Jalebloq.az

Jalə Mütəllimova: “Məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik”

Mətbuatda

Jalə Mütəllimova: “Məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik”

1905.az portalının suallarını jurnalist Jalə xanım Mütəllimova cavablandırdı.

 – Jalə xanım, orta statistik Azərbaycan jurnalistindən danışaq. Necə təsəvvür edirsiniz? O, daha çox öz yaradıcılıq imkanlarını gerçəkləşdirə bilən, yoxsa onu gerçəkləşdirməkdə çətinlik çəkən adamdır?

 – Siz orta statistik dediniz, amma mən son illərdə təkrarlayıram ki, Azərbaycanda artıq orta statistik jurnalist yoxdur. Bir on-on beş il öncəyə baxanda, rəsmi dövlət orqanlarının jurnalistləri, üzdə olan fəal media mənsubları (o dövrdə bunlar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində çalışanlar idi) və bir də telekanalların əməkdaşları var idi. O vaxt informasiya uğrunda bir mübarizə gedirdi – kim daha öncə və hansı formatda verəcək, kimin baxış bucağı necə olacaq. İndi artıq bu balans yoxdur. Konkret informasiyalar var və insanlar əvvəlcədən bilirlər ki, bunu verəcəklər, yaxud verməyəcəklər.

 – İnsanlar deyərkən, jurnalistləri nəzərdə tutursunuz?

 – Bəli. Söhbət elektron və yazılı mətbuatdan gedir. Bu cür sistemləşmə dediyiniz orta statistik jurnalisti tarixin arxivinə atır. Yalnız yuxarı təbəqə və ən aşağı qat var. Orta təbəqə isə yoxdur. Mənim zənnimcə, orta təbəqə nədir? Ya keyfiyyətli olub, irəli gedirsən, ya da məhv olub, aşağı düşürsən. Orta təbəqə bunun üçün lazımdır. Mənim baxış bucağıma görə, indi Azərbaycan jurnalistikasında orta təbəqə demək olar ki,

 – Əgər orta statistik Azərbaycan jurnalisti yoxdursa, onun özünü necə hiss etdiyini də bilmirik.

 – Onu da bilə bilmərik. Biz ancaq aşağıda və yuxarıda olanları müzakirə edə bilərik. Aşağıda olanlar orta və aşağı arasında balanssız vəziyyətdədilər. Mübarizə aparırlar ki, bəlkə nəsə alındı.

 – Nə alına bilər? Söhbət məişət problemlərinin həllindən gedir, yoxsa yaradıcılıqdan?

 – Aşağıda olanlar zatən məişət problemlərinin ictimailəşdirilməsi işi ilə məşğuldular. Bunlar sosial problemlər də deyil. Mən 1990-cı illərlə müqayisə edirəm, sosial problemlər tamamilə fərqli şeylər idi. İndi müzakirə olunanlar şəxsi münasibətlər, məhəlli xarakter daşıyan, ictimailəşdirilməsi heç lazım olmayan məsələlərdir. Kiminsə sevgi olayı, davası, qonşunun o biri qonşusunun su arxının qabağını kəsməsi və s. Bu, Azərbaycan insanını məişət səviyyəsinə endirməkdir. Bir dəfə də yazmışdım ki, şəxsən mənim üçün bu, SOS siqnalıdır. Çünki məişət səviyyəsinə enən insanla heç bir yerə varmaq olmaz. Şouya bağlanan, ictimai həyatdan uzaqlaşan, ölkənin sosial-siyasi həyatı ilə bağlı ciddi informasiyalarla maraqlanmayan insanlarla nə edəsən? Axı həyat səviyyəmizi müəyyənləşdirmək üçün bizə qanunverici baza lazımdır. Məsələn, müxtəlif dövlət idarələrinin qarşısında görürsən ki, xarici görünüşcə normal insanlar dayanıb, amma ən adi hüquqlarını bilmirlər. Bu, yazılı mətbuatın, televiziyanın, internet portalların məsuliyyətidir. Təkrar edirəm, məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik.

 – Publikanı məişət səviyyəsinə məgər jurnalistlər endirib?

