Jalebloq.az

“Mütləq özünüzü təftiş edin”

MÜSAHİBƏ

“Mütləq özünüzü təftiş edin”

Əməkdar müəllim Cəmilə Ramazanova: “Valideynlərin məktəblə əməkdaşlıq etmələrini istəyirəm”

Bəzən baxırsan, xeyli yaşı var, uzun həyat yaşayıb, amma bir xatirəsi yox, hadisəsi yox. Adama darıxdırıcı gəlir həyatını belə boz yaşayanlarla ünsiyyət. Bir də insan görürsən, xatirələrindən, həyatından kitab yazar, əgər istəsə. Bugünkü həmsöhbətimiz müəllim olmaqla yanaşı, xatirəsi və hekayətləri bol olan biridir. “Məktəb illəri” rubrikasında sizə  Əməkdar müəllim, 27 nömrəli tam orta məktəbin direktoru Cəmilə Ramazanova ilə söhbəti təqdim edirik.

Lahıcdakı məktəb…

İsmayıllıda ziyalı ailəsində anadan olmuşam. Atam müəllim, anam evdar qadın idi. İlk dəfə məktəbə Lahıcda getmişəm. Atam Lahıc məktəbində həm kimya-biologiyadan dərs keçirdi, həm də məktəbdə direktor müavini idi. Məktəbimizdən danışanda hələ də o günlər yadıma düşür. O qədər gözəl təbiət mənzərəsi var idi ki, gəl görəsən. Sinifdə 24 uşaq idik. Amma təəssüf ki, mən Lahıcda beşinci sinfə qədər oxuya bildim. Sonra İsmayıllıda rayon mərkəzinə köçməli olduq. Yenə də atamın təyinatı ilə əlaqədar.

Atamın məktəbi…

Rayon məktəbi mənə qəribə gəlirdi, düzdür, mənim üçün valideynlərim bütün şəraiti yaradırdı, amma yenə də alışana qədər qəribə oldum. Atam məktəbin direktor müavini idi. O üzdən istəmirdi ki, kimsə onun övladlarına rəhbərlikdə olan adamın qızı kimi yanaşsın. Bizə də belə olmağı qadağan eləmişdi. O üzdən oxumadığımız bir dərs, yazmadığımız bir tapşırıq ola bilməzdi. Bilirdik ki, atamın ürəyincə olmaz və bizdən inciyər. Bircə onu deyə bilərəm ki, bəlkə  başqa məktəbdə oxusaydıq, bu qədər savadlı olmazdıq. Atamın məktəbində olmaq böyük məsuliyyət idi. O, müəllimlərə də bərk-bərk tapşırmışdı ki, sinifdə, məktəbdə onun övladlarına hamıdan tələbkar yanaşsınlar. Uşaq üçün bu çox çətindir, bəlkə də anlaşılan deyil. Amma bu gündən baxanda deyirəm, elə nə yaxşı ki, müəllimlərimiz bizi sıxdıqca sıxıb.

İndi belə deyil…

İndi məni ağrıdan bir şey var. Bilirsinizmi, müəllim məktəbdə uşağa bir az artıq tələbkarlıq edəndə uşaq şikayətlənən kimi valideyn məktəbə gəlir və narazılıq edir. İndi bir çox valideynə izah etmək olmur ki, belə etmək olmaz.

Uşağa görə məktəbin qarşısına çıxmaq düzgün deyil. Bu, müəllimlə uşağın arasından pərdəni götürür və uşaq elə hesab edir ki, müəllim ondan ya qorxur, ya çəkinir. Bu da təbii olaraq tədrisin səviyyəsini aşağı edir. Bu mənada mən valideynlərin təmkinli olmağını və məktəblə əməkdaşlıq etmələrini istəyirəm.

