Jalebloq.az

İtcə sədaqətli…

KÖŞƏ

İtcə sədaqətli…

Hav, hav, hav…

…Mııırrrr…

…Hav, hav, hav…

…Nədi? Bir şey baş düşmədiniz?  Doğrusu heç özümün də bir nəsnə anladığım olmadı. İtdir də, havlayır!

…Amma Azərbaycan mediasının professoru Qulu Məhərrəmli hesab edir ki, “Bulqakovun”(kimni nəzərdə tutulduğunu ehtimal eləmək mümkündür) yaratdığı çoxlu sayda şarikovlar var, yəni media quruluşları rəhbərləri və orda çalışanlar. Onlar artıq gerçək it, yəni gerçək media adamı ola bilməyəcəklər, trola doğru mutantlaşıblar. Düzü utandım…

…İyulun 22-də “Yeni Musavat”ın canlı efirində Qulu Məhərrəmlinin məruz qaldığı jurnalist “hücumuna” görə, qarşı tərəfi özlüyümdə şiddətlə qınamışdım.  Çünki həmişə düşünmüşəm, medianın simvolu olan adamlar var.  Onlara necə gəldi toxunmaq olmaz.  Həm də peşədə ağsaqqala, ziyalıya, professora və nəhayət hamımızın müəllim bildiyimiz şəxsələrə, mətbuat günündə belə “təbriki” qəbul eləyə bilməmişdim düzü . Amma sən demə şişirtmişəm. Yəni sayıb seçdiklərimdən biri, durub da mənə it dedi.

Mən bir yana, Qulu müəllim, mediada “mən yetişdirmişəm” dediyiniz onlarla tələbəniz var, onlardamı itdir? Və ya necə yetişdirmisiniz ki, it olmağa razılaşıblar? Bu bəlkə pedaqoq kimi yol verdiyiniz boşluğun nəticəsidir? Ya da hələ biz, o yana duraq sizdən dərs alanlar, itdilər, ya da troldurlarsa və ya mutatntlaşıb daha it, yəni media adamı ola bilməyəcəklərsə onda siz kim olursunuz?

Anlaşılandır, sizin məlum debatdakı həmkarınız Taleh Şahsuvarlıya acığınız, hirsiniz hələ soyumayıb. İndi onun gözünə elliyimizi də qatıb, media adamlarının çoxunun daha it, yəni təkrar əvvəlki jurnalist ola bilməyəcəyini, mutant, trol olduğunu deməyin adı nə?! Duzu bu durumdan üşəndim. Sonra da düşündüm ki, hardasa düz deyir.

Bu gün çoxlu media adamı var ki, dolanışığı çətindir, özlərini, adlarını zor-güc qoruyurlar. Əcəba niyə? Kimin sayəsində,  “Bulqakovunmu”?!

İndi adbaad sadalasam, desəm ki, hansı sanballı imza, kimin əlinin altında beş manat çörəkpulunun dəlisidir, nə işləyir, necə zülüm çəkir, yəqin ki, nəhəng bir siyahı alınacaq. Yəqin onda Qulu müəllim mənə qoşulub özü də utanar o imzaların güzəranından və hansı şərtlə qazandığından. Sadalayacağım imzalar, həmişə iddiasız olub. İddiasız deyəndə, imzalarını qazanmağa iddiaları olub. Onların bir çoxu həmişə düşünüb ki, öndə, Qulu Məhərrəmli, Mehman Əliyev, Arif Əliyev ustadlar durub. Belə ustadlarla bizə ölüm yoxdur. Amm sən demə pərdə arxasında ölüm fərmanı imzalayanlar sırasında baş rolu da elə ustadlar oynayırmış. O üzdən indi dəqiq bildiyim bir şey var cənab nəhənglər, sizi siz yapan adamlara, media əhlinə it demək çox böyük ayıbdır. Hə, əgər itiksə, bunda əşədü rolunuz, iştirakınız, razılığınız var. Və yəqin yetərincə də qarşılıq almısınız. İndi iddianız iki şeyə ola bilər, ya daha artığına, ya da təkrar eynəsini əldə eləməyə. Və yenə də “xərclənən” bizik, iti olmuşuq. Bu dəfə it olmağımızdan qazanc olacaqmı, buna inanmıram? Çünki o it abrında yaşayan imzalar arasında artıq etimadınız qalmayıb belə çıxışlardan dolayı.