 – Böyük rol oynayıblar. Bizə boş yerə dördüncü hakimiyyət demirlər. Jurnalistlər bütün təbəqələrə lazım olan insanlardır. İndi baxın son günlərin olaylarına. Hakimiyyəti gözdənsalma və söyüş kampaniyasına. Diqqət edin görün fədakarlıqla kimlər qabağa durdu. Bir ciddi rəsmi fiqur, ziyalı, ağsaqqal göründümü prosesdə? Kimsə sinəsini qabağa verdimi? Vermədi. Ancaq media, onun üzdə olan adamları nələrsə danışıb dedilər. Fikir verirsinizsə proses qismən sakitləşib.

 – Vətəndaş nə zaman mediaya müraciət edir?

 – İndi mən deyim, problem harada başlayır. Yadınızdadırsa, zaman var idi ki, media bütün kateqoriyalarda məmurların üzərinə gedə bilirdi. Kimdənsə yazmaq olmazsa, onun tabeliyindəki alt qurumlar da avtomatik olaraq mətbuatı qəbul etmir, insanları saymır. Çünki zəncirvari bir bağlılıq var. Mətbuatda, jurnalda, saytda məlumat verə bilməyən isə vətəndaş hüququndan istifadə edərək, sosial şəbəkələrdəki hesablarından onu yayır. Bu gün üçün hələlik bu, mümkündür. Amma illər öncə, bunlar yox idi. Mən realistəm və nostalji hisslərlə yaşamıram. Azərbaycanda iliyinədək jurnalist, media mənsubu olan, başqa iş bacarmayan insanlar var. Mən də özümü bu kateqoriyaya daxil olanlardan hesab edirəm. Bilirsiniz ki, zaman-zaman mətbuatda çalışanlara da işgüzar, mətbuat katibi olmaqla, ciddi postlarda işləməklə bağlı təkliflər olur. Mən həmin təkliflərdən imtina etməyi bacaran adamam. Çünki mətbuat katiblərinin, mətbuat ximəti əməkdaşlarının fəaliyyətini, əziyyətlərini, onların bəzisinə münasibətin hansı səviyyədə olduğunu görmüşəm, ona görə də “çəpər”ləri, məhdudiyyətləri qəbul etmirəm.

 – Həm də həmin sahələrdə yaradıcılıq çox azdır.

 – Təkcə yaradıcılıq məsələsi deyil, hətta yanımdakı insanlara qarşı ədalətsizliyi görəndə də otura bilmirəm. Buna rəhbərlik bir dəfə, iki dəfə dözəcək və sonda yenə də alınmayacaq. Xarakterimdən xəbərdaram və bilirəm ki, mənim yanımda vicdansız qərar vermək olmaz. Belə hadisələrin ola bilmə ehtimalı olan yerlərə də getmirəm. Bir az əvvəlki məsələyə qayıdıram, bir çox məsələləri elə incəliklə yazmaq olar ki… Amma bundan da qorxuruq. Biz ehtimalın özünü də ehtimal edirik. Baxın, cəmiyyətdə intihar statistikası nə qədər yüksəlib. İnsanlara, yeniyetmələrə intihar texnologiyalarını göstəririk. Hadisələri detalınadək danışmaq, texnologiyaları izah etməkdir. Bir fakta rast gəldim – Tovuzda hərbi hissədə işləyən bir xanımı yoldaşı küçənin ortasında qətlə yetirmişdi. Yoldaşı uzun müddət Rusiyada yaşayıb, indi qayıdıb gəlib, işlədiyinə görə xanımını öldürüb. Bu adam çıxıb gedib və qadının iki uşaqla necə yaşadığı barəsində düşünməyib. İndi isə gəlib və küçənin ortasında qadının bıçaqlayıb. Məni heyrətə gətirən bilirsiniz nə oldu? Birincisi, insanlar orada dayanıb, hadisəni videoya çəkirdilər, ölüm anını gözləyirdilər. Bəlkə də təcili yardım çağırıla bilərdi. Ən azı cəhd eləmək lazım idi. Şah damar zədələnməsi qısa zaman kəsiyində ölüm deməkdir, bunu bilə-bilə belə cəhd lazım idi. Həmin kadrlarda o cəhd yox idi. İkincisi, bu videomaterialdan bizim xəbər saytları istifadə etdilər. Başa düşürəm media qurumları həm də biznes strukturlarıdır. Özlərini dolandırmalıdırlar. İP olmalıdır ki, reklam verilsin. Reytinq olmalıdır ki, kənardan maliyyə vəsaiti cəlb edə bilsinlər. Amma bu yolla yox.

