Jalebloq.az

“Layla vəhabi balam”…

KÖŞƏ

“Layla vəhabi balam”…

Neçə gündür o uşaq ağlımdan çıxmır. Şəkilləri qabağıma töküb baxdım… Lap diqqətlə baxdım. Üzündən məsumluq yağır. Saf, olduqca saf və həyatın ona hazırladığı faciədən xəbərsiz…
Atası bilmirəm hansı səbəbdən bacısını, qardaşını, anasını və onu qoyub getmişdi. Hərdən eşidirdim ki, çox ehtiyacları var. Anası rayonun 3 saylı məktəbində müəllimə idi. Hamı yaxşı insan deyirdi o xanıma. Özü isə bizim məktəbdə oxuyurdu. Zərdab rayon bir saylı orta məktəbində. Bacımın sinif yoldaşı idi. Dəqiq yadımda deyil, deyəsən, bacım beşinci sinifdə oxuyanda gəlmişdi bizim məktəbə. Mən onda ali məktəbin qəbul imtahanlarına hazırlaşırdım. Bacımgilin sinfində yeni olduğu üçün evimizdə o uşaqdan tez-tez danışırdılar. Həyatlarını biləndən sonra ürəyim ağrıyırdı ona…
 Sonra hamının başı öz işinə qarışdı. Bir də eşitdim ki, o Rusiyaya gedib. Uzun müddət işləyib orda ailəsini dolandırmaq üçün. Sonra yenə rayona dönüb, dedilər. Və bu dönüşündən sonra çıxıb gedib evdən. Suriyaya yollanıb, vəhabilərə qoşulubmuş. Bu günlərdə isə ölüm xəbəri gəldi…. Bilirsiz kimi deyirəm? Ramizi…
O Ramizi ki, bir neçə gün öncə İŞİD qruplaşmasının üzvü kimi döyüşlərdə öldürüldüyü bildirildi. Və bir də onu dedilər ki, Ramiz qərib ellərdə, yad, qanlı torpaqlarda, Suriyada dəfn olunub. Anasına, ailəsinə və bir körpəsinə də öldüyünü təsdiq edən şəkillər göndəriblər. Ondan qalan bu şəkillər oldu. Bir də ailəsinə vurduğu damğa qaldı Ramizin özündən sonra…
 İndi soruşanda ki, Ramzgilin evi hansıdır? Rayon adamlarının çoxu deyir ki, hansı Ramizi deyirsən, vəhabi Ramizi?.. Adam bilmir neynəsin. Bir az fikirləşib ifadə formasını dəyişirsən. O Suriyada öldürülən oğlanı deyirəm, o Ramizi. Ağır yükdü, ağır damğadı. Allah ailəsinə səbr versin o uşağın. O mənim yadımda elə o uşaqdı, məsum, saf və korlanmamış… 
Amma… ölən artıq ölüb. Qalanlara əlac qılmaq lazım… 
Qalanlardan söz düşmüşkən, gözümlə gördüyüm daha bir olay. Yaxın bir adamın qonağı idim. Qonşuda yas düşmüşdü. Öləni lap uşaqlıqdan tanıyırdım. Açığı o qədər ağır həyatları var idi ki, adam Allah rəhmət eləsin demək üçün getməyə də utanırdı. Həmin o adamın gözümüzün önündə böyüyən bacısı oğlu da vardı. Amma çoxdandı kənddə yaşamır,  deyirlər.  Səbəbini bir dəfə soruşmuşdum cəmi. Mənə üz cizgisi işarəsi ilə susmağı tövsiyə eləmişdi qohumum. Mən də susmuşdum…
