Jalebloq.az

Həmişə aktual mesaj: ADAM olun!..

KÖŞƏ

Həmişə aktual mesaj: ADAM olun!..

Sidney Olimpiya oyunlarının keçirildiyi il idi, 2000-ci il. Dəqiq yadımdadır, Zemfira Meftəhəddinovanın qalibiyyətin bir addımlığında olan gün idi həm də. Sidneyə yarışları izləməyə gedən millət vəkili ilə Bakıdan zəng vuran jurnalist arasında qısa telefon danışığı oldu:

– Görəsən,  alınacaq?

–  Vəd vermirəm, amma danışsın istəyərəm.

  Xeyli sualim var. Əslində tək məni yox, hamını maraqlandıran suallardır. 

– Anlayıram.  Amma yenə də son qərarı özü verəcək. Sən bir  yarım saata təkrar zəng vur. 

***

Yarım saatdan sonra həmin millət vəkilinin telefonuna yenə zəng gələcək və 2000-ci ildə haqqında, siyasi düşərgədə, xüsusən də müxalifətdən gələn ittihamlara cavab verəcəkdi o həmsöhbət. Sonra Sidneydəki uğurlardan danışacaqdı.  Zemfiranın qalibiyyət xəbərini xəttin o başındakı jurnalistə, “ bundan yazın, bunu danışın, Azərbaycan qazandı, Zemfira qazandı” deyəcəkdi. İdmandan siyasətə yenə də özü keçid edəcəkdi, o fikirləri, təhqir və hədyanları ünvanına deynlərə: “ADAM OLUN!” mesajını yollayacaqdı ən sonda.

***

İndi  2019-cu ildir. Son üç ildə kimsənin illər öncə  ağlına belə gətirmədiyi olayların tam ortasına düşdük hamılıqla. Manatın dəyərdən düşməsi, sosial problemlər, insanları bu olaylardan qıcıqlanması, aprel, Gəncə hadisələri, Eldar Mahmudov, Arif Alışanov qalmaqalları, Səfər Əbiyev istefası, yeni və maraqlı təyinatlar, vitse-prezidentlik institutunun təsis olunması və sair. Bir sıra üstü örtülü cinayətlərin üstü açıldı. Məsələn, məlum oldu ki, dövlətin onurğa sütunu sayılan MTN öz işindən başqa xeyli işlə məğul imiş. Onun fəaliyyətinin ana xəttini isə milli təhlükəsizlik yox, rekertlik fəaliyyəti təşkil edib. Bu proseslərin içində diqqəti çəkən maraqlı nüanslar da oldu.  MTN olayında bəlli oldu ki, əslində ölkədə xeyli adam var, özü balaca MTN-dir. Yəni hərə özünə rəqib bildiyi adam və ya adamlar barədə dosye yığıb, müvafiq zamanı gözləyir. O zaman gəlib çatan kimi,  əllərində olan məlumatları mətbuata çıxarıb, ictimailəşdirirlər.

İkincisi, diqqət eləsək aydın olar ki, baş verən mübahisələr həm də bir neçə siyasi qrup arasında gedir. Səbəb aydındır. Sosial narazılıqlar, ciddi siyasi dəyişikliklər indiyə qədər özləri üçün rahat şəkildə işləyənlərin yeri daralıb, narahat olublar.

Dördüncü, ən vacib məqam, bu oyunlarda zərbə hamıdan çox Azərbaycanın ümumi maraqlarına dəyir. Çünki indilik yaranmış ümumi mənzərə budur, ölkədə hamı bir biri ilə vuruşur, mübahisə edir, sosial problemlər, rüşvətxorluq baş alıb gedir. Bu məqamda məsələn, okeanın o tayından Corcun insan haqlarına dair Azərbaycanda vəziyyətin ağır olması kimi bəyanatları, onların bizi haqqa, ədalətə dəvət eləməsi gülməli olduğu qədər də haqlı təsir bağışlayır. Amma bir qədər geniş götürülsə Corcun haqlı olmasının özü də bir haqsızlıqdır.

Məsələlərin siyasi-iqtisadi tərəfləri bir yana, bizdə həm də ciddi insani qüsurlar var.  Ölkədə bu vəziyyət həm də ona görə yaranıb ki, məmur vətəndaşın yanına ya enə bilmir, ya da enmək istəmir. Amma adamların, sıravi vətəndaşların içinə, yanına düşmək mütləqdir. Düzdür, yüksək vəzifəli məmurlar bölgələrdə qəbullara gedir, insanları dinləyirlər. Amma o qəbullara düşmək üçün insanların nə qədər əziyyət çəkdiklərini kimsə bilmir axı.  

Hər şeydən öncə itirilənləri geri qazanmaq lazımdır. İtən dollar, manat, vəzifə deyil. İtən inam, etibar, güvəndir. Təkcə sizə yox cənab məmurlar, insanların özlərinə olan inamı, etibarı, güvəni zədəlidir.  O üzdən indi çox dərində gizlənib adamlar. O qədər dərində ki, bəzən axtarıb tapmamaq da olmur. Amma bu o anlama gəlmir ki,  dövlətini və vətənini sevən adamlar yoxdur. Maddi, sosial problemlər içində batırıb adamlar. O üzdən axtarın, tapsanız mütləq sevinəcəklər. Sizi də, onları da, bir az da geniş götürsək elə bizim özümüzü də xilas eləyəcək bu axtarış və tapıntılar.

***

…İndi dönək lap əvvələ. Bayaq sizə qısa dialoqdan bəhs etmişdim. Həmin söhbətdən illər keçib. O həmsöhbət adam indi Azərbaycanın dövlət başçısıdır, Prezident İlham Əliyevdir. O illərdə Dövlət Neft Şirkətinin vitse-prezident idi. “Azadlıq” radiosu üçün götürdüyüm o qısa müsahibəni təşkil etdiyi üçün artıq haqqın dərgahında olan dəyərli dostum Anar Məmmədxanova həmişə minnətdar olacam. Çünki mənimlə söhbətdə İlham Əliyevin səsləndirdiyi mesaj həmişə, hər il üçün aktual xatırlatma olaraq qalır: Adam olun!.

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top