Jalebloq.az

“İndi hamının adı VƏTƏNdir…” – FOTOLAR

REPORTAJ

“İndi hamının adı VƏTƏNdir…” – FOTOLAR

Hərbi hospitaldan reportaj

Adam əvvəlcə çəkinir, sonra vahimələnir. Bir də düşünürsən ki, görəsən narahat eləməzsən ki, hansınısa. Nəsə soruşsan, nəyisə təzədən yaşatmış olmazsan ki, onlara? 

Bütün bu tərəddüdlərlə içəri daxil olanda gördüyünə inanmırsan… 
Tibb bacıları, həkimlər, hərbçilər, sıravi vətəndaşlar, öz ailələri, dostlar və sair. Yəni içəri insanla doludur. Adama elə gəlir bütün Azərbaycan burdadır, hospitalda. 

Arabir tibbi bacıları adamlara onlarla tez görüşüb çıxmağa çağırır. Həkimlər onlara dincəlmək lazım olduğunu söyləyir. Bəzən lap acıqları da tutur. Bərkdən “onlar utanır deyə bilmir, siz anlayın ki, bu qədər dayanıb, adamın üzünə baxmaq ona heç nə vermir, narahatlıqdan başqa…”
Bu danlaqdan, iraddan, heç kim nə incimir, nə küsmür, nə də səsini qaldırmır. Palatalar beləcə dolur-boşalır. Hamı onları, qəhrəmanlarını tanımaq istəyir. Sağ olsunlar, o qədər yaxşı şərait yaradılıb, imkan verilib ki, adam gördüklərinə bir az da inanmır. İnanmır ki, insanlara sonsuz sayda problem törədənlərlə yanaşı belə gözəl sistemi qurub, şərait yaradan məmurlar, hərbçilər, həkimlər də var məmləkətdə…

“Hamının adı VƏTƏNdir”
Bir-bir adlarını soruşdum istədim bilim ki, mənim, sənin, o birisinin bir sözlə, bizim uğrumuzda əl-ayağını, sağlamlığını itirən qorxmadan döyüşən, adının qarşısından KİŞİ sözünü böyük hərflərlə yazdıran oğlanlar kimdir?…
 Çoxu əvvəlcə demədi adını. Deməyə, danışmağa çəkinir, utanırdılar.  Ən ağır yaralı olanlardan biri yerində o üz bu üzə çevrilə-çevrilə qayıtdı ki, nə dəxli var kimin adı nədir?… 
Sualdan alındıq bir az. 
Yaralı olsa da hiss elədi bunu həmsöhbətimiz olan mayor rütbəli zabit. Qayıtdı ki, ay xamın, heç sizin də adınızın fərqi yoxdur, burda hamımızın adı VƏTƏNdir…!
Beləcə söhbətə başladıq. Əvvəlcə etiraz elədilər. Elə bildilər əməliyyatın gedişi, döyüş əməliyyatlarını detallarını yazmaqdır niyyət. Ehtiyat eləyirlər haqlı olaraq. Bizə düşmən də baxır axı. O üzdən məqsədimizin detallar olmadığını anlatdıq. Bir də onu anlatdıq ki, gəlişimizin məqsədi mənəvi tələbatımızı ödəmək, yəni onları görmək, təssüratlarımızı bölüşmək, yazmaqdır, vəssalam. 
“Yaram yüngüldü, danışmağa utanıram”

Zarafatlarından da qalmırlar. Danışmaq istəməyənləri məsələn belə deyir: “Məni biabır eləməyin döyüşməmişəm ki, maşın sürməli idim, onda yaralandım”. 
Amma qardaş nə sürücüyə, nə də sıravi birinə bənzəmirdi. Əslində kimliyini rütbəsini, harda döyüşdüyünü qəhrəmanlığını da bilirik. O da bizim bildiyimizi bilir. Bircə onu dedi ki, görülən işin qarşılığında yarası çox yüngüldür, o üzdən danışmağa, “nəsə eləmişəm” deməyə utanır. “Orda elə oğlanlar var idi ki, mən dırnağı da deyiləm onların. Canlarını da necə lazımdır qoydular döyüşdə, qoyun onlar danışsın”.
“Üçünü vurdum dördüncüsü məni vurdu” 

