Jalebloq.az

“Ona səni sevirəm deyə bilmədim…”

MÜSAHİBƏ

“Ona səni sevirəm deyə bilmədim…”

“Yuğ” teatrının baş rejissoru Mehriban Ələkbərzadə: bəzən düşünürəm ki, elə evlilikdənsə belə təklik yaxşıdır…

Müsahibimiz təqdimata ehtiyacı olmayan Mehriban Ələkbərzadədir. Onunla sənətdən, efirdən, hər şeydən danışdıq.

-Efir fəaliyyətə dövlət televiziyasında başlasa da, populyarlığı “Space” efirində, tarixi filmlərlə qazanan bir qız, teleaparıcı, araşdırmaçı var idi. Qəfil yoxa çıxdı efirlərdən. Daha doğrusu, kadr arxasına keçdi. Niyə? Bu nə idi? İnciklik, şıltaqlıq, ya eləcə getmək istəyi?..

-Eslində o dönəmdə bu ehtiyacdan doğan bir şey idi. Baxmayaraq mən dram rejissoruyam, həmişə sənədli film işləməyə marağım olub. O üzdən hələ ortalıqda ciddi bir iş olmadığı halda mən əlimə keçən tarixi məlumatları, sənədləri məlumatları toplayırdım. O dövrü bilən adamları çəkib şəxsi arxivimdə saxlayırdım. Elə bil nəyəsə altyapı, hazırlıq gedirdi. 1937-ci il repressiyaları haqda işlərim var idi. 1994-cü ildə Az.TV-də televiziya tamaşaları işləmişdim, müəllif proqramları hazırlamışdım, amma bunların heç biri eləmək istədiyimin əsli deyildi. “Space” kanalı açılanda məni də dəvət etdilər. Elə bil orada bir geniş pəncərə açıldı üzümə. Soruşdular, nə etmək istəyirsən? Dedim, Mircəfər Bağırovla bağlı arxivim var. Sağ olsunlar, dedilər, nə istəsən edə bilərsən, arxandayıq. Yaradıcı adam üçün bundan gözəl söz yoxdur: “Nə istəyirsən elə!”… 1999-cu ildə uzun illərdən sonra “hə”sini aldığım iş çox ciddi məsələ idi. Bunun məsuliyyətini yaxşı başa düşürdüm. Filmin dörd seriyası hazır olandan sonra anladım ki, yaradıcı adam kimi üz tutacaq başqa yerim, sahəm yoxdur. Elə istiqamətim budur. Aylarla arxivlərdə axtarmaq, vacib bir detal tapanda uşaq kimi sevinməyin verdiyi həzz bir başqa olur. Öz işimdə bunu yaşayırdım.

-Sonra Azərbaycanda xanlıqlar dövrünü araşdırdınız…

-Səmimi deyirəm. Bu vətəndaş istəyimdən doğan mənəvi borc, tələb idi. Düşündüm, bu ərazilərdə dövlət quran, idarə edən, prinsipial mövqe nümayiş etdirən tarixi şəxsiyyətlər olub. Niyə bir filmdə onların adı çəkilməsin? Niyə idarə etdiyi ərazilərdə idarə olunmanın mexanizmləri, dövlətçilik prinsipləri haqda nəsə danışılmasın? Yəni o illərin və xanlıqların sərhədlərini cızmaq maraqlı, həm də vacib idi. Beləcə, başladıq və deyəsən, alındı. Bu araşdırmaları bədii-sənədli dilə çevirəndə çox maraqlı nəticə əldə olunurdu, adamları da cəlb edirdi.

-O filmlərin həm də maarifçilik missiyası var idi. Nəzərə alınsa ki, həmin illərdə insanların xarici telekanallara baxmaq imkanları o qədər geniş deyildi, bəlkə hava-su kimi gəlirdi çoxuna. Ancaq birdən bitdi? Niyə?

-Həmin illərdə bir maarifçilik nəfəsi var idi. Belə işlərin olması həm də tələbata bağlı idi yəni. Bir də yaradıcı biri olaraq bu işlə bağlı bəxtimə çıxan adamlar var idi. Mənə inanır, imkan, şərait yaradırdılar işləmək üçün. Özəl kanalda reklam gətirməyən iş görməklə məşğul idim. Bu işin özü əlavə vəsait tələb edirdi, amma istisna halım var idi. Səbəb ictimai tələbin mövcudluğu idi.

-Dediyiniz o ictimai tələbatda həm də ən müxəlif təbəqənin adamları təmsil olunurdu…

-Hə, bir məsələ də bu idi. Özü də çox maraqlı nüans idi. O filmdəki səs idim mən. Yəni kadrarxası mətnləri də özüm səsləndirirdim. İndi üzdən çox, səsdən tanıyırlar məni bəzən. Bilirəm, dəyişmişəm, yaşlanmışam, amma səs dəyişmir axı. Səsimin yaddaşlarda qalması sevindirici gəlir.

