Jalebloq.az

Söyüşlə tənqid arasındakı VİCDAN xətti…

KÖŞƏ

Söyüşlə tənqid arasındakı VİCDAN xətti…

İndi söyən çoxdur. Hamı vətən fədaisi, qərəzsiz, obyektiv olub. Çıxış yolunu da söyüşdə görür. Onlara düz əməlli cavab verən yoxdur. Kimi deyir, kimdilər axı? Kimi deyir, nə böyük adamlardılar axı?  Hər iki mövqedə haqq yoxdur demək olmaz. Amma bir incə məqam var. Hucum eləyən hər hansı birinə, “kimsən axı?” sualını vermək olmaz. Əslinə indi dövləti, siyasi hakimiyyəti söyənlərə bu sualı vermək açığı və düzü siyasi tənbəllikdir. Bir az da neytral qalmaq, təəssübkeş olmaq istəməmək. Müdrikcə susurlar, onlar da eyni cür söyürlər. Və əslində söyüş göstəricidir.

…Söyüş, nifrətdir-istədiyini əldə eləyə bilməyəndə…

…Söyüş, kindir-sevmədiklərini ucalan görəndə…

…Söyüş, antipatiyadır-nifrət elədiyin biri, niyə var deyə…

…Söyüş, təmənnadır-niyə əldə eləyə bilmədim formasında…

…Söyüş, yalandır-özünü sübut eləmək üçün söyə-söyə israr edərlər biriləri…

…Söyüş problemi, narazılığı olan adamlara yalançı cəsarət verir. Və düzü bu günəcən bircə söyənin probleminin müsbətə həll olunduğunu görən olmayıb. Bəlkə elə o üzdəndir ki, söyüşə bizdə el arasında, şeytan əməli də deyirlər…

…Söyüş, həm də aqresiyyadır – yerli-yersiz fərdi tələblərinin effekti olmadıqca, adamı haldan-hala salar…

…Söyüş, söyənin şəxsiyyətinin, tərbiyəsinin, əxlaqının, ailəsindəki psixoloji durumun göstəricisidir bir də…

…Söyüş, eyni zamanda insanın necə böyüdüyündən xəbər verər. Bəlli edər ki, daha çox sevilib, ya söyülüb?! Ən pis söyüşlər, ən böyük  sevgisizlikdən doğar.  Həyatını ailə, insan sevgisizliyi ilə keçirən psixolojisi pozuq adamların ən sevimli “silahıdır “ söyüş.

Biri də var, ona öz aramızda “mədəni söymək” də deyirik, zarafata salıb. Nədir o “mədəni söymək” dediyimiz?!  Çoxunu sevmədiyidir əslində, TƏNQİD!..

Tənqid adamın ədalətindən, vicdanından, əxlaqından doğan tələbatdır. Elə bir şeydir ki, olmasa, olmaz. Onsuz qətiyyən mümkün deyil. Hamı, hər şey öz başına olar tənqidsiz. Təndiq bir az da vicdan məsələsidir demişdim az əvvəl. Vicdan da elə bir şeydir ki, o olmayanda insan zəlil görünür.  Varsa, hər gün səni imtahan edər. Vicdanına hesabat vermədən yastığına rahat baş qoyan bircə adam belə yoxdur yer üzündə. Varam, deyən olsa, dönüb həyatına, simasına baxın. Dünyanın bütün çirkabına bulaşmış sima görəcəksiniz qarşınızda.  Amma bu da vicdanı yoxdur anlamına gəlmir. Onu bulayan elə vicdandır. Bulaşmaqla vicdanından gizlənən adam qədər eybəcər mənzərə yoxdur yer üzündə. Bir zəhmət, ərinmədən, səbirlə dövlətini satan, söyən, millətini aşağılayan, “bulaşmış” adamların simasına diqqət edin. Heç birində işıq yoxdur. Bulaşmış üzlərdə işıq olmaz axı…

Vicdan bir də tənqidlə, söyüş arasında incə bir  cizgidir. Vicdanın varsa tənqid eləməlisən.  Təndiq həm də sevgidən doğur. Çuğulluq, xəbərçilik deyil əsla. Yox əgər onda niyə ictimailəşdirirsən, özümə demirsən, iradı eşidirsinizsə, bunun da cavabı var. Qardaşlar, onlarla insan müraciətləri, ərizələri, şikayətləri, problemləri var masalarınızda, köməkçilərinizdə, müavinlərinizdə və sair. Yəni, var ki, var… Məsələ o zaman ictimailəşir ki, artıq zıvanadan çıxır. Artıq sosial problem səviyyəsinə qalxır, söyüş müxalifətinin əlində alətə dönüb dövlətin, siyasi liderin üzərinə gəlir.  İndi mən deyiləm sizsiniz, bunu necə bərkdən deməyək?!. Axı dövlətin, siyasi liderin üzərinə yönəlik hər bir zərbə həm də dövlətin bünövrəsini qazımağa xidmət edir.  O üzdən gərəkən bir şey var. Hərə öz sahəsində işini görsün. Grsün ki, özü də, dövlət də, siyasi lider də söyüş obyekti olmasın. Üstəlik məsələlər ictimailəşəndə kimdənsə inciməsin, nüfuzdan düşməsin, vicdanına da rahatca hesabat verib, başını balınca rahatca qoysun gecələr öz evində. Bu romantika deyil, nəfsimizə hakim olanda tam mümkün olan bir yaşam tərzidir, özünü də, ailəsini də, həyatını, vəzifəsini, siyasi liderini və dövlətini qorumaqdır. Mənəviyyatlı, əxlaqlı olmağın göstəricisidir.

Qaldı “müxalifət” düşərgəsindən eşidilən,  sağlam düşüncənin  məhsulu olmayan “tənqidə”, söyüşlərə, təbii, onların arxasında mütləq böyük, ədalətsiz, vicdansız və dağıdıcı bir güc var.

İndi hərə öz bildiyi kimi davam eləsin… Meydanda hər cür şərait var. Davranış var adamı rəzil edər, davranış var adamı vəzir edər. Hər kəs olamaq istədiyini seçsin, hamı da görsün…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top