Jalebloq.az

Leyla Yunusun on yaşlı uşaqlara “qazandığı” gələcək…

KÖŞƏ

Leyla Yunusun on yaşlı uşaqlara “qazandığı” gələcək…

Bu yazı yazılanda balalar yuxuda idi. Evimizin pəncərəsində iki rəng vardı. Ağ duman və arxasındakı qara gecə. Ağ və qara, əslində həm də həyatın iki ən vacib rəngidir. Həyat belədir, bəzən qara ləkə yaxıb, ağ yalan danışırlar…

Adam düşünür, Vidadi İsgəndərli necə azərbycanlıdır, Qarabağ savaşı başlasa, əlimə silah keçsə, onu İlham Əliyevə tuşlayaram deyir, erməni bizə neynəyib ki?!..  Sualın strukturundan ləyaqətsizlik yağır: Erməni bizə neyləyib ki?!..

Vidadini bilmirəm, erməni Dağlıq Qarabağda başladığı savaşla mənim uşaqlığımı, yeniyetməliyimi, gəncliyimi əlimdən aldı. Çoxlu yaşanmamışlarım var. Çox tez böyüdüm.  Ağlımda itkin sinif yoldaşı, şəhid qohum, əsir yaxınların adını “damğalayıb” o illər. Hərdən az qalıram deli olam. Deyirəm görəsən bir məhəllə uşağın qorxudan əsən dodaqlarına, göyərmiş üzlərina, titrəyən dizlərinə, qorxudan büzülən dodaqlarına, əsən balaca əllərinə, nimdaş, cırıq üst-başlarına, ac qarınlarına, yaşlı gözlərinə necə ehtinasız qalmaq olar?!  Onları bir trubaya doldurub, sağdan,soldan qapaqla qaynaqlayıb, ağlaşmalarına, çığırtılarına necə dözüb, çay aşağı axıtmaq olar? Bu faciəni törədənə necə insan demək olar?! Gerçək azərbaycanlı olan biri bu qədərdən, təkcə bu faktdan sonra necə düşünə bilər ki, “erməni bizə neynəyib ki?!”…

Bizim onlardan fərqli olaraq, evində-eşiyində oturan erməni ilə işimiz yoxdur. Bizim hədəfimiz həmişə səngərdəki erməni olub, həmişə. Bundan sonra da belə olacaq… Nə isə çalışaq sakit, tərbiyə, əxlaq, ədəb-ərkan çərçivəsini aşmayaq kimsəyə qarşı dediklərimizdə, deyəcəklərimizdə, amma…

…əmması bu ki, bir sualın stresindən, bir dəlinin əməlindən baş açmağa macal tapmamış, ortaya o biri çıxır. Yazıq məmləkət, yazıq millət… İndi də Leyla Yunusuna baxıb, onu dinləməliyik. O Leyla Yunus ki, Azərbaycanda dövləti cinayətlərlə bağlı fəaliyyəti araşdırılanda ölkədəki səfirliklərin bəziləri az qala onunla birgə məhbəsdə yatdı. Leyla Yunus çıxdı və onların köməyi ilə qaçıb getdi. İndi də o, övladlarımıza gələcək “yazır” Avropada. Avropa Parlamentində, ermənilərin təşkil etdiyi tədbirdə, “Armeniafobia” adlı tədbirdəki çıxışında Leyla Yunus Azərbaycanda erməni “fobiasından” danışıb:

On yaşında uşaqlara başa salınır ki, azərbaycanlıların düşməni qara geyimli xristianlar (çox güman xristianların kilsə xadimlərinin dini geyimlərinə işarə olunur-red) və ermənilərdir…

 Bəzən belə iddiaları görəndə qurumağa matı-qutu da qalmır adamın.  Bir də düşünürsən ki,

bu nə vicdan, bu nə əxlaq göstəricisidir ilahi? Bu ölkə, bu dövlət kimlə, nəylə döyüşür?!..

Az qalırsan deyəsən ki, tam iblisin özü ilə əlbəyaxadır Azərbaycan.  Azərbaycan və biz azərbaycanlılar haqda bu mənasız ittihama başqa cür yanaşmaq mümkün deyil.

Azərbaycanın tolerant ölkə olduğu hər kəsə bəllidir. O da hər kəsə bəllidir ki, Azərbaycanın siyasi lideri hər dəfə yəhudiləri, rusları, gürcüləri dini bayramları münasibəti ilə şəxsən təbrik etməyə üstünlük verən biridir. O cümlədən Azərbaycanda olan xristian kilsələrinə, dini memarlıq abidələrinə sayğı, hörmət də sonsuzdur.

Belə olan halda Leyla Yunusun iddiasının heç bir əsası təbii ki, qalmır. O, sadəcə ermənilərin əlinə işləyir.

Onun dediyi hər bir fikir, cümlə ölkənin, onun vətəndaşlarının gələcəyini baltalamağa yönəlib. Azərbaycanlılardan yarımağıl, müsəlman, gələcək terrorçu və ya canlı bomba, bir sözlə, avropalının nifrətini qazana biləcək obraz yaratmağa hesablanıb.

Qaldı azərbaycanlı uşaqlarda yaradılan kinə, nifrətə…

…Yadımdadır onda mən böyük qız idim. Xocalı faciəsinin ilk kadrları Milli Məclisin iclasından, canlı yayınla nümayiş olunurdu.  Mən “ ay anaaa, dəhşət, dəhşəəəttt!” deyib, qorxub çığıranda, həyətdə iş görən anam, pilləkənləri iki-iki qalxıb gəlmişdi. Heç nəyə gücü çatmayıb, mən ekrandakı dəhşətləri görməyim deyə, gözlərimi əli ilə qapamışdı. Əlini o yana, bu yana itələyə-itələyə, birtəhəf, Çingizin çəkdiyi video kadrları görə bilmişdim.

Anamın “Allah amandı, Allah amandı, görəsən bunu doğurdan ermənilər edib? Ay bala, min ildir bir yerdə yaşayırıq, inanmayın vallah, ağlım kəsmir”, təsəllisində, öyrətməsində nə erməniyə nifrət, nə rusa kin, nə də xristiana lağ vardı.

Bir müsəlman kişinin, özü də nüfuzlu bir müsəlman kişinin qızı idi o həm də. Bu çağacan eşitmədim xristian dininə və din xadimlərinə, onların dini geyimlərinə lağ edib,  bizə də bunu başa salsın.

O üzdən günlərin birində Leyla Yunusla haradasa üzbəüz gələsi olsam ona, ancaq ona aydın nifrətimi ifadə edəcəyəm. Deyəcəm ki, on yaşında müsəlman, azərbaycanlı uşağa Avropada, qərbdə indidən düşmən, nifrət qazanma mənfur varlıq. İllərdir çörəyini yeyib, suyunu içdiyin, ən yüksək vəzifələrində əyləşdiyin Azərbaycanın hər şeyi sənə haram olsun…

***

…Bu yazının son nöqtəsi qoyulanda da balalar yuxuda idi. Evimizin pəncərəsi də elə iki rəngində qalırdı, ağ, qara…

…Qara ləkə yaxıb, ağ yalan danışın onlarla Yunusla hələ çox mücadiləmiz var, VƏTƏN, möhkəm dayan!…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top