 – Jalə xanım, məhəlli xarakterli problemləri işıqlandırır bəzi jurnalistlərimiz və oxucunu da öz arxaları ilə aparırlar. Bəlkə, oxucuya da elə bu lazımdır?

 – Biz on ildir ki, oxucuya bunu “yedizdiririk”. Gələn nəsil artıq bu cür formalaşıb. Televiziyada şou göstəririk, qəzetdə adam öldürülməsindən yazırıq, hansı müğənninin nə dediyindən, kimin kimə sponsorluq etdiyindən yazırıq. Yazıq oxucu da bunlarla formalaşır. Amma məhz bu auditoriya və mətbuatla biz illər öncə dövlət qurduq. Eyni auditoriyadır, adamlar dəyişməyib, sadəcə yanaşmalar dəyişib. Artıq auditoriyanın tələbi ilə biz aşağı enməyə məcbur qalmışıq.

 – Bəs yuxarı “qat”dakı jurnalistlər nə edirlər?

 – İndi etdiklərini daha böyük formatda edirlər. Tutaq ki, böyük verilişlər hazırlayırlar. Hərdən dəvət edirlər, verilişlərə gedirsən. Baxırsan ki, səni ziyalı sözü eşitmək üçün dəvət etməyiblər. Səni qaraçılıq etmək üçün çağırıblar. Səsini başına atasan, emosional çıxış edəsən, günahı olan adamın üstünə çığırasan. Bəzən mənə də deyirlər ki, bir oynaq material hazırla. Deyirəm ki, mənim xarakterimlə alınmaz. Demirəm ki, ideal şeylər yazıram, amma aşağı da enmərəm. Mən, elə siz də nə yuxarı qalxmaq, nə də aşağı enmək istəməyənlərdənik. Hələlik beş-on nəfər ortada qalıb, vurnuxur, bəlkə nəsə alındı. Heç nəyin alınmaması hamının sonunu gətirəcək.

 – Sizin jurnalistikadakı yolunuzdan danışaq.

 – Mən özüm “Müxalifət” qəzetində işə başlamışam, “Azadlıq” qəzetində, “Azadlıq” radiosunda çalışmışam, hazırda “Azərbaycan müəllimi” qəzetində müəllif və redaktor kimi işləyirəm, “Yeni Müsavat” qəzetində köşə yazıram. Bu, mövqeyini dəyişmək deyil. İnsanları mərhələ-mərhələ tanıyırsan. Başa düşürsən ki, məqsəd, amal deyib, etibar etdiyin insanların da qarşılarına qoyduqları məqsəddən fərqli alt məqsədləri var. Və anlayırsan, bu oyunlarda alət olmaq lazım deyil. Siyasi və ictimai prosesləri idarə etmək üçün bir maliyyə kapitalı, bir də insan kapitalı olur. Bəzi mərhələlərdə nə qədər ağır da olsa da, insan kapitalını xərcləyirlər. Bax, həmin xərclənən insan kapitalı olmamalısan. Mən həmişə ondan qaçmışam. Amma düzünü deyim ki, bəzən bacarmamışam. Olub ki, dəyər dediyim adamlardan zərbə almışam. Yenə də çalışmışam özüm olum. Əks halda bütün düşərgələrdə insan nüfuzdan da, gözdən də düşər. Şəxsiyyət olaraq heç kəs sayğı göstərməz adama. Bu mənada mediada özünü qoruyub, saxlamaq, hörmət olunan biri kimi qalmaq çox çətindir. Elə bir davranış formulu tapmalısan ki, vicdan və ədalət balansını qoruya biləsən.

 – Daha bir sual. Sizə elə gəlmir ki, Azərbaycanda jurnalistlərin sayı lazım ola biləcəyindən çoxdur?