-Filmlərin sonrakı aqibəti necə oldu?

-Efir həyatından sonra həmin filmləri Təhsil Nazirliyi tarix dərslərində əlavə vəsait kimi tövsiyə etdi. Kasetlərə köçürüldü filmlər. Məktəblərə təqdim edildi.

– Bayaq filmlərin, verilişlərin auditoriyası məsələsinə toxunduq. Dediniz ki, maarifçiliyə tələbat var idi o illərdə. Buna nə deyək, nostalji, ya təəssüf? Bir də, sizcə, indi necədir vəziyyət?

-Bu gün ümumiyyətlə maarifçilik və maarifçilik işığı deyə bir şey varmı?

-Yoxdurmu?

– Bəlkə var, mən məlumatsızam. O maarifçilik nəfəsliyi ki, deyirdim, indi məhz o yoxdur.

– Həmin nəfəs niyə getdi, sizcə? Ya da niyə bağlandı?

-Bilmirəm. Yəqin elə mənə deyilən kimi olub hər şey.

-Sizə nə deyildi ki?

-Bir gün çağırdılar, dedilər ki, belə layihələr, verilişlər, yəni bu sənədli filmlər, artıq lazım deyil. Çünki gəlir gətirmir, əksinə, əlavə vəsait tələb edir.

-Bəlkə bu şəxsən sizə get demək idi…

-Yox, belə deyildi. Əks halda başqa xarekterli şou proqramlar təşkil etməyi təklif etməzdilər.

-Bəlkə də proqnozlaşdırmaq çətin deyildi sizin qəbul etməyəcəyinizi…Yəni elə get demək idi…

-Bilmirəm, hər halda dedilər, mən də dedim, o təklif elədiyiniz mənlik deyil. Beləcə, mənə açılan o nəfəslik bağlandı.

-Siz də küsüb çəkildiniz “qaranlığa”. Nə hiss elədiniz? Nə var idi o qaranlıqda?..

-Həmin layihələrdə özümü ifadə edirdim. Birdən-birə yoxa çıxdı, qaranlığa düşdüm elə bil. Bərbad qaranlıq idi. Özümü heç cür tapa bilmirdim. Uzun müddət beləcə çətin oldu. Sonra toparlandım və yadıma düşdü ki, həm də teatr rejissoruyam axı. Yəni ilk ixtisasımı yadıma saldım. Baxmayaraq, həmin filmləri işləyəndə də tamaşalar qoyurdum, amma filmlərdə özümü daha rahat, xoşbəxt bilirdim. Bir də əmin idim o materiallardan mütləq kimsə baxıb, bəhrələnib, maariflənib. Bu başqa bir duyğudur. Ondan sonra nə elədimsə, mənə elə gəldi ki, yerimdə deyiləm. Yenə başqa telekanal var idi, teatr var idi, amma özümü yerimdə hiss eləmirdim ki, eləmirdim. Bir şey başa düşdüm, müstəqil nəfəs almaq üçün açılan nəfəsliklə, yaşamaq üçün verilən nəfəslik arasında böyük fərq var və ikinci qətiyyən mənlik deyil. Beləcə, teatra qayıtdım. Orda daha məhsuldar işlər gördüm. Məsələn, “Əmir Teymur”u hazırladım. Bu tamaşada mənə o filmləri hazırlayandakı qədər nəfəslik verdilər. Dedilər, nə qədər istəsən, necə bacarırsan, dəyişiklik elə, müstəqilsən. Bu çox rahatlıq gətirdi, məncə, yenə alındı. Amma düzünü deyim, o illərdəki “uçuşum” bir başqa idi.

-Dediklərinizdən sətiraltı bir qənaət var. İndi insanların özü də maarifləndirici film, veriliş və proqramlara meylli deyil. Bəlkə də bu sizin baxış bucağınızdan belədir. Elə o bucaqdan baxanda gördüyünüz başqa bir məsələyə toxunmaq istəyirəm. Siz dediyiniz kimidirsə, niyə maariflənmək istəmir adamlar? Axı illər öncə istəyirdilər… İndi yaş kateqoriyaları dəyişib bir qədər. Çünki sizin etdikləriniz o qədər də uzaq keçmişə aid deyil.

-Acı şeyləri heç kim sevmir, şirinə qaçır. Şirin daha tez həzm olunur, mənəvi mənada. Acı şeylər, düşündürücü məlumatlar anlamaq üçün zaman, vaxt istəyir. İndi insanlar yüklüdür elə bil, bunu istəmir. Yəqin zövqlər də dəyişib. Oxumaq, öyrənmək, maariflənmək çox çətin şeydir. Adamın əyləncə saatlarını əlindən alır. İndi xeyli adam elə bu saatları itirməmək üçün çalışır, həyatını bir az yüngülləşdirmək məqsədilə.

-Bəs nəticə nədir, yüngülləşdirirmi?

-Sizcə?