Şükürlər olsun ki, biz bu və bir çox digər məsələlərdə valideynlərlə anlaşa bilən məktəblərdənik. Amma hər ərazidə kontingent belə deyil. Buna çox diqqət edilməsinə böyük ehtiyac var.

Məni çox danlamırdılar…

Maraqlı olanı budur ki, özüm məktəbdə oxuduğum illərdə tələbkarlıq o qədər yüksək idi ki, bəzən elə bilirdim bacarmaram. Ancaq bacarırdım. Bəlkə də inanmayacaqsınız, o qədər sakit uşaq idim, məni danlamağa səbəb olmurdu heç vaxt. Bircə səbəb bu ola bilərdi ki, niyə bu qədər sakitəm, vəssalam…

Üç qardaş, dörd bacı…

Ailəmiz çoxuşaqlı idi. Üç qardaşım, üç də bacım vardı. Yeddi uşaq idik. Atam Hacıalı Mazanov təhsildəki xidmətlərinə görə respublikanın Əməkdar müəllimi fəxri adına layiq görüldü. İndi İsmayıllı rayon rəhbərliyi onun anadan olmasının yüz illiyi ilə bağlı tədbirə hazırlaşır. Biz dörd qız hamımız müəllim olduq. İki qardaşım həkimdir, biri özəl sektordadır. Bacı və qardaşlar arasında baxmayaraq ki, ən sakitləri mən idim, hər hansı məsələni müzakirə etməyə mənim üstümə qaçırdılar. Bu həmişə belə olub, elə indi də bu cür davam edir. Baxmayaraq ki, hamısının öz işi, özünə görə nüfuzu və çevrəsi var. Yəqin bu bizim uşaqlıq adətimizdir. Mütləq görüşüb dərdləşməli, məsləhətləşməliyik. Özləri də bilir ki, hər an əziyyətlərini çəkməyə hazıram. Mən bunu bir ömürboyu həmişə özümə borc bilmişəm, belə də biləcəyəm. Lap onlar bunu bilməsə də.

ANAm…

Atam haqda danışdım, anamı demədim. Zərnamə xanım orta təhsilini bitirib ailə qurmuş bir azərbaycanlı xanım idi. Mən hərdən düşünürdüm ki, ail təhsili olmayan adam hər şey haqda bu qədər savadlı və bacarıqlı danışmağı, davranmağı necə öyrənib? Kim başa salıb ona bizə öyrətdiklərini? İnanmazsınız, qohumlar arasında son dərəcə böyük hörməti var idi. Hər kəs məsləhətə onun üstünə qaçırdı. Bəzən də zarafata salıb ona professor deyərdilər. Bütün elmlərdən xəbərdar və son dərəcə gözəl qadın idi. Qız övladı olaraq həmişə bizə bir nəsihəti olardı ki, zərif gülün. Bunu mən də həmişə evdə və məktəbdə hər kəsə tövsiyə etmişəm. Bərkdən gülməyin, danışmayın, bu, bir qızı, qadını zərif  və ədəbli edən keyfiyyətdir. Susmaq lazım gələn yerdə danışmayın.

Çox susuram…

Anamdan qalma keyfiyyətdir, daha çox susmağı öyrədib bizə. Mən indi bəzən baxıram ki, çox susuram. Bəzən susmağım həyatda mənə mane olub. Bəzən olub ki, susub yanımdakı adama pıçıldamışam demək istədiyimi. O qalxıb mənim sözlərimi öz sözü kimi danışıb və alqışlanıb. Sonra da rahatca dönüb yanımda oturub. Mən o halda belə susmuşam və gülümsəmişəm. Bilirsinizmi niyə? Gecikdiyimi anlamışam və bir az da özümə qəzəblənmişəm, həm də demişəm özümə ki, “zəhmət çəkib danışardın, pıçıldamazdın”. Beləcə yola verməyi öyrənmişəm həyatdan. Amma hər şeydə yox, mümkün olan şeylərdə insanları yola vermək lazımdır. Artıq söhbətlər dəyərli zamanı aparmasın deyə. İtirmədiyim zamanlarda şagirdlərimlə məşğul olmuşam, kitablarımı yazmışam.

