Jalebloq.az

Kütləvi BAL psixozu…

KÖŞƏ

Kütləvi BAL psixozu…

Bir müddət əvvəl qəbul imtahanından bal toplaya bilməyən gənc oğlan özünü asdı. Ardınca başqa bir gənc özünü hündürlükdən atıb intihar elədi. Sonra eyni bina, eyni mərtəbədən o oğlanın anası özünü atdı. Balasının faciəsini yaşayıb, ağrıya tab gətirə bilmədi çünki. İndi də gənc bir qız intihar edib, arzuladığı balı toplamayıb deyə…

Adam bilmir nə desin?!.. Əvvəlcə nəsə düşünə bilmirsən, sonra bu qənaətə gəlirsən ki, kürəkən axtarmaq, təhsil yox, cehiz, qızıl dərdi çəkmək psixozundan pis-yaxşı qurtulan biz, indi ali məktəbə qəbul üçün nə qədər bal toplamaq psixozunu yaşayırıq…

Uşaq mütləq ata-ananın çəkdiyi repetitor məsrəfini çıxarmalıdır. Bu da ancaq o baldan keçir. Uşağa görə başımız aşağı olmamalıdır. İndi durub deyəsən ki, balan intihar elədi, di get, qəbrinin üstündə də iddasında olduğun dikbaşlığı, yekəxanalığı yaşa, görüm, necə yaşayırsan?!.. Bunu da demək olmur. Çünki bilirsən, əslində o biçarə valideynin də qorxusu təkcə öz adına qınaq obyekti ola biləcəyinə görə deyidi. Biz toplum olaraq buyuq: “Adamyeyən!”

Yəni başqasının uğursuzluğu hesab elədiyimiz şeylərə dodaqaltı mızıldanıb, rişxəndlə gülərik. Düz onu çərlədənə qədər. Zinhar, qətiyyən düşünmərik ki, etdiyimiz rişxənd, qırdığımız qeybət haradasa, kiminsə evini yıxar, ocağını qaraldar.
Bir də əslində hər şeyin günahı özümüzdədir axı. Niyə həyatımıza, nailiyyətlərimizə, uğur və ya uğursuzluğumuza adamların reaksiyasını hesablayırıq ki? Uşaqlarımız gedib intihar eləyib ölsünlər, bizi doğrultmadılar deyə torpağa gömülsünlərmi? Yəqin ki, bu sonu kimsə istəməz…

O üzdən hər şeydən, lap toplanacaq yeddi yüz baldan da uzaq durun. Qabliyyəti, bacarığı, arzusu və xarakteri nədirsə qoyaq ona yönəlsin balalar. Nə intihar etsinlər, nə bədbəxt olsunlar, nə də natamam yetişsinlər. Çünki günlər var qarşıda, bizim həyatlarında olmayacağımız günlər. Peşələr olacaq, adını, mahiyyətini bilmədiyimiz. Onlarla biz yox, həyatını əlimizə almağa çalışdığımız gənclik uğraşacaq. Yəni istəsək də, istəməsək də, indi bizdən olan uşaqlar daha çox dünyanındır. Çünki quruluş, sistem budur, biz barışsaq da, barışmasaq da. Sadəcə bütün bunlarla anlamaq, ona görə davranmaqda fayda var. Ən azından balalar ölməsin deyə.

…Öz adıma deyim ki, oğlumun, ya qızımın ali məktəbdə neçə bal toplaması ilə maraqlanmayacam gələcəkdə, bunu dəqiq bilirəm. Ən yüksək bal yığsa da, bununla öyünməyəcəm. Sevinəcəm, amma öyünməyəcəm. Çünki maraq dairəm bu deyil. Maraqlandığım odur ki, həmin imtahana qədər olan dövrdə yaxşı, iradəli, kamil insan yetişdirim. Kamil insan, gənc kimi formalaşan biri dəqiq biləcək ona həyatda nə lazımdır. Oxumağın da, oxumamağın da nə verə biləcəyini hamıdan yaxşı proqnozlaşdıracaq.

Biz də anlayaq ki, orta balla qəbul olub peşəkar mütəxəssis kimi formalaşmaq üçün ölkədə çox boyük universitetlər, fakültələr var. Yəni bala görə ölməyə, özü də intihar etməyə, ya da uşaqları o həddə çatdırmağa dəyməz. Bir sözlə, uşaqları bala görə “divara dirəməyək”. Çünki divara dirədiyiniz o bala, atlayıb divarın üstünə çıxır, ordan da özünü yerə çırpıb, olur sizin böyük, altından heç zaman qalxa bilmədiyiniz dərdiniz. Yəqin bunu anlasaq, kütləvi bal psixozundan da xilas olacağıq. İndiliksə bu psixoz son dərəcə sürətlə inkişaf edir.

Mütləq atanın qabarmalıdır, mütləq ana yekə-yekə danışmalıdır qonaqlıqlarda. Amma kimsə fərqində olmaq istəmir ki, kütləvi psixozun təsiri altında formalaşan, yetişən nəsil bircə şeyə yarayır, al əlinə, vur divara, vəssalam.

Müşahidələrim var bu yeni, istedadlı gənc deyib fəxr etdiklərimizlə bağlı. Son dərəcə savadlı gənc nəsil, hətta yaşının icazə verdiyi qədər müstəqil deyil, şəxsiyyət deyil. Nəticələrə sevinirəm, öz balama sevindiyim kimi sevinirəm, amma dərindən nəfəs ala bilmirəm. Çünki belə yetişdirdiyimiz balalardan nə yaxşı, iradəli, vətəndaş, nə insan, nə ata-ana, nə də peşəkar kadr olacaq. Olsa-olsa natamam, kompleksli, gəmirici xislətli oğlanlar, qızlar formalaşacaq. Ən qorxulusu, çox az bir qisminin öz sözünü demək, mübarizlik qabiliyyəti olacaq. Sizi bilmirəm, mən özümə belə insanların rəhbərliyi altında qocalıq və ya ahıllıq dövrü arzulamıram, hətta “qorxuram” da deyə bilərəm…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top