Jalebloq.az

Aslanın q(Q)urbanı…

KÖŞƏ

Aslanın q(Q)urbanı…

Əgər sən birinin evində, ya da fərq eləməz onunla haradasa oturub çörək kəsirsənsə demək ki, ruhuna, qəlbinə, evinə, ailənə daxil olur o adam. Sən onun hər şeyinə, pisinə, yaxşısına, etdiyi naqis, ya da yaxşı hərəkətinə, bir sözlə hər şeyinə şəriksən, cavabdehsən. O üzdən çörək kəsdiyin adamları bir-bir seçəcəksən. Yaxın buraxdığın adamların özünün, ailəsinin kimliyini biləcəksən. Söhbət masada olan bir boşqab yeməkdən getmir. Söhbət “sən bu məsuliyyətin altına girə biləsəkcənmi? Ya da bu məsuliyyətin altından alnıaçıq çıxa biləcəksənmi?” sualına cavabının olub-olmamasından gedir.  Çevrəm genişləndikcə anladım ki, hamıya görə məsuliyyət daşımaq mümkün deyil. Çörək kəsdiyin adam saxtakarlıq edərsə, sənin adın hədəf olarsa, deyərlərsə ki,  “filankəslə çörək kəsirdi də, tanımadın?” onda ortada qalacaqsan. Adın ən eybəcər oyunlarda hallanacaq.  Çox dəyər verdiyim bir dostla  nə zamansa atasının söhbətindən fraqment idi bu…

İki vəkilfasonun,  Azərbaycanın çox qarışıq simalarının, Aslan İsmayılovla,  Qurban Məmmədovun telefon danışığının yazısını dinləyəndə düşündüm bunu. Bir birinin ailəsini müzakirə eləyirlər.

O deyir sən ailənin pis günə qoydun. Bu deyir evində kəsdiyim duz-çörəyə görə sənə dinmirəm. Cavab gəlir ki,  dinib neyniyəcəksən?

“Mən sənə xəbərdarlıq eləyirdim ki, özünü yığışdır, ona buna az hücum elə, yekə adamsan, bəsdi. Yalandan o xərçəng xəstələrinin ümidlərini puç eləmə. Onların bircəciyinin işinin ardına düşüb gedəsi deyilsən. Faciələrindən, xəstəliklərindən öz məqsədin üçün istifadə edirsən. Adamları ağrılarından dolayı özünə inandırırsan.  Sənin fırıldaqlarının hamısını araşdırıram. Bir-biri danışacağam.  Sən Rusiyada o boyda vəzifəni niyə atıb Azərbaycana qayıtdın? Niyə gəldin? Necə oldu birbaşa vəzifə adamları ilə işbirliyi qurdun? Hamıya əlin necə çatdı? Gəlməkdə məqsədin nə idi? Sənin iradən öz əlində deyil. Yalandan efirdə basıb-bağlama. Özünə uydurma imic yaratma. Sənin hərəkətlərin kimliyin haqda lazımi məlumatı verir. Mən düşünürdüm sən islah olasan, düşünürdüm düzələsən, görürəm sənə xeyri yoxdur” bu Qurban Məmmədovun dedikləridir.

Aldı görək Aslan nə dedi: “Qurban sən kişilik, abır-həya başa düşsən o gözəl həyat yoldaşını, qızlarını söydürməzdin. Sən heç nə başa düşmürsən.  Ona görə ki, səndə Allah qorxusu yoxdu, müqəddəs heç nəyin yoxdu. Anadangəlmə  şantajçısan. Əlindən gələni iki qaba yap,  məqam gələndə sənin kim olduğunu, hansı qabdan, kimlə su içdiyini hamı biləcək. Özün cəhənnəmə, o beş balana yazığın gəlsin”.

Bəh-bəh-bəh…Nə əla məmləkət! Nə gözəl məmləkət “kişiləri”.  Kərbəlayi İsmayılın nəticələri, kötücələri…Görun çatlasın kəbleyi. Bu da bir dəhşətdir ki, indi kişilərin çoxuna, xaraktercə kişilik dərsini, qadınlar keçir kebleyi. O üzdən gooruna çatlamağı təklid elədim…

…Bu “kişilər” bir-birinin evinə gedib-gəlib. Bir-birinin ailə-uşaqlarını tanıyıb. Bir-birinin pisini-yaxşısını bilib. Bir-birinin özəlini, məxfisini bilib. Bir-birinin hansı əməlin sahibi olmasından xəbərdar.  Allah bilir neçə oynudan bir yerdə çıxıb. Neçə oyundan birgə pul qazanıblar. İndi bir-birini dost olduqların zamanın məlumatları ilə şantaj edirlər. Təkə kimi buynuz-buynuza, alın-alına dayanıblar.  Və ən dəhşətilisi, bu iki ruh ekizinin bir hədəfi var Azərbaycan, onun siyasi hakimiyyəti.  Bir də özlərinə dair iddiaları var hakimiyyəti “devirdikdən”dən sonra, hansısa post tutmaq.  Düşünün ki, xırda texniki imkan, məlumat bazası qarşılıqlı şantaj yolunu tutan,  telefon və ya votsap danışıqlarını  tirajlayan, bir-birinin iç üzünü bəyani-məmləkət eləyən, bu adamların əlində rıçaqlar var. Əminəm, Allah eləməmiş bu rıçaqları əldə eləsələr nə İsmayılov Aslanın, nə də Məmmədli Qurbanın qarşısında dayanmaq olmaz.  Qısacası, məmləkət Eldar Mahmudovlu günlərinə şükür edər.  Çoxlu q(Q)urban deyər gedəcəkləri günə.  A(a)slan qismində, həşatarlıq eləyən bu iki adama, başqa heç nə demək olmaz çünki.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top