Yazıq millət, yazıq dövlət. Millət deyir vəkilim var, dövlət deyir adamım. Amma bu günəcək Rafael vəkilin dövlətə lazım olan məqamlarda səsini bərkdən gələn görən olmayıb. Kimsə eşitməyib ki, Rəfael vəkil bir kasıb seçicinin hayına yetişsin, səsinə səs versin. Amma seçkidə o adamların səsini əlindən alıb, mandat qazanıb, “dumxanada” deputat olub. Onu da ata malı kimi sələmçidə girov eləyib, pul götürüb. Girov vermək  deyəsən milli kodumuz olur bizim yavaş-yavaş. O qədər girov qız-gəlinlər, oğullar var. Yarısı diri, yarısı qəbir kimi girovluqdadır. Hələ girovdakı torpaqlar da var, özü də dörd bir qonşuda. İndi adam düşünür ki, bu boyda girov olayında bir mandat niyə bizə belə ar gəlir axı?! Ar gəlmir ee, adamın ürəyi bulanır artıq bu epizodlardan, mədəsi qaldırmır gördüklərinə həzm edə bilmir adam, ruhu ağrayır.

Adam baxır-baxır…Heç nə eləcə baxır. Sonra da özünü söyür. Deyir ki, mənim iti nəfisli, riya, yalan dolu məmləkətlə niyə cazalandırmısan ya rəbb?!. O da susur, rəbb yəni. Nə desin? Desinmi ki, qorunun dediyim hər şeyi edirsiniz, sonra da üstünə gəlirsiniz əliniz  ətəyinizdən uzun. Məsələn, kim Rəfael vəkildən rica eləmişdi ki, bina, ev tik, azı iki yüz dənə. Sonra da sata bilmə, qalsın əlində. Ondan sonra da get bir arvaddan sələmə pul götür. O da sənə qulun kimi bağırsın ki: PULUMU VEERRR!…Sən də verə bilmə, aciz-aciz yalvar.

Nəysə alnımıza yazılan bu. Bir topa insan üzündən məmləkətdə aydın, ziyalı, yaxşı hər kəs bozdar günündədir. Dözür, gözləyir ki, bir gün hər şey yaxşı olacaq.

Ortaya mandatla biznes yapan parlamentari çıxanda, artıq bütün ümilər necə deyərlər, suya düşür. Bir dizinə, bir başına vurur adam. Deyirsən onlarla sənin kimi adamın həyatı bahasına əzabla qurulan  dövlətə, verilən qurbanlara, çəkilən əziyyətlərə heyif. Bunlar bizim arzularımızın Azərbaycanını məhv elədilər…

Indi cənabu deputat mandat itirməyin bir addımlığımdadır, artıq mandatdan imtina edib. Qalıb bu intina haqda MSK-nın son qərarı verməsi. Sələmçi xanımınsa universitet müəllimi olduğu ortaya çıxıb. Açığı belə fərasətli məllimə bir az da həsəd aparır adam…

Bir də ovqat üçün deyim…Bu mandat olayının, o nağılda olduğu kimi saz çalan sərçəsi əksikdir. Keçirə sazın qaişini döşünə, sısqa ayağına da əsgər sapoxu geyə, şax dura və oxuya  “mandat verdim sələm aldım, sazım dınqır, dınqır, dınqır” Əminəm, gülümsədiniz, gülümsəyin, indi vəziyyət elədir ki, hərdən bir balaca dodağın qaçmasa həyata dözmək olmaz…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top