Növbəti həmsöhbətimi həkimlər üç ağır əməliyyatdan sonra həyata qaytara biliblər. On dörd yaşından hərbidədir desək yanılmarıq. Hərbdə yolu “Naxçivanski” adına məktəbdən başlayıb. Talış kəndi ətrafındakı döyüşlərdə yaralanıb. Deyir ki, dörd erməni ilə üzbəüz qalıb döyüşdə: “Dəqiq bilirəm ki, dördünü də vurmuşdum. Mənə elə gəldi ki, hamısı ölüb. Sən demə biri yaralı qalıbmış. Mən çevrilib gedəndə elə o vurdu məni arxadan. Onu da vurdum, amma onurğamı zədələdi atdığı güllə. Həkimlərin üstümdə çox əziyyəti var, hər kəs sağ olsun. Bir bildiyim odur ki, azı dörd qardaşımın qanını almışam dörd düşməni vurmaqla. Ümidim yenə də döyüşlərə gedib, işimə davam eləməkdir. Son nəfəsə qədər nə desələr eləməyə hazıram. Hətta bu vəziyyətdə qalsam, tam yeriyə bilməsəm də mütləq xidmət edəcəm dövlətimə”.
“Dedim ayə ölüb eləmə, səni tapacam harda olsan”…

Növbəti həmsöhbətimiz polkovnik-leytenant rütbəli hərbi-hissə komandiridir. Nə adını çəkirik nə də üzünü göstəririk, çünki olmaz, qaydalar belədir.Yüksək rütbəli xüsusi təyinatlını göstərməyə icazə yoxdur. Bizə təkcə biz baxmırıq, düşmən də baxır. Nə qədər çətin olsa da bunu unutmamalıyıq. Döyüşlərdə minaya düşən həmsöhbətim deyir ki, səngərdən əsgərlərin çıxmasına icazə verməyiblər əvvəl. Bunun özü də çox çətin idi: “Bizim bu qədər cəsarətli, ürəkli balalarımızın olmasına inana bilmirdim. Buna baxmayaraq yenə də  birinci zabitlər, komandirlər özləri girirdilər döyüşə. Əsgəri öndə təhlükəyə atmaq olmaz. Mənim yerimdə əsgərin olmasını istəmirəm. Minaya düşdüm. Partlayış oldu. Yaralı ola-ola yadımdan çıxmayan bir məqamı da deyim sizə. Orda bir gənc əsgər vardı, yaşı on doqquz idi. Öz rütbəmdən utandım onun cəldliyinə, canıyananlığına, qorxmazlığına, vətənpərvərliyinə baxanda. İnanmazsınız, amma adamın sevincdən gözü yaşarırdı o mənzərələri görəndə. Öndə olan zabitlərə lazımi ləvazimatı çatdırmaq üçün o qədər ürəkli və cəld hərəkət eləyirdi ki, bunu sözlə izah eləmək olmur. Burdan çıxan kimi birinci işim o əsgəri tapmaq olacaq. Çünki ona demişdim ki, ayə ölüb eləmə səni harda olsan tapacam…
“Bir ayaq nədir ki, canlar qurban getməlidir”…