…Axşam idi. Məhlədə səs-küy düşdü. Dedilər Elşad gəlib ( ad şərtidir-J.M.). Bu həmin o oğlan idi. Qonşumun mənə onun haqqında soruşmamağı tövsiyə eləmişdi. Küçəyə çıxdı hamı. Gördüklərinmi yəqin heç vaxt unudan deyiləm… Oğlan qəribə geyinmişdi. Ətəyi uzun və gen şalvar, qolu enli kətan köynək, üzü saqqallı və başında araqçın. Hə, o idi, bizim balaca Elşad. Artıq böyümüşdü. Çox yaxşı uşaq idi. Hamı ondan yaxşı işlər gözləyirdi. O da ümidləri yaman “doğrultdu”. Gedib vəhabilərə qoşulub, dedilər. Və sonra eşitdiyimdən artıq qəhərləndim. Atası buna görə onu evdən qovub ki, o biri övladlarına ziyan gəlməsin. Deyilənə görə indi Bakıda yaşayır. Konkret harada, bilinmir. (Amma o gün evlərinə gecə gəlməsi nədənsə, kimdənsə gizləndiyindən xəbər verirdi. Təkcə atasından qorxmurdu o- J.M.). Anası isə, laməkan oğluna görə bütün gün ağlamır… Yəqin ağlayır deyəcəyimi gözləyirdiniz. Yox, o qadın ağlamadan, eləcə susur…  
Bir sözlə faciə yaşanır o evdə. Və az əvvəl dediyim ölən Elşadın dayısı idi. Dayısının ölümünü eşidib gəlmişdi. Həm də qaranlıqda ki, kimsə onu görməsin. Dayıqızından xahiş eləyirdi ki, anasını çağırsın: “Mamanan ötrü ölləm, qapıya girsəm papa hirssənər, çağır görüm, noolar, həə”, deyirdi. Və qız tərəddüd eləyirdi, bibisinin ərindən, Elşadın atasından qorxurdu. Adamları görüb bir az ürəkləndi amma. Ağlaya-ağlaya qonşuluqda yaşayan bibisini çağırmağa getdi…
 Bir azdan döndülər. O səhnəni görmək lazımdı, sadəcə görmək. Ana ayaq üstə dayanıb, gözləri gördüyünə inanmır. Uşaq ananı duz kimi yaladı desəm, inanarsınızmı?! Əyilib ayağından da öpdü. Bircə kəlmə söz dedi qadın: “Başua dönüm dön gəl da, noolar?!!”
 Oğlan dayandı. Elə başıaşağı qaldı. Qadın yenə susdu. Bircə sual verdi, “Elşaddı da, heləmi?”. Məhlənin ağsaqqallarından biri başı ilə təsdiq işarəsi edəndən sonra çevrilib getdi. Hamı susdu. O həyətlərinə girdi. Məhlə adamları evə sarı baxırdılar. Az keçmədi içəridə işıq yandı. Birdən Elşadın anasının səsi gəldi bərkdən. “Helə layla oxuma ona”, dedi. Sonra lap bərkdən hönkürən kişi səsi eşidildi…. Sizi bilmirəm mən üşəndim. Elə bildim havam çatmır. Kişi hirsindən, hikkəsindən oğlana layla çalırdı: “Laay, laay, layyy,  mənim vəhabi balam”… 
Oğlunun gəldiyini bilmişdi, amma bayıra çıxmamışdı. Yana-yana ağlayırdı evində. Bir də hələ yerə çöküb qalan oğlana çevrildi hamı. Amma heç nə demədilər. Hərə öz evinə dağılışdı. Amma o uşaq elə orda dizi üstə qaldı. Heç kim onu evinə dəvət eləmədi. Qaranlıqda sezdiyim bircə bu oldu, əlini dişləyib hıçqırırdı… Anası qışqırır, atası isə layla deyirdi ona… Çox ağır gecə oldu. Səhəri o qədər səbirsizliklə gözlədiyim olmamışdı. Deyirdim bəlkə o boyda fəryad bizim Elşada çatar, bəlkə də qaçıb evlərinə ata-anasına sığınıb ki, onu getməyə qoymasınlar. Amma yox, o gəldiyi kimi də getmişdi. Sakit, səssiz və xəbərsiz….
