Jalebloq.az

Kimlər gəldi, kimlər getdi AXCP-dən…

KÖŞƏ

Kimlər gəldi, kimlər getdi AXCP-dən…

…Və ya müxalifətin yox edilməsi komandası…

Saxladılar, niyə vay-şivən qopardıqlarını soruşdular, ifadəsini aldılar, buraxdılar. Əli Kərimlini deyirəm. Yəni şou bitdi, qrant da olacaq, yeni tapşırıqlar da. Hələ ölkə də şikayət eşidəcək. Sərbəst toplaşa bilmirik, söz deyə bilmirik. Bir azdan sonra hansısa xarici kəşfiyyat qurumunun xidmətində olan beynəlxalq təşkilatlardan birindən, bəyanat də səsləndiriləcək əlbət.  Və yəqin bu məsələy onda bir də dönəcəyik. İndilik söz AXCP sədri Əli Kərimlidən düşmüşkən bir məqama toxunmaqda fayda var. Kimlər gəldi, kimlər getdi AXCP-dən…

…AXCP zamanında ona görə güclü və ciddi rəqib sayılan siyasi qurum idi ki, çevrəsində hər biri ictimai-xadim sayılan, gerçək şəxsiyyətlər vardı. Daha indiki kimi “söyüş qvardiyası” saxlamırdı onun funksionerləri. Yəni o adamların sözü söz, nüfuzu nüfuz idi.  

Ən vacibi,  belə bir müxalif gücün olması hakim siyasi komandaya da lazım idi. Çünki ədalətli, ədalətsiz, qərəzli, qərəzsiz, amma birmənalı hakimiyyət iddiasında olan böyük bir güc,  güzgü var idi qarşısında. İstəsən də, istəməsən də ona baxırdı. Özünü ona görə tənzimləməsən də, baxırdı və ondan gələn iradları nəzərə alırdı. Təbii ki, bu da tam normal reaksiya idi. Hakimiyyətin ömrünü uzatmağa xidmət edirdi.

O siyasi gücü təkcə “Yurd” İctimai birliyinin rəhəbri Əli Kərimli saxlamırdı. Bu o illərdə daha çox və əsasən məhrum Əbülfəz Elçibəyin nüfuzunun bəhrəsi idi. Əli Kərimli isə həmişə bəydən də birinci olmaq iddiasında olub.  Açıq etiraf etməsə də bu istiqamətdə  ciddi planlar da qururdu. Əbülfəz Elçibəy dünyasını dəyişdikdən sonra hədəfdə iki məqsəd oldu,

-Mövcud gücü dağıtmaq

-Vahid liderə çevrilmək.

Düzdür, o dönəmdə bu dağıdıcılıq işini bir çoxları bunu siyasi hakimiyyətin məqsədyönlü fəaliyyəti kimi də dəyərləndirirdi.  Ancaq inandırıcı deyildi. O mənada ki, lazımlı güzgünü, sındırmağın yeri yox idi. O güzgü, sındırılsa, yəni komanda dağıdılsa nə baş verirdi:

-Xarici güclər iddia edəcəkdilər ki, Azərbaycanda diktatura rejimi hakimdir

-Əli Kərimli isə, arzuladığı kimi böyük bir qurumun siyasi lideri olacaqdı.

Belə çıxır ki, həm beynəlxalq güclərin əlinə oynanıldı, həm də şəxsi prinsipi həyata keçirilidi. Nə əldə olundu. Bəli Əli bəy lider kimi göründü, ancaq hansı çevrədə? Hansı komanda ilə?

Söyüş söyən, siyasi maraqlarının ifadə edə bilməyən, aqressiv, natamam, psixoloji qüsurlu insanlardan ibarət heyətlə…

İlk xatırladığım adları sadalamaqda da fayda var yəqin, çünki indi o adların və simaların hər biri ən azı Əli Kərimli, ən çoxu isə ondan dəfələrlə güclü siyasətçi, ictimai xadimdirlər. Məsələn, Fazil Mustafa, İsaq Əvəzoğlu, Mirmahmud Fəttayev, Nizami Quliyev (dünyasını dəyişsə belə-red), Əli Məsimov, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Əlməmməd Nuriyev, Fuad Mustafayev, Qulamhüseyn Əlibəyli, Əli Mustafayev, Fərəc Quliyev, Arif Paşayev, Nəriman Qasımoğlu və sairlər…

Onların arasında xeylisi Əbülfəz bəyə dərin siyasi simpatiya bəsləmirdilər, çünki Əli Kərimlinin hələ universitetdə təhsil aldığı dönəmdən yaratdığı, sonradan ləğv edildiyi bildirilsə də, əslində mənəvi bağlılığı olan adamlar var idi.  Amma  komanda rəhbərlərindən fərqli olaraq, onların çox həm də qurumun parçalanmasını istəmirdilər. Qəbul olunmayan bir məqam var idi. Sadalanan adamlar, hətta yurdçuların özləri belə Əli Kərimlini lider kimi görmürdülər.

Ancaq Əbülfəz bəyin vəfatından sonra xalq cəbhəsi adı ilə çoxsaylı partiyalar yarandı. Zamanında bir komandada olan adamlar parçalandı, siyasi rəqibə yox, düşmənə çevrildilər.

İndi deməyə xeyli əsas var.  Əli Kərimlinin hədəfi əvvəldən bu olub: Vahid siyasi qurumu parçalamaq. Ölkədə müxalifət partiyalarını gözdən salmaq. Yalançı müxalifətçilik etmək və özünə, dar çərçivəsinə maliyə qazanmaq.  Hədəfə ulaşılıb. Bu gün ölkəndə sözükeçən bircə müxalif qurum belə yoxdur. Bu baş ucalığı deyil məmləkət üçün. Azərbaycandakı müxaliflər demək olar ki, əsasən xarici kəşfiyyat orqanlarının dəyirmanına su tökməkdən başqa bir işə yaramır.  Acınacaqlıdır, deyilmi?

Jalə Mütəllimova            

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top