Jalebloq.az

On qəpiklik artım vecimə deyil…

KÖŞƏ

On qəpiklik artım vecimə deyil…

-Sən bir şey eləyə bilməzsən?

-Nəylə bağlı?

-Marşrutda qiymətləri iyirmi beş qəpik ediblər…

-Rəsmi qərar yoxdur axı. Bunu necə edə bilərlər? Yəqin çaşmısınız.

-Vallah indi dalaşa-dalaşa, söyə-söyə düşdü adamlar marşrutdan. Sürücü hamıdan iyirmi beş qəpikdən alırdı yol haqqını.

Qadınin üzünə diqqətlə ha baxdım, ağlım bir şey kəsmədi. Elə bildim zarafat eləyir. Çıxıb getdim işimin-gücümün dalıyca. Hardan biləydim axı Taarif Şurası və sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qiymət artımını beş qəpiklik məşq edirmiş. Çünki həmin günün gecəsi, rəsmi məlum oldu ki, yol haqları beş yox, on qəpik artıb…

***

Artıb, artıb də, düzü heç vecimə deyil! O üzdən bu mövzuda yazmağı heç düşünmürdüm də. Cənabu deputat, Sabirabaddan parlament üzvü, Rüstəm Xəlilov on qəpikdən şou düzlətməmək “ukazı” nı verməsəydi, susmağa davam edəcəkdim.

Görəsən bu adam Sabirabadda erkən nigaha cəlb olunanlar arasında yaş həddinin neçəyə düşdüyündən xəbərdardırmı? Nə qədər uşaq məhz bu üzdən məktəbə getmir, bilirmi? Fikirləşirmi ki, bu erkən nigahlar ölkəni haradan haraya sürükləyir? Anlayırmı ki, təhsil ümumiyyətlə, dünya ölkələrinin təhlükəsizlik məsələsidir? Və ümumiyyətlə bilrimi ki, on qəpik iş dünyası adamları üçün nə boyda kapitaldır? Bu qədər gülməli danışmağın adı nədir axı cənabu deputat? Cahillik, ya danışmaq xatirinə danışmaq?! Məncə ikisi də. Və belə danışmaqdansa susmaq yaxşıdır. Ümumiyyətlə, bizim elə parlamentarilərimiz var, onların ən gözəl halı, susmuş hallarıdır?..

***

Bu qəbil deputatlardan söz düşmüşkən, görəsən dünən dünyasını dəyişən istiqlalçı deputatın Məryəm xanımın yas mərasiminə qatılan oldumu aralarından?.. Deyəcəksiniz ki, bunun artıma, on qəpiyə və vətəndaşlara nə dəxli? Heç nə, bu sadəcə insanlıq halı idi. O insanlıq ki, indi on qəpikdən də ucuzdur gözəlim məmləkətdə. Hə, gəldik on qəpiyin niyə vecimə olmaması məqamına. İnsanlar on qəpik qazanmaq üçün min yola əl atır. Özləri də bu yolda az qala elə on qəpiklik olub. Nəinki insanlar, elə insanlıq da on qəpiklik olmaqdadır, həm də son dərəcə sürətlə. İndi sualım var hər şey on qəpiklik olursa, nə dəxli var səni abtobusla harasa on qəpik baha aparırlar ya ucuz?!.. Qoy aparsınlar! Mən də bundan sonra “vopşe” marşruta minmirəm, taksiylə gəzəcəm. Taksi haqqı bahadır. Bir az da ümidimi artırır. Düşünürəm, bəlkə insanlığı baha bilənlər də var hələ, baha daşıyan taksi sürücülərimiz kimi…

***

Bir də adamın ürəyindən keçir ki, o yekə-yekə danışan məlum cənabu parlamentarilərin xidməti maşınını tutub əlindən alıb, şərqli məmur obrazını darmadağın eləyəsən. Deyəsən ki, get ol həsrətini çəkdiyin Avropa əhli. Yəni onların xeyli deputatı, məmuru, dövlət qulluqçusu kimi yaşa, marşrutda, metroda gəz!

Məsələn, Əhmədlidə işləməkdən canı çıxan, tərinin iyi burun göynəyən vətəndaşlarla bir avtobusa min, “Azəryol”un az qala bir ildir təhvil verə bilmədiyi Babək prospektindən keçəndə cıqqan qal “propkada”. Tərinə azca toz qarışsın, ol qırsaqqız. Yol kənarında marşrutdan enəndə də cibində elədiyin fəhləlikdən qazandığın bir iki manatın otuz qəpyini ver sürücüyə, düş get evinə.

Çox demirəm bircə ay o cür yaşaya, sonra bir gün marşruta otuz qəpik verib deyinə-deyinə düşəndə dəyəsən, qardaş, “on qəpikdən şou düzəltmə”, görəsən onda adama nə cavab verər?!..

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top