Hərdən şeir yazıram…

Hərdən elə şeylər olur ki, baxırsan için dolub, ruhun ağrayır, ya da sevinclisən, bunu elə-belə sözlə ifadə eləyə bilmirsən. İfadə eləyə bilmədiyimiz hər şey mənim üçün şeirdir. Bir kitab halına salacaq qədər şeirim var. Dostlar deyirlər ki, çap etdir. Mən niyəsə hələlik istəmirəm. Deyirəm qoy bir zamanı olsun.

Qoyun sizə ilk şeirimi nə zaman yazdığımı deyim. Deməli, səkkizinci sinifdə oxuyurdum. 26 Bakı komissarı haqda şeiri əzbərlədikdən, onunla tanış olduqdan sonra mən – sovet məktəblisi iki misra yazdım, həm də ilk dəfə…

Vanya, Çaparidze, cəsur Şaumyan

Canların verdilər vətənə qurban…

Çox sonralar anlayacaqdım ki, əslində, onlar nə qədər canlarımızın bizdən alınmasına səbəb olub. İndi məktəbimizdə şagirdlərin vətənpərvər yetişməsi, bizim dövrümüzdə olduğu kimi qapalı yetişdirilməməsi üçün əlimizdən gələnləri edirik. Qəhrəmanlarımız, ədəbiyyatımız, dinimiz, musiqimizi yaxşı mənimsəməsələr, uşaqlardan vətənpərvər vətəndaş olmaz. Bu, gələcəkdə bizə ziyanlı ola bilər. Biz uşaqları faydalı yetişdirməliyik. Sizə deyim ki, hər şey məktəbdən, müəllimdən elə evdə valideyndən olduğu qədər asılıdır. Uşaqlarımız dövlətçilik, dövlət, bizi sevənlər, sevməyənlər haqda dəqiq bilməyə son dərəcə maraqlıdırlar.

Bizim məktəb beynəlmiləl məktəbdir, fərqli millətlərin uşaqları burada təhsil alır. Biz qeyri-azərbaycanlıları da vətənpərvər yetişdirməyə çalışırıq. Bunun bir yolu rus bölmələrində Azərbaycan dili fənninin yüksək tədris olunması ilə həll olunur. Nə zaman istəsəniz gəlin, baxın və görün. Bizdə rus bölməsində oxuyan uşaqlar çox gözəl danışırlar Azərbaycan dilində. Üstəlik, adət-ənənələrimizi, mətbəximizi də bacardığımız qədər öyrədirik onlara.

QEYD: Cəmilə müəllim danışdıqca bir məsələni düşünürdüm. O, ixtisasca bioloqdur, yəni dəqiq elmin tədrisi ilə məşğuldur. Üstəlik, şeir yazır. Hətta kitab olacaq həcmdə şeirləri var. Şeirsə göylərlə “döyüşmək”dir. Bu ikisini bir araya necə gətirib görəsən? Bir də gördüm ki, bu düşüncə həm də suala çevrilib və o gülümyəsə-gülümsəyə həəə….yaman sual oldu bu deyir…

Müəllimimə və atama görə…

Bir ədəbiyyat müəllimim vardı orta məktəbdə oxuyanda – Yusif Xürrəm. Gözəl şair idi.  Şeir, ədəbiyyat haqda elə danışırdı ki, adam doğrudan da yazmaq istəyirdi. İndi uşaqlar da, valideynlər də bezir tapşırıqlardan. Amma o zaman da bizim çoxlu tapşırıqlarımız olurdu. Yusif müəllim bizi tapşırıqlarla son dərəcə yükləyərdi. Müxtəlif səviyyəli tapşırıqlar olurdu. Mən onların hamısına əməl etməyə çalışırdım. Bütün klassikləri oxuyurdum.  İndi də mütaliəyə meyilli adamam.Ümumiyyətlə, düşünürəm ki, mütaliə insanı zəngin edən çox gözəl vasitədir. Uşaqları mütaliəyə vərdiş etdirmək lazımdır, hətta vacibdir.

