Jalebloq.az

“Məhsul”dar ola bilməmək…

KÖŞƏ

“Məhsul”dar ola bilməmək…

Gizlətmək olmaz, ölkədə, xüsusən də əyalətdə məmurlardan narazı, problemli, işsiz onlarla vətəndaş var. “Yoxdur” desək qeyri-səmimi görünərik. Bu, ən sevmədiyim duyğudur. İnsanların üzünə durub, doğrunu deməmək. Pis yaşayana, yaxşı yaşadığını sübüt eləməyə çalışmaq.


Buna getsən, urvatsız edərlər səni. Yox, soyüb eləməzlər. Eləcə maddım-maddım baxar, gülümsəyər, ev-eşiyini, süfrəsini sənə göstərər və susar adamlar. Bu halda başqalarına nə olar, bilmirəm, bəndəniz, yəni mən, yerin yeddi qatına “girərəm” o əməlimə görə…
Sözün düzü, bir sual həmişə maraqlı gəlib. Bu qədər incik, küskün və narazı arasında niyə müxalifətin “Məhsul”dakı aksiyasına gələn olmur? Yəni siyasi partiyalılığı olmayan, xalq, kütlə, hansı ki, müxalifət məhz onların adından danışır, hüquqlarını “müdafiə edir”. Bir partiya adam gəlib dayanır, özləri danışır, özləri dinləyir və çıxıb gedirlər. Sonra da haralarasa hesabat verilir ki, aksiya keçirdik…
Birdən kimsə deyər nə məsələdir? Həmin düşərgənin məhsulusan axı!.. Bəli, doğru, mən o düşərgədə yetişmiş insanam. İndikindən fərq bu ki, onda orda çoxlu nəhənglər vardı. Nəcəf Nəcəfov, Azər Əbilbəyli, Süleyman, İbrahim Məmmədov, Əbülfəz Elçibəy, Etibar Məmmədov, Şadman Hüseyin, Nazim İbrahimov, Asim Mollazadə, Vurğun Əyyub, Əli Məsimli və başqaları… Yəni elələri var idi ki, indi mənəm-mənəm deyənlər onların yanında görünmürdü. Sadaladıqlarımsa ilk ağlıma gələn adlardır. Demək istədiyim o ki, sima olaraq sanballı, şəxsiyyətli, maliyyə mənbələri aydın, böyük bir ordu var idi. Siyasətçi, yazar, ziyalı ordusu. Aksiya keçirəndə də yetərincə tərəfdar başlarını toplanırdı. Amma nooldu?
…O oldu ki, darmadağın etdilər. Dövlət, hakimiyyət hökumət yox, özləri, öz nəfisləri, hikkələri, iddiaları və sair. O liderlər ki, ətrafı tərəfindən “vuruldu” və ya “satıldı” bir qismi çəkilib kənara. Bir qismi də indi siyasət-siyasət oynayır. Əslində isə ortada böyük güc sayılacaq, məsələn, Əbülfəz Elçibəy olacaq güc qalmayıb. Qalanlarsa insanlarda güvən yaratmır. Bu bir az da çömçə qaşıq məsələsidir. Yəni ha özlərini öldürsünlər, demokratiya, azadlıq, insan haqları və sair… kimsə inanmır, güvənmir… Qazan deyir, dibim qızıldır, çömçə deyir gəzib gəlmişəm. Yəni adamlar deyir neyynirsiniz eləyin, sizə daha inanmaq olmaz…
Bu üzdən balaca bir meydançaya sığa, məhsuldar ola bilmir “müxalifət”. Üzünüzü cırıb, dağıtmaqla deyil. Ölkəni kənara qoyuraq sizin dəstənizdəki xeyli adamı bu ölkənin gələcəyi ancaq pul qabınızın vəziyyətinə görə narahat edir. Yəni pul qabınız yarılanıbsa, etiraz bəyanatı, boşalıbsa etiraz aksiyası keçirirsiniz. Hər ikisi alınmırsa, əl altında saxladığınız, gələcəyini artıq bərbad günə qoyduğunuz gənc oğlan və qızlardan ibarət qrupunuz fəaliyyətə başlayır. Fəaliyyət deyəndə ki, söyməyə…
Qaldı siyasi məhbus dediyiniz adamlara, o cümlədən gənc bloqer Mehmana, onaların da taleyi sizə maraqlı deyil. Çünki onlar “xərclədiyiniz” insan kapitalıdır. Geriyə dönəndə, yanınızda duracaqları ehtimalı sıfırın altındadır.
Siz bizimlə olduğu kimi, onların da üzərindən siyasi divident qazanacaq, kapital toplayacaqsınız. Sonra xaricdəki hesablarınıza elə Bakıdan baxa-baxa qalacaqsınız.
Əminəm, indi yanınızdakı gənclərin çoxu həm də maddi ehtiyac işindədir. O zaman bizim olduğumuz kimi. İşləyirdik, yazırdıq əvəzində siz biz siyasi romantiklərin üstündən keçib Soros əmidən pullar qazanırdınız. “Azadlıq” boyda media nəhənginin aparıcı müxbirləri, reportyorları olaraq aylarca maaşsız, kasıb yaşayırdıq. Bəzilərimizsə hətta işdən evə, evdən işə piyada gedib-gəlirdik pulsuzluq üzündən. İndi inanmaq üçün bir vacib həqiqəti dağda yaşayan Məmməd əmi də bilir: Səmimi deyilsiniz. Kimsə zərrəcə vecinizə deyil. Və bu özünüzə belə etiraf etməkdən qorxduğunuz nəsnələrdir. O üzdən kim bu mövzuda nə desə, bir qrup aqressiv, zombi, beynini “yediyiniz” gənci qurban verib söyüş kampaniyası təşkil edirsiniz. İnciməyin, cənablar, bir balaca meydanı, “Məhsul”u doldura biləcək qədər məhsuldar ola bimirsiniz artıq. Gerçəkdən problemli, narazı təbəqə sizi heç zaman lider bilib yanınızda durub aksiyanıza qatılmır o üzdən…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top