 – Çox ağrılı məsələdir. Bu qədər jurnalist bizə lazım deyil. Jurnalist istehsal olunmur, jurnalist doğulur. Bu, konveyer deyil. Jurnalistdə altınci instinkt olmalıdır, bu informasiyanı görmək qabiliyyətidir. Qarşındakı ikicə söz deyəndən sonra fikrini proqnozlaşdıra bilmək bacarığıdır. Jurnalistikanın nə olduğu heç bir kitabda yazılmır. İnformasiyanı hazırlamaq texnologiyası ola bilər, reportaj, rəsmi xronika, oçerk nədir, film nədir, bunlar janrlardır, öyrənmək mümkündür. Amma bütün bunları duymaq başqa bir keyfiyyətdir. İnsan bu keyfiyyətlə doğulur. Oxuyub, jurnalist olmaq mümkün deyil. Bizdə şeir yazan deyir ki, əgər şeir yaza bilirsə, deməli, mətn də yazar. Elə isə niyə də jurnalist olmasın? Amma jurnalistika tamamilə fərqli bir sahədir. Nə oxuyub, jurnalist ola, nə də sonradan bunu qazana bilmirsən. Düzdür, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş istedadlı həmkarlarımız var. Dəyər verdiyimiz müəllimlərimiz də var və onlardan öyrənməyə dəyər. Amma dəqiq əminəm ki, oranı da bitirənlər məhz sdaladığım keyfiyyətləri olduğu üçün üzdə qalmağı bacarıblar.

– Görünür, qeyri-peşəkarlıq halları jurnalistikanın külli miqdarda insana iş yeri olması faktı ilə bağlıdır həm də?

 – Belə bir problemimiz də var, çoxlu sayda peşəkar jurnalist işsizdir. Amma bu peşəkar jurnalistlər işsiz-gücsüz adamların mədəd umduğu saytlarda işləmək səviyyəsinə enmirlər. Hansısa bir forma düşünülməli, qanunvericilik bazasında dəyişikliklər edilməlidir, yaxud xüsusi nəzarət mexanizmi yaradılmalıdır. İstəsək, hərəmiz bir sayt yarada bilərik, amma bu olmaz. Sonra yaratdıqlarımızın əlində aciz qalırıq. Öhdəsindən gələ bilmirik. Ona görə də bu məsələnin üstünə ciddi getməliyik. Hətta böyük mətbu orqanlar, informasiya holdinqləri düşünməlidir bu haqda. Onların da çalışdıqları xəbər bazarında belə hallar jurnalistikanı nüfuzdan salırlar. Üstəlik elə yerlərə gedib, çıxırlar ki, ciddi saytların nümayəndələri ora gedəndə, qeyri-ciddi qəbul edilirlər.

– Deməli, biz yenə də hansısa inzibati-amirlik üsulları ilə tənzimləmə, lisenziya vermə, bağlamaq, məhdudlaşdırma kimi funksiyaları işə salmalıyıq? Bu funksiyaları verəcəyimiz təsisatların da ondan sui-istifadə etməyəcəklərinə heç bir təminatımız yoxdur.

– Ümumiyyətlə, heş bir məsələdə heç nəyə görə təminat yoxdur. Bu gün durum budur. Baxın dünyada peşəsini sevə-sevə, həm də xoşbəxt yaşayan nə qədər insan, lap elə jurnalist var. Bizdə rahatlığın bu qədəri də yoxdur. Son dövrlərdə neçə jurnalist ard-arda dünyasını dəyişdi. Onlar hamısı əvvəldə sizin dediyiniz orta təbəqədə idi. Pressinqdədirlər, üstdən də sıxılırlar, altdan da. Kimlərsə qaça, döz bilir, amma bu, çıxış yolu deyil. Bir məsələ də var. İndi jurnalistikanın nüfuzdan düşdüyü söylənilir, elə məni də, sizi də bu məqam narahat edir. Təbii narahat da olmalıyıq, amma sevdiyimiz peşəyə görə mübarizə də aparmağı bacarmalıyıq. Çünki hansı sahədə olursan ol, şəxsiyyət deyilsənsə, hörmət etmirlər. Biz media olaraq sınmamaq üçün çox ciddi mübarizə aparmalıyıq. Dediyimiz orta təbəqədə olanlar maddi-mənəvi problemlərdən çox sıxıldı, indi sözün bibaşa mənasında yavaş-yavaş həyatdan gedirlər. Bu gün medianın bu səviyyəsi dövlətçiliyə ziyandır. İndi üzə çıxan bir çox problemləri əvvəlcədən görə biləcək adamlar, məhz media mənsubları idi. Analiz edir, proqnozlar verirdilər. Amma indi o çox az sayda media qurumlarında bunu edə biləcək adamlar var.

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox Mətbuatda

To Top