Müəllim olanda vəzifə yox idi…

Çox adam vəzifədə olandan sonra dərs saatlarından imtina edir. Bilirsinizmi, mən müəllim olanda nə vəzifə vardı, nə tanınmışdıq, nə də çevrə. Bunların hamısını mənə peşəm qazandırdı, müəllimlik. O üzdən mən peşəmə heç zaman xəyanət etmədim, həm də onu unutmadım. Bir neçə saat dərsim var. Həmin saatda hər şeydən uzaqlaşıb sırf müəllim oluram. Bildiklərimi daha asan yolla uşaqlara çatdırmaq istəyirəm. Deyim ki, müəllim kimi formalaşmağım üçün zamanında Bakı şəhərində adla tanınan bütün müəllimlərin metodları ilə tanış olmaq üçün məktəbləri bir-bir gəzirdim. Sonra ən yaxşı fənn müəllimi, ən yaxşı sinif otağı, ən yaxşı tədris üsulu və sair kimi bir neçə müsabiqəyə qatıldım. Onda həmkarların bir çoxu mənə deyirdi ki, nəyə gərəkdir bu qədər iş görmək və müsabiqəyə getmək. Sonra mükafatlar alanda deyirdim ki, bax buna görə. Gərək insanlara və peşənə, özünə faydalı və sədaqətli olmaq üçün həmişə işləyəsən. Direktor təyin olunana qədər demək olar ki, hər il bir neçə müsabiqədə iştirak edirdim…

Müəllimlər müəllimi…

Heydər Əliyev adına sarayda böyük bir tədbir keçirilirdi. Orda bir neçə müəllim kimi mən də çıxış etməli idim. Etdim də. Məncə uğurlu çıxış alınmışdı. Sözün düzü, bu prosesin davamı olduğunu bilmirdim. Sən demə, orada çıxış edənlər arasından bir nəfər müəllimlər müəllimi statusu üçün təqdim edilib, seçilməliymiş. Qırx min müəllimin iştirak etdiyi tədbirdə, onlarla nüfuzlu müəllimin arasında mənim müəllimlər müəllimi seçilməyimi elan edəndə donub qalmışdım. Bu çox böyük etimad idi. Adımı çağıranda da qulağıma inanmırdım. Bu ada və mükafatlara görə dövlətimə həmişə minnətdaram.

Kimsə unutmasın ki, yaxşı işin, çəkilən zəhmətin nə zamansa mütləq qarşılığı var. Yoxdur deyə bir şey yoxdur. Sadəcə zamanı gözləmək lazımdır. Məsələn, bu günə qədər mən bir dəfə də olsun işdən qalmamışam, ən çətin anda belə işim birinci olub mənim üçün. Bir dəfə çox xəstə halda işə gəlmişdim, hərarətim qırx bir idi. Nə qədər dur get dincəl dedilər, dedim yox. Mən işimə bağlıyam, indi dostların bəzisi deyir ki, sən təkcə müəllim yox, təhsil fədaisisən həm də. Mən bununla fəxr edirəm.

Əməkdar müəllim…

Bu qədər titul, mükafat və sairdən sonra dedim sadəcə işləməyə davam. Onda da nazirlik və dövlətim məni məətəl qoydu. Əvvəldən avtobioqrafik məlumatları almışdılar. Bir gün zəng gəldi ki, televizoru aç və dinlə. Sakitcə televizoru açıb qarşısında əyləşdim. Gördüm cənab Prezidentin imzaladığı sərəncamın siyahısı oxunur. Mən bu dəfə Əməkdar müəllim fəxri adını almışam. Çox kövrək və sevinc dolu anlar yaşadım. Hərdən düşünürəm ki, peşəni sevdiyin qədər gərək ki, peşən də səni sevə. Mənim şansım bundadır, mən peşəmi sevdiyim qədər, peşəm tərəfindən də sevilmişəm.

