Jalebloq.az

Kimsədən yana olmamaq…

KÖŞƏ

Kimsədən yana olmamaq…

Əslində susmalıydım, nə vecimədir, cəhənnəmə olsun deməliydim. Amma deyə bilmirəm. O üzdən yazdım ki, kimdən yana olduğumu adamlar özləri bilsin…

Mən kimsəyə demirəm haqqını yedirt, mübarizə aparma. Mən deyirəm, belə olmur mübarizə. Mən deyirəm, adamları problemlərindən yana kimsə başına toplayıb aparıb tutdurmasın, döydürməsin. Mən deyirəm, insanlar boşuna həbs edilməsin. Mən deyirəm, adamlardan sui istifadə eləməyin. Mən deyirəm  adamları vətəndaş müharibəsinə sürükləməyin. Mən deyirəm adına gənclər təşkilatı dediyiniz partiya bölümlərində gələcək siyasətçi kimi yetişdirdiklərinizə bir az tərbiyyə də verin. Söydüklərini insan, yazar, kimi tanısınlar. Polemikalarda adama “sən” deyib başına tullanmasınlar. Mən deyirəm insanları ələbaxım öyrətməyin, iş verin. Mən deyirəm ölkədə siyasət davası getmir, pul, qarın davası gedir. Mən deyirəm bu ölkədə sağlam müxalifət olmayınca bir qrup harın məmur yenə bildiyini edəcək. Mən deyirəm  bizi Qarabağla onsuz da “yeyir” dünya, ona başqa yönlərdən əsas verməyək. Mən deyirəm ingilisin, rusun, xaxolun, almanın, yəhudinin, erməninin, amerikanlının, Allahın murdar ərəbinin də dövləti var qoy azəri türklərinin də dövləti olsun, dağıtmaq istəyirlər, qoymayaq. Mən deyirəm bütün bu sadalananların olması üçün iki şey lazımdır sevgi və cəsarət. İnsanların yanına enməliyik. Mən deyirəm məmurun balası hamıdan öndə əsgər getməlidir. Orda-burda harın həyatı yaşamamalıdır. Mən deyirəm insanları yüz-yüz, əlli-əlli həbs eləməklə iş düzəlmir. Mən deyirəm  burdan tut, ordan burax siyasəti olmaz, olmamalıydı. Mən deyirəm qapaz vuranda, qolumu qırdı deyən adamlarla üzbəüzsünüz, son dərəcə ehtiyatlı davranmaq gərək. Nəfəsim qaraldı… mən deyirəm elə eləyək insanlar xəstəliklərini müalicə edə bilsinlər, sürünməsinlər, şəxsiyyətini sındırmayın. Mən deyirəm adamların bir-biri ilə qarın, dolanışıq, aclıq davası elədiyini nəhayət, görünün, anlayın ki, hər şey çiçəklənmir. Mən deyirəm telekanallarda cinsi azlıqlar millətə mənəviyyat, əxlaq dərsi keçməsin. Mən deyirəm yarılüt manısların intim həyatı daxil, həyatlarının qalan tərəflərini də gözümüzə soxmasın kimsə. Mən deyirəm dövləti dövlət, milləti millət olmaqdan çıxarmayaq. Mən deyirəm hakimiyyətlər də, insanlar da qalıcı deyil. İki şey qalmalı bizdən sonra milli dəyərlər və dövlət. İkisini də aşınmış həddə gətirməyək. Mən deyirəm uşaqlara yaxşı təhsil verək. Mən deyirəm küçələrdə gül satan azərbaycanlı kişilərin sayı azalsın, onlara Qarabağı necə azad etməyi öyrədək. Otellərdə ərəblərə qulluq edən qadınların sayı azalsın. Qadını bu yolda olan məmləkətin kişilik qüruru zədələnmiş olmasın. Mən deyirəm bu ölkənin sosialdan başqa problemi yoxdur. Kimsə cəsarətdə bulunub bu məsələləri desin. Mən deyirəm bu ölkənin Milli Məclisinin üzvlərini tökün rayonlara, gedib insanlarla işləsinlər. Paytaxtda oturub vəkillik eləməklə ölkə abad olmaz. Mə deyirəm qara-qara maşınlardan düşsün məmurlarımız, əl-ələ verib getsinlər insanların gün-güzəranı ilə maraqlanmağa. Mən deyirəm milləti dövləti ingilisin, amerikalının puluyla söyənlər hər kimsə, cəzasını alısn nəhayət. Mən deyirəm ailə, milli dəyərlərimizi bizdən alırlar, onları əldən verməyək. Mən deyirəm  bütün bunlar olsun, edilsin deyə bir adamla iş olmur, alınmır. Gərəkdir hamımız canımız çıxana qədər məmurlu, jurnalistli, vətəndaşlı işləyək. Çünki biz bu işlər üçün seçilmişlərik. Bu ölkədəki istefalar, islahat olaraq nəticə verməyəcək social rifah düzəlməsə. İki gündür mənim söyülə-söyülə, mənəvi döyülə-döyülə dediklərim bundan ibarət idi. Mən kimsənin adamı deyiləm. İyirmi yeddi ildir media təcrübəsi olan sadə bir məmləkət adamıyam. Anayam, vətəndaşam, jurnalistəm. Qurtarın milləti kiminsə adamı olmaq şübhəsindən. Və əgər ki, bütün bunları demək suç və günahdır, Allah xatirinə gəlin öldürün məni də bu dövləti bir ovuc hikkəli və uğursuz müxalifətin, bir o qədər də yarıtmaz məmurun hikkəsinə qurban eləməyin amma…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top