Jalebloq.az

Mitinqi feysbukda keçirin!..

KÖŞƏ

Mitinqi feysbukda keçirin!..

AXCP-nin şəhərin mərkəzində planlaşdırdığı mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi. Əslində buna icazə vermək də demək olmaz. AXCP-nin mitinqdə çoxlu sayda adam iştirak edəcəyi iddiasını nəzərə alınaraq Lökbatanda aksiya keçirmək təklif edildi. Getmədilər, dedilər, bu mitinqə “yox” cavabı vermək kimi bir şeydir. Biz Lökbatana getmirik. Niyə? Axı sizin çox böyük bir ordunuza var. Axı xeyli adam var ki, sizinlə dünyanın harasına desəniz gedər. Axı ölkədə hamı acından ölür, sizə söykənib durub…

Burda bir haşiyə. Deyim biləsiniz, AXCP-nin Lökbatana getməməsinin iki səbəbi var.

Birincisi. Ölkədə bir toplum var. O, nə müxalifətdir, nə iqtidar. Ona ən sağlam təbəqə də demək olar. Müxalifətə inanmır, məmurlardan incikdir. Dayanıb müşahidə eləyir. Baxmayaraq müxalifət iddia edir ki, o təbəqə bizimlədir. Məmurlar deyir ki, heç kim, heç nədən narazı deyil. Hər şey yaxşıdır, əladır. O təbəqə yenə də baxır, dinmir, susur.  Əminəm məhz o təbəqə danışanların hamısından daha dövlətçi, daha millətçidirlər. O üzdən ağızlarına su alıb ortadakı bu mübarizəfasov nəsnəyə diqqət kəsilib. Bu mənada müxalifət şəhərin göbəyində aksiya keçirsəydi, yəqin ki, evinin balkonundan həmin təbəqənin nümayəndəsi olanlar məlul-müşkül həmin aksiyaya müşahidəçi qismində qatılmış olacaqdı. Ancaq o təbəqə durub Lökbatana AXCP-nin dalıyca gedəsi deyildi.

…Qayıdaq Lökbatana getməməyin ikinci səbəbinə.  AXCP sədri, efir çıxışlarından birində “indi bizi 7000 adam izləyir. Etiraf etməliyəm ki, bu çox azdır. “Biz on minlərlə, yüz minlərlə olmalıyıq. Olmasaq, alınmayacaq. Şəhərin mərkəzində mitinq etməsək, alınmayacaq”, dedi…

Gələk o yeddi minə…Onların  bir qismi hər iki düşərgədən media adamlarıdır, bir qismi ictimai-siyasə fəal  şəxslər, rəqib partiya yetkililəri, sıraviləri. Təbii ki, təhlükəsizlik, güc strukturlarının nümayəndələri də digərləri kimi bu statistikaya  daxildir.  Bayaq yuxarıdakı neytral təbəqəni də unutmayaq, o iqtidarlı-müxalifətli hər kəsi müşahidə eləyir. Yerdə qalan bir ovuc  da AXCP fəali, söyüş dəstəsinin üzvləridir. O üzdən, təklif edirəm, mitinqi elə FB-də keçirin. Nə də olsa sosial şəbəkədə bütün düşərgələrdən üst-üstə yeddi minəcən adama özünüzü göstərə bilirsiniz.

Yox əgər bütün deyilənlər cəfəngiyyatsırda, illah meydan istəyirsinizsə, gedin Lökbatana. Getmirsinizsə demək,  adamlarınızın ora  gələcəyinə əmin deyilsiniz. Əmin deyilsinizsə, demək rol oynayırsınız. Rol oynayırsınızsa demək səmimi deyilsiniz.  Səmimi deyilsinizə yüz faiz ən müxtəlif maraqlarınız var. Və əgər ki, maraqlarınız varsa, demək, siz millət, dövlət, vətəndaş adından sadəcə və sadəcə yararlananlardan başqa heç nə deyilsiniz, vəssalam!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top