Jalebloq.az

Uncategorized

HƏP-çi…

Görəsən kimlər  “sağlam ol” deyəcək?!..

Sabiq səhiyyə nazirimiz Əli müəllim İnsanov HƏP yaradıb. Haqq-ədalət partiyası. Əvəlallah partiyasının rəhbərlərinin hamısının üzündə bir “işıq”, gələcəyə nəhəng bir “ümid” var. Bu müşahidənin ardından bir də zehnin qurdalayıb düşünürsən ki, bəs bu HƏP nəmənə olan şeydir?!.

Həpçi var, adam soyuqlayanda eləyər tez-tez…

 HƏPənd də var, qüsura yol verərsən, sənə acıqlanıb belə deyərlər…

HƏPrimiş də var. Nə evlənməzsən, nə ərə getmərsən. Kənd arvadları tanımayana səni belə təqdim edər: Həprimiş filankəs…

Amma Əli müəllimin yaratdığı HƏP-in, təqdim elədiyi nəsnələrlə heç bir əlaqəsi yoxdur. Deyir HƏP-Haqq-Ədalət Partiyası. QAP da ola bilərdi. QAP yəni Qisas Alma Partiyası. Amma HƏP?! bu ədalətsizliyi heş Allah da götürməz…

Nədən ki, partiya başqanı haqq-ədalət bilməyən biri kimi tanınıb həmişə. Haqq-ədalət işinin heç yerinə yapışdırmaq olmur onun adını.

Onun  haqq və ədaləti işin orasında olar ki, adam durar da milyonlarla varidatını necə əldə etdiyini etiraf edər. Deyər ki, özünün və oğlunun adına olan xarici bank hesablarının aqibəti indi nə yerdədir. Ailəsinin digər üzvlərinin adına olan əmlakları nazir maaşı ilə necə alırlar ondan danışa. “Gerçəklər bəndə HƏP saklıydı” deyə. Romantik türk seriallarında olduğu kimi.  

Maddiyyat o yana dursun,insanları necə mənəvi aşağıladığından danışa bir də. Jurnalistə qalxan əldən. Göbbelsə oxşatdığı adamlardan və sairə. Mənəvi cinayət demiş, hələ də yadıma düşəndə utanıram, Səyavuş Aslan boyda nəhəng sənətkarı necə ələ saldığından, kabinetindən qovduğundan danışa millət də yeni HƏP-çisini bir cani-könüldə tanıya. Deyə ki, məsələn, xüsusi otlardan dəmlətdirdiyi çayı öz qabağına qoydurub, “gör nə rəngdə çay içirik, heç qəndimiz də yoxdu içinə salaq, sənin tanışını nəylə müalicə elətdirək?” ritorikasını o qədər varidatı mənimsədiyi halda necə deyə bilib?

Nə deyim vallah. Onsuz da son zamanlar “HƏP bənmi görəcəkdim bu zulumleri annem” nəqaratlı bir türk şarkısı dinləyirəm tez-tez. Belə saxtalıqları, saxtaları, olmadıqları kimi görünənlərə, özlərində olmayanlardan danışanları, layiq olmadıqları yerlərdə otuzdurulanları görə-görə, dəmirləşdik, böyüdük, indi də üzü qocalığa gedirik. Öz aramızdır “hə”, yəni haqq-ədalət bunun nərəsində bə arkadaş?!…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox Uncategorized

To Top