29-da yeni direktor…

Bu qədər işləməyin, təbii ki, bir nəticəsi olacaqdı. Günlərin birində məni nazirliyə çağırıb təqdimatımı etdilər. Bildirdilər ki, 29 nömrəli məktəbə direktor təyin olunuram. Məktəbin texniki durumu son dərəcə pis idi. Zəlzələdən sonra çox ağır vəziyyət yaranmışdı məktəbdə. Düzü, hərdən deyirdim ki, nahaq razılaşdım. Sonda da düşündüm ki, mənə həyat və tanrı bu boyda şərəfli iş tapşırıb, niyə də etməyim. İnanmazsınız, bütün əlimdə olan şəxsi vəsaitimi də cəlb edib, məktəbi çox yaxşı təmir etdirdim. Doğrusu, kimsə inanmırdı buna nail ola bilərəm. Ancaq belə vəziyyət yarandı ki, o məktəb mənim evimdən çox uzaqda yerləşirdi. Gedib-gəlmək çətinlik yaradırdı hər gün. O üzdən bütün işləri qaydasına salandan sonra nazirliyə müraciət etdim ki, məni başqa işə keçirsinlər. Kimsə inanmırdı, bu qədər əziyyət çəkib, qurub-yaratdığım yerdə qalıb işləmək istəmirdim. Amma sağ olsunlar imtina etmədilər, mən sadəcə müəllim kimi davam etmək niyyətində idim, onlar 27 nömrəli məktəbə direktor göndərdilər. Beləcə, düz on beş ildir burda fəaliyyət göstərirəm. Paralel olaraq tədris metodikası ilə bağlı bir neçə kitabın müəllifiyəm.

Əfv Komissiyasının müəllimi…

2001-ci ildə daha bir uğuruma sevindim. Əfv Komissiyasının tərkibində ixtisasca pedaqoq olan bir nəfər lazım idi. Rəsmi olaraq nazirlikdən bir nəfərin namizədliyini istəmişdilər. Nazirlik də mənə etimad göstərmişdi. Bu da mənə sürpriz oldu düzü. Və o ildən bu yana dövlətin növbəti etimadını doğrultmağa çalışıram, Əfv Komissiyasında fəaliyyət göstərməklə. Komissiyanın tərkibini bu günə qədər üç dəfə dəyişdiriblər, amma mənə yenidən etimad göstərilib.

QEYD: Maraqlıdır, Əfv Komissiyasında onlarla adamın işini, cinayətini müzakirə edən müəllim, qadın, insanın özünü əfv etməklə arası necədir?

Günahı özümdə görürəm həmişə. Bilirsiniz, hansısa xoş olmayan bir vəziyyət yaranıbsa, mütləq özünüzü təftiş edin. Görün harada nəyi düzgün etmədiniz ki, sizə ziyanı dəydi. Yəni, əfv etməyi bacarmaq lazımdır həmişə. Bu, böyüklükdür, bir də öz səhvini təkrarlamamağa cəhddir. 

SON: Sizi bilmirəm, mən yaxşı adam görəndə sevinirəm. Hələ ki, o adam müəllim ola. Həyatının qırx ildən çoxunu bacardığı qədər faydalı işlə məşğul ola. Cəmilə müəllim ilə söhbətin sonunda düşündüm ki, ondan gənc nəsil həmkarlarının öyrənəcəyi xeyli şey var. Həm peşəsi, həm də insani keyfiyyətləri ilə bağlı.

Jalə MÜTƏLLİMOVA

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox MÜSAHİBƏ

To Top