Jalebloq.az

İki Əlinin mövqeyi…

KÖŞƏ

İki Əlinin mövqeyi…

…Və ya əli silahlı “fədai” kiminkidir?…

Neçə gündür müşahidə edirəm sosial şəbəkələr üzərindən ciddi mübahisələr gedir. Prezidentin ictimai məsələlər üzrə köməkçisi Əli Həsənov iki açıqlama verib sosial şəbəkələrdəki hesabları üzərindən. Birincidə hesab edir ki, məmur vətəndaşının yanında olmalıdır. Yəni Prezidentin də bütün görüş və müşavirələrdə söylədiyi kimi “başda mən olmaqla hamınız insanların xidmətçisisiniz, ağası yox, insanlara xidmət edin”. Bu unikal yanaşma və rəhbər tapşırığıdır ki, Əli Həsənov buna əməl edən məmurlardandır.

Və bu yanaşma mənə o qədər də uzaq olmayan keçmişi xatırlatdı. Yəqin siz də unutmamısınız, bir müddət əvvəl bölgələrdə idarəsi bəlli mərkəzlərdən olan davamlı aksiyalar başlamışdı.Sosial problemlər tələbi ilə vətəndaş-məmur münasibətlərində çox böyük çat əmələ gətirə bilmişdi həmin hadisələr. O dönəmdə “Yeni Müsavat” qəzetində “Yumurta-əppəyə dəyməyin” başlıqlı yazı ilə çıxış etmişdim ( yazının linki:
https://musavat.com/news/yumurta-eppeye-deymeyin_318781.html ) . Yazı insanlardan eşitdiyim etiraz cümlələri ilə başlayırdı:

– 116 manat maaşa görə hər gün dörd kilometr yol süpürürəm…

– Hərəsinə bir villa bəsdir, qalan mallarını satıb camaatı vəziyyətdən çıxarsınlar…

…Lap uzaqdan bir polis əməkdaşı səsgücləndirici ilə danışır:

-Siz Azərbaycan Respubliksaının qanunlarını pozursunuz… 

… Onun səsini başqa bir səs kəsir: 

– Əəə, qardaş, Allah haqqı, biz qanun-zad pozmuruq ee, bura acından çıxmışıq…

 Ara-sıra xəbərdarlıq atəşi, silah səsi eşidilir. Bu səsə belə bir reaksiya: 

– Atmayın, bura Ermənistan deyil, Siyəzəndir… 

Sonra polis aksiyanı dağıdır. Aksiyaçılar yerə oturub etiraz edirlər. Məzlum sifət almış bir neçə polis əməkdaşı əyilib oturanın qolundan tutur: 

– Oturma, sən Allah, dur get ee, get…

Bu gördüyüm mənzərədən o qədər təsirlənmişdim ki, özümüzə yazığım gəlmişdi, dövlətli, vətəndaşlı, hamımıza. Dəqiq bir şey anlamışdım, bizim məmləkətin problemi lazım gəlsə sıfırın altında olar. Bircə bir qrup məmura Allah insaf əta eləyə… Axı bu dünyadan bir kəfən, bir-iki metr qəbir yeri, bir də rəhmətdən başqa nəsə apara bilmirik o biri tərəfə. O da nəsibimiz olsa. Bu  üzdən yazmışdım ki, məmur qardaşlar, millət sizdən heç nə istəmir, deyir ki, kabinetindən çıx,  bizə gəl, aşağı, dibə, yanımıza düş, gör necə yaşayırıq? Lap gəl qonağımız ol! Bir sözlə vətəndaşın səndən sevgi istəyir cənab məmur, demişdim…Prezidentindən artıq deyilsən ki?!

O yazının üstündən xeyli zaman keçib. Düzü indi Əli Həsənovun bu mövqeyini oxuyanda sevindim. Ölkənin icimai-siyasi durumunu kurasiya edən siyasətçi məni özü də xəbərdar olmadan haqlı çıxardı.

***

İndi bu haqlı çıxdığımız olayın dalıyca silahlı biri çıxıb. Deyilənlərə görə şəkildəki Qarabağ döyüşlərindən tanınan Qazaxlı Alekin oğludur. Bir AXPC fəalını hədələyib.  

Artıq ona və ailəsinə qarşı söyüş kampaniyasına başlayıb cəbhəçi fəallar. 

Maraqlı mənzərədir, deyilmi. Nəticələr ortadadır. Ya yenə kimlərsə xaricə siyasi statusla getmək istəyir, ya ümumiyyətlə nəsə istəyir, ya da havadarları nəyləsə bağlı Azərbaycana təzyiqə başlayıb. Hamısı ehtimaldır və dəqiq, yaxşı heç nə vəd eləmir. Məsələ üzərindən iki siyasətçi Əli Həsənov və Əli Kərimov mövqe ortaya qoyub. Və yəqin heç kim bu iki mövqeyi qarşılıqlı dialoq formatında oxumayıb. Gəlin oxuyaq…

Əli Kərimli: Bu qədər olmaz artıq! Hakimiyyətdəki qrup məsuliyyət hissini itirib. Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. Bu nədir, terror cəhdi?

Əli Həsənov: silahla təhdid etmə Əli Kərimlinin təmsil olunduğu AXC-Müsavat hakimiyyəti üçün xarakterik hal olub.