 “Həkimlər çox çalışdılar ayağımı tam bərpa eləsinlər, kəsilməsin. Yaralanan an yaraya baxanda bildim ki, bu mümkün olmayacaq. Ona görə rahatam idim. Bilirdim ki, daban hissə tam zədələnibsə deməli ayağın məsələsi həll olunub. Əşii, canınız sağ olsun, əsas odur eləmək lazım olan xeyli şeyi elədik. İndi yarım ayaq, beş barmaq olmur heç olmasın, noolasıdır ki?! Bir ayaq yox canlar qurban getməlidir”.
İradə, əzm qarşısında adam dəhşətə gəlməyə, fəxr eləməyə bilmir. Sıradan adam olsaydı yəqin başına gələnlərdən artıq böyük bir faciə düzəldib, özünü də, çevrəsini də özünəqəsd həddinə gətirmişdi. Bu komandirsə ona təssüf dolu bütün baxışlara “fikir eləmiyin ey hər şey yaxşı olajax” deyir öz bölgəsinin şivəsində və lətifələr danışmağa davam edir. 
“Yüngülvarı minaya düşmüşəm”Deyir deyim siz də gülün. Dedik ki, de komandir, de… 
“Deməli yaralanandan sonra sakitcə zəng vurdum yaxınlardan birinə. yara təzədir heç nə hiss eləmirəm axı… Hə, dedim səsimi eşidirsən, dedi “hə”. Dedim bəri bax səs-küy salma sağam, amma balaca yaralanmışam. Hospitala gedirəm. Sonra başqa bir yaxını da yığdım ki, bir-birindən xəbərləşəndə qorxmasınlar. Dedim dədə səsim eşidirsənmi?!.. O da “hə” dedi. Dedim bəri bax, yüngülvarı minaya düşmüşəm, amma qaraçılıq eləməyin. Elə bunu demişdim kii… ürəkdən gülür cənab polkovnik və davam eləyir: “Həəə elə bunu demişdim ki, qardaş, yaralı mənəm telefonun o başındakı qışqırır: bərk ağrıdııır?!.. Sən nə danışırsan?!.. Yüngülvarı minaya düşmək olmur axı… Sən dəqiq əmimsən, düzün de… Dedim hə ey hə, bəsdir özünü ələ al, salamatam”… 
Bildirir ki, sonrası yadında deyil, huşunu itirib. “Amma bu epizod mənə həmişə gülməli gələcək. Belə olanda bilirsən ki, adamlar səni çox istəyir. Düzünü desəm mənim o andakı sevincim başqa şeyə idi. Allah hamıdan yaxşı bilir ki, yarama görə təssüflənib eləmirəm. Niyəsini soruşsanız, qoyun sizə bir söz deyim, o günlər üçün ayaq nədir, canımdan da keçsəydin şərəf idi. Orda keçirdiyim fəxarət hissi var haa, bax onu dünyanın heç bir nazu-nemətindən ala bilmərəm bundan sonra. Özümlə yox, ordakı əsgərlərlə fəxr elədim. Bizim əjdaha balalarımız var”. 
Beləcə sağollaşdıq komandirlə. Bu şərəfli zabitin əlini sıxmaq, bir neçə saniyəlik də olsa şərəfsiz düşmənə güllə atan əldən tutmaq, “möhkəm olun komandir” demək də bir başqa cür fəxrdir. Bunu da o anı yaşamasan anlamaq çətindir…
“Allah məni oğluma hədiyyə elədi yəqin”
Növbəti müsahibim Lələtəpəyə bayraq cancan zabitlərimizdəndir. Sadə kənd adamıdır. Üç körpəsi var. Atasını üç ay öncə torpağa tapşırıb. Özü üç bacının bir qardaşıdır. Yaralandığı gün atasının adını daşıyan oğul övladının da doğum günü imiş. YArızarafat deyir ki,  məni oğluma hədiyyə elədi yəqin Allah… 
Top mərmisindən zədə alıb.
 Şükür indi yavaş-yavaş ayağa qalxacaq həddə gətirib onu həkimlər. Ordudan tərxis olunmaq istəyirsinizmi soruşdum. Qayıtdı ki, ayıbdı, adama nakişi deyərlər. 
“Bekar oturmaqdan yorulmuşuq. Bizə döyüş lazımdır. Bekarçılıq bir şey deyil. Hələ alınası qanlarımız var”