Sonra yaxınlarından eşitdim ki, atası deyib nə zaman o paltarı çıxarsan, adam kimi geyinib, saqqalı qırxsan, bax onda dur gəl evimizə. O isə hələ gəlmir. Bəlkə də qorxur. Ailəsinə, özünə vurula biləcək ziyanlardan, ya da hədələrdən qorxur, kim bilir. Amma o qadın artıq ağlaya bilmir, eləcə susur… O kişi isə oğluna layla deyib ağlayır yenə də… 
Buna mentalitet zad demirəm mən. Sadəcə kişilər ağlayanda mən elə bilirəm ki, dünyanın sonudur. Göy yerə gəlir. Bu kişinin layla çalması, dil deyib ağlaması isə mənə dəqiq nəsə yaşatdı. Amma o yaşadığımın adı dəhşət deyildi. Ondan ağır bir şey idi. İfadə eləməyə söz və hərf tapmasam, o hissin adını mütləq yazacam… 
Bu adsız olayların qarşılığında hələ də onların qurduğu təbliğat maşını öz işindədir bizim əyalətlərdə. Qapı-qapı düşüb “Allah rizası üçün” pul, ərzaq paylayırlar evlərdə, məhlələrdə, kəndlərdə. Elə evlər var ki, hamı bilir o bölgədə, o evlər, o adamlarındır. Nə qədər “qayıt, dön, olmaz, etmə”, deyirlər, alınmır. İnsanların avamlığından, cahilliyindən istifadə edib istəklərinə nail olurlar. 
Bir də bilirsinizmi necə nail olurlar istəklərinə? Sevgi bəxş eləməklə. Gülməyin, heç təəccüblənməyin də. Bu gün bizim cəmiyyətdə başımıza gələn bütün fəlakətlərin arxasında etinasızlıq, soyuqqanlılıq, sevgisizlik və “məndən keçdi nə vecimə” deyib şükür eləmək durur. Amma onlar…Onlar “qardaş səni anlayıram”, “qardaş al bu pulu get filan işini gör”, “qardaş qorxma, arxandayam”, “qardaş mən varam, ürəkli ol”, “qardaş ölməmişəm ki”, –  deyə-deyə qardaşı yaman günə qoyurlar. Və sonra lap elə Allahın da adından danışırlar. Bir gün gəlib deyirlər ki, “qardaş bəs indi də Allah səni çağırır. Get onun uğrunda vuruş. Bəs bilmirdin? Bizi o göndərmişdi axı”… Qardaş da gedir. Gedir və ölür… İnsanlara verdikləri təmənnalı sevginin qarşılığını bizim gözümüz baxa-baxa canları ilə ödədirlər onlara. Bizimkilərə, bizim balalarımıza. Şəxsən mən qorxuram. Çünki bu gün az qala əlimizdə böyüyən, tanıdığımız adamlar gedir əlimizdən. Bu o deməkdir ki, sabah lap elə evimizin içindəkilər gedə bilər. 
İndi sadəcə oturub qınadığımız o uşaqları, o adamları bəlkə də biz elə evimizdəkilərə xatir xilas eləyə bilərik. Onlara gerçək sevgi verib, onlarla maraqlanıb, həyatlar xilas eləyə bilərik bəlkə də. Özü də bu məsələdə rəsmi qurumların gördüyü iş, ictimaiyyətin görə biləcəyi işin yanında heç nədir.
 Bizsə, özümüzü həmişə olduğu kimi küçümsəyirik. Bu, böyüklərin işidir deyib, vicdanımızın başını qatırıq. Bu yazının sonunda çox məşhur bir filmdən bir epizod düşdü yadıma. Komandir soyuqdan, yorğunluqdan kələyi kəsilən əsgərlərə deyir ki, “ölməyin ulan, ölməyin, ölürsəniz, olsa  – olsa süstlü püstlü bir karının oxuduğu bir dəqiqəlik televizyon xəbərlərinə ad olursunuz, o qədər, anladınızmı, ölməyin!!!…” 
İndi ay tanıdığım və tanımadığım uşaqlar, insanlar, noolar, nə getməyin, nə də ölməyin. Qoy biz xəbərsiz qalaq. Amma siz o xəbərlərə ad olmayın. Və heç bir evdən o cür laylalar eşidilməsin? Analar bir yana, heç bir ataya, heç bir kişiyə “mənim vəhabi balam” laylasını oxudub, kişiliyi və sizə dünyanı bəxş eləyən kişiləri gözdən salmayın…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top