Sizin yaxanıza orden, medallar taxdıran, fərdi təqaüdlər aldıran, əməkdar jurnalist titulu ilə dövlətdən müavinət qazandıran, fəxri kürsülərdə söz haqqı verdirən, yüksələsiniz deyə çiyni həmişə ayağınızın altında olan, media fəhlələri it, mutant oldu, eləmi?!..

Ancaq onların hesabına dövlətdən dotasiya, şirkətlərdən reklam, ciddi əlaqələr qazananda, hamı yaxşı oğlan və cici qız idi, xatırlayırsınızmı?..

Bu “itlər” sizi AZTV ilə qovğanızda necə müdafiə etdi, unutdunuzmu? Sizi kimsənin ayağına vermədik, “havlaya-havlaya”.

Sizə hoca dedik, böyük dedik, ağsaqqal dedik, zirvə dedik, ona görəmi ki, debatda cavabsız qoyduğunuz sualları bir sosial şəbəkə üzərindən statusla cavablayıb ad göstərmədən, hamıya it deyəsiniz?..

Siz zirvədə olasınız deyə, medianın nökərçiliyini eləyənlər, itdirmi?..

Lap tutualım indi media it günüdədir, biz də itik. Bəs onda itin yetişdirən müəllim olaraq sizlər kimsiniz? Ya da belə qoyum sualı, bizi  it olmağa, it gününə düşməyə niyə yol verdiniz? Bəyəm biz sizi baş eləmişdik ki, bizi ayaq edəsiniz?!

Hardaydınız?

Nəylə məşğul idiniz?

Hamılıqla nəfsinizə hakim ola bilirdinizmi?

Niyə, kimdən, nədən küsdünüz?

Hansı iddialarınız təmin olunmadı?

Dotasiyalar niyə sizə yetmədi?

Niyə daha çox, daha böyük qazanmaq istədiniz?

Niyə və kimlə anlaşa bilmədiniz?

Nəyiniz az çatdı? İndi nəyi, haranı kimləri idarəyə iddialısınız? Ala, əldə eləyə bilmirsinizsə kimsə Bulqakov, media əhli də itdirmi?

Medianı it gününə qoyanlarla nə qədər, necə mübarizə apardınız?

Ümumiyyətlə, apardınızmı?

Dəqiq bildiyim bir şey var, indi medianı söyən ağsaqqalların heç birinin iddiası gerçək media formalaşdırmağa onda deyildi və indi də deyil.

Filankəsin it nəfsinə gəldi uşaq, deyərdi nənəm, təzə paltarda  yıxılıb, dizimizi qanadanda. Bəlkə də başımıza nəsə gəldisə elə bu böyüklərin nəfsindən gəldi yəni…

Amma etiraf eləməz, boyunlarına almaz, yaxalarını cırıb deməzlər ki, mənəm müqəssir…

Hörmətli Qulu Məhərrəmli, sizdən bir şairə, müğənni, yazıçı, aparıcı, dostunuz  haqqımda yazdığı təhqir, hədyan dolu yazının paylaşımını edəndə inciməmişdim, indi it, trol, mutant adlandırdığınız mediadan mənə düşən xırda ” it payına” görə də incimirəm. Hər niksə sizin aynanızıq. Sizi göstəririk. Necə olmusunuzsa, eləyik. Nəsiniz, kimsinizsə, oyuq. Nə artığıq, nə əksik.

Qaldı itə…  Düzü indi it olmaq da hünər istəyir. İt sədaqətli, vəfalı heyvandır, bilməmiş deyilsiniz. Heç nə demirəm, siz də daxil kaş bütün media camiyyəsində var olanlar, əlinə qələm alıb jurnalistəm deyənlər elə itcə sədaqətli ola peşəsinə. Nənəm demiş, it nəfsini boğa bilə. Onda vallah itə oxşamaq da fəxarət olardı adama bəlkə…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top