Əli Kərimli: Kimdir ki, bu adam əli silahlı şəkillər çəkdirir? Qarabağda yox, ölkənin daxilində rejim əleyhdarları ilə vuruşmağa hazırlaşır. Bunu özü profilində açıq deyir. Nicat Abdullazadə ölümlə hədələnməsilə bağlı polisə rəsmi müraciət edib. Bu cinayətkar haqda tədbir görülməsə, tam təsdiq olunacaq ki, bu silahlı dəstəni müxalifətə qarşı hakimiyyət özü formalaşdırıb.

Əli Həsənov: Özlərini hakimiyyətə “opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj, söyüş xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər.

Əli Kərimli: Nicat Abdullazadəni ölümlə hədələyən bütövlükdə hakimiyyətdir. Xalqın artan narazılığı fonunda rejimin qorxu içində olduğunu bilirəm. Ancaq qorxmaq ağılsızlıq etmək üçün əsas sayılmır. Özünüzü yığışdırın və məsuliyyətli olun!

Əli Həsənov: AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir.

Əli Kərimli: Bu qədər olmaz artıq! Hakimiyyətdəki qrup (Diqqət: Bütövlükdə siyasi hakimiyyət yox, “siyasi hakimiyyətdəki qrup”. Bu konkret ittihamdır və AXCP-nin hansısa qrupla gərginlik yaşadığını istisna etmir-J.M) məsuliyyət hissini itirib.

Əli Həsənov: Əlində silah, foto çəkdirib özünü “fədai” kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək həmin absurd iddiaların davamından başqa bir şey deyil. Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqa zidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub.

Əli Kərimli: Nicat Abdullazadə ölümlə hədələnməsilə bağlı polisə rəsmi müraciət edib.

Əli Həsənov: Bu günki Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır.

Əli Kərimli: Bu cinayətkar haqda tədbir görülməsə, tam təsdiq olunacaq ki, bu silahlı dəstəni müxalifətə qarşı hakimiyyət özü formalaşdırıb. Nicat Abdullazadəni ölümlə hədələyən də bütövlükdə hakimiyyətdir (Diqqət: Burada artıq fikir haçalığı var. İndi hakimiyyət ittiahm olunur, yuxarıdakı fikirin əksinə olaraq, bu həm də böyül çaşqınlıq göstəricisidir. Hakimiyyətmi, hakimiyyətdəki qrupmu?-J.M). Xalqın artan narazılığı fonunda rejimin qorxu içində olduğunu bilirəm. Ancaq qorxmaq ağılsızlıq etmək üçün əsas deyil. Özünüzü yığışdırın və məsuliyyətli olun!

Əli Həsənov: Öz siyasi ambisialarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır. Nə Əli Kərimli, nə də arxalandığı çevrələr Azərbaycan hakimiyyəti ilə təhdid dilində danışa bilməz. Əli Kərimli, reallıq hissini itirmə!..

***

Əli Kərimli hələlik cavab vermir. Çox ümidvaram müdrikcə düşünməkdədir.  Əmin olmaq istəyirəm ki,  daha onun üzündən Seymur Həzinin nümunəsində heç bir ACXP fəalı məhbəsə düşməyəcək. Kimsə icazısiz aksiyaya çıxmağa cəhd etməyəcək. Söyüş, təhdid, təhqir dilini tərgidib də adam dilində danışmağı öyrənəcək söyüş müxalifəti (bu aradan, artıq Əli Kərimlinin özünü də beşmərtəbəli söyməyə başlayanlar var aralarında-J.M). Sosial problemləri olan, məsuliyyətsiz bir qrup məmur üzündən əziyyət çəkən adamları, siyasi məqsədləri üçün alət etməyəcək. Gerçəkdən həmin problemləri dövlətə təqdim etməyin və ya onlardan çıxış edərək dövləti, məmurları tənqid etməyin sivil yolunu öyrənəcəklər.

İki fərqli düşüncə adamının, Prezidentin ictimai məsələlər üzrə köməkçisi Əli Həsənovun və AXCP sərdi Əli Kərimlinin aryı-ayrılıqda səsləndirdikləri bəyanatların məhz belə, dialoq formatında təqdimatına, burda seçim etmək imkanı son dərəcə genişdir. Qeyd olunan bütün fikirlər sosial şəbəkələr, ayrı-ayrı media quruluşları üzərindən yayımlanıb. Seçimsə dövlətin onurğa sütunun olan VƏTƏNDAŞINDIR. Hansına tərəfdarsınız? Hansının yanındasınız?

 Dövlətini hara və necə aparmaq istəyini VƏTƏNDAŞ hamıdan yaxşı seçə bilir…

Qaldı bir məsələ. Müəllif olaraq mənim vətəndaş mövqeyim? Silahla şəkilləri yayılan adamı dövlətin yollamadığına niyəsə əminəm. Çünki dövləti illərdir qoruyub, idarə edən təhlükəsizlik və güc orqanları generallarının belə bəsit əməliyyatçı olmasını ağlım kəsmir. Qaldı qarşı tərəf  belə bəsit iş təşkil edə bilərmi? Mümükündür. Bu arada o qədər uzaqda olmayan keçmişi xatırlamaq da yerinə düşər. Öz düşərgələrindən bir media adamına, hansa fəala necə hücum təşkil edilməsini hamı xatırlayır yəqin. Bu da eləcə xatırlatmadır, israr deyil. Və mən vətəndaş olaraq həqiqətin yanındayam. O üzdən bu işdə üçüncü tərəfin olmasını da istisna etmirəm…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top