Haşiyə: Müşahidə elədiyim və hələ də ağlımın kəsmədiyi bir məqam var. Bu adamlar döyüşdən çıxıblar, amma qorxuları yoxdur. Bu adamlar sağlamlıqlarını itiriblər, amma kefləri kökdür. Bu adamlar bəlkə də səhhətləri üzündən bir də əvvəlki xidmət sahələrinə dönə bilməyəcəklər, amma dodaqaltı zümzümə edib, mahnı oxuyurlar, bir-birlərinə lətifə danışırlar. Bir-birlərindən əməkhaqlarını alıb-almadıqlarını öyrənirlər. Bir başqası o biri yoldaşından evdəki flan problemi həll eləyib-eləmədiyini soruşur. Bir sözlə bu adamlar ölümün ağzından çıxıb gələnə yox, ölümün “üzündən öpüb”, onu lərzəyə salıb gələnə öxşayırlar. Belə oğullarla məmləkət basılmır. Məmləkət bir də belə əsgər və zabitin formalaşmasında xidməti olan generallarına görə ayaqda dura bilir….
General…
İndi ondan yazacam. Heç vaxt yaxından tanımadığım və üz-üzə gəlməyəcəyim generaldan.  Zabitlərimizin birinin ailəsi ilə söhbətləşirdik. Müdafiə Nazirliyindən general Rasim Əliyev gəldi, dedilər. Jurnalist olmağımı bilən də, bilməyən də var idi palatada. O içəri girər girməz  yaralı zabit və əsgərlər bir başqa cür sevindilər. Hamısı ilə bir-bir görüşdü. Vəziyyətlərini soruşdu. Bir-bir nəsə istəyib istəmədikləri ilə maraqlandı. O bilmirdi ki, yaralıların yanında dayananlardan biri mətbuat təmsilçisidir. Bunu o üzdən yazıram ki, ruhunda vətənpərvərlikdən savayı hər şey olan bir xeyli media adamı, rəsmiləri kameralara, mətbuata özünü göstərməkdə suçlayır bəzən. Demək istədiyim odur ki, bu adamların xeylisi siz deyən deyil. Həqiq azərbaycanlı general, zabit, vətənpərvərdirlər. Rütbəcə mayor olan, amma ona görə uzanmaq istəməyən zabitinin boynunu qucaqlayıb, saçını qarışdırıb, alnına əlini çəkib, yaxşısanmı bala, deyəndə orda ailə üzvləri bir də heç kimin tanımadığı jurnalistdən, yəni bəndənizdən başqa kimsə yox idi. O adamın bu jesti çox təsirli mənzərə yaratdı. Sonra bizə tərəf döndü. “Siz də ailə üzvlərisiniz bizim oğlanların eləmi?!” soruşdu. Məni də özlərinə qatıb “bəli” dedi zabitlərimizin ailə üzvləri. Genaral da cavab verdi ki, siz də bizim qədər fəxr eləyin bunlarla. Allah bunları çox görməsin dedi. Sonra da “bura baxın cənab nazir deyir ki, səhhətində hansı problemi olur-olsun mənim yararsız əsgər-zabitim yoxdur. Hamınız sağalıb xidmətə qayıdacaqsınız” söylədi.  Onda anlayırsan ki, belə generallardan dərs alan zabitlər, dərs verdikləri əsgərlərə də özlərinə öyrədiləni öyrədəcəklər. Başqa cür də ola bilməz axı… 

Bir az da rəsmi…
Yazımın bu hissəsi Müdafiə Naziri cənab Zakir Həsənov başda olmaqla bötövlükdə nazirlik rəsmilərinədir. Ola bilər bu yazının yazılması, bir jurnalistin rəsmi icazəsi olmadan hərbi hospitala girməsi cinayətdir, özü də lap böyük cinayət. Amma bu yazı həm də bir jurnalistin və bötöv bir cəmiyyətin “necədirlər?.. Kimdirlər?.. Necə görünürlər görəsən?.. Yaxşıdırlarmı? Yeməkləri, yerləri rahatdırmı?” suallarına cavabdır həm də. Mənəvi rahatlıq gətirən cavab. Orda gördüklərindən sonra adam anlayır, bilir, görür ki, qarşısını nə boyda kənar güc alsa belə bu millət ləqayətli kişiləri ilə öyünə bilər. Nə qədər “vermirik”,  “mümkün deyil” kimi sədlər çəkilsə də belə adamlarla bütün əngəllər gec-tez aşılacaq. Əsas odur ki, nə diz, nə kürək yerdə olmayacaq. O üzdən məzur görün bu yazını, bu müəllifi və bu cəmiyyəti. Hə, bir də bu yazıda olduğu kimi hər işin başında gerçəkdən də vətənə məhəbbət, sevgi və sədaqət savayı heç nə yoxdursa, belə “günahları” keçmək olar, cənablar. Yolunuz açıq olsun hamısının adı VƏTƏN olan oğlanlar!.. 
Və bir də əsgər, VƏTƏN əmanəti, YURD əmanəti…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox REPORTAJ

To Top