– Müsahib sizsiniz…

-Hamı özünə və özündən daha aşağıya baxmaq istəyir. İstəyir gördüyü şeyləri tez həzm eləsin, anlasın ağlı. Yəni situasiya budur. Bir də illər öncə elə bil bir missiya var idi. İndi yoxdur, ya da olması lazım deyil, əziyyətlidir, gəlirsizdir, o üzdən kimsə üzərinə götürmək istəmir. Zəki və ziyalı adamlar həmişə bütün cəmiyyətlərdə az olur. Onlar bizə müəyyən şeyləri miras qoyurlar gedəndə. Hərdən mənə elə gəlir, həmin o dediyim ziyalı və zəkalılar nümunə kimi göstərilib bəşəriyyətə. Bizə mesaj verilir ki, istəsəniz belə də olmaq olar.

-Sizcə, biz tamaşaçı olaraq kimik? Yəni Azərbaycan tamaşaçısı dedikdə ağlınızdan nə keçir, ya da hansı obraz canlanır?

-Biz nə kütlə deyilik, nə ziyalı. Bu ikisinin arasında bir şeyik. O üzdən konkret obraz görünmür. Ziya və zəka olaraq bizə miras qoyulan yollar, cığırlar var. Biz indi o cığırlar itməsin deyə uğraşanlarıq.

-Nəsə alınırmı?

-İndi o cığırı heç tanımayan, qəbul eləməyən, ondan yan keçmək, necə olur-olsun, yol tapıb harasa getmək istəyənlər çoxdur. Gərək onların varlığına rəğmən öz işimizdə olaq. Başqa cür alınmaz. Biz o cığırı da itirərik yoxsa. Qaldı cığırı təmizləyən adamlara. Onlar da çox yorulublar, qocalıb əldən düşüblər. Bu mənada düşünürəm, indilik vəziyyət yaxşı deyil, amma ümidsiz də deyil.

-Yəni...

-Yəni təslim olmaqdansa, davam eləmək lazımdır. Təbii o cığırı, yolu qoruya-qoruya. Belə bir deyim var, xırda bir saman çöpü xaric, tutacaq yerin olmasa da həmin saman çöpündən yapış. Düzdür, o səni xilas etməyəcək, amma sənin xilas olmaq istəmən üçün cəhdin olacaq və bu əslində elə həm də xilasdır.

-“Cəza” tamaşanızın premyerasında mənə elə gəldi ki, orda dünyəvi anlamda qadın və onun faciəsi, tənhalığı, etirazı ifadə olunmayıb. Orda həm də bir azərbaycnalı qadın var idi. Onu olduğu kimi görmürlər. O üzdən bu qədər tənha, sevgizsiz, ruhən ölüdür. Nə qədərsiniz həmin obrazda?

– Qadın olaraq kiməm, necəyəm, bunu kənardan baxanlar daha yaxşı deyər. Həmişə kim olduğumdan çox, nə istədiyim bilmişəm. Tamaşalarımda həm də özümü, əslində nə istədiyimi ifadə eləyirəm bir çox hallarda. “Cəza”ya gələn kişi tamaşaçılar arasından sonra yaxınlaşıb “bu bizi utandıran tamaşa idi” deyənlər oldu. Əslində onlar anlamışdı ki, qadının bədbəxtliyinin başında daha çox halda kişi dayanır. Onu anlamayan, qarşısına sədd quran, sərhəd çəkən, onun ruhunu görməyən kişi. Məqsəd bu idi. Auditoiya bunu görsün. Hətta bir nəfər belə eşitmək istədiyin fikri deyirsə, deməli missiyan yerinə yetib.

-Bu “siz kimsiniz” sualına cavab olmadı…

-Azadlığı boğulmayan, düşüncə sərbəstliyində, özünü ifadədə baryersiz, düşüncəsi ilə reallığı arasında fərq olmayan, milli və etnik kimliyində israrlı adamam. Həm də bilmirəm necəyəm. Bir bildiyim var, məni boğan hər şeyə qarşıyam.

-Sadaladıqlarınızın daha çox ictimai keyfiyyətlərdir…

-Şəxsi olaraq özümə heç vaxtım olmadı. Çox kiçik cəhd elədim, o da alınmadı.

-Niyə?

-Bilmirəm. Bir onu bilirəm ki, o cəhddən sonra tamamən geri çəkildim.

-Əslində cəhdiniz yaxşı alınmışdı, ya da kənardan belə görünürdü…

-Elə şeylər var adam detallı demək istəmir.

-Sizin bu qəribə situasiyanız haqda həmişə bir sualım var idi: Görəsən, sona qədər gedəcəkmi? Alınmadığını eşidəndə bildim ki, təkcə sual deyilmiş, həm də şübhə imiş…

-O cür gedə bilməzdi. Bilirsiniz, birdən kükrəyib ortaya çıxan sevgi idi. İzahı da yox idi. Amma o qədər təəssüfləndirici şeylər oldu ki, yarı yolda dayanası oldum.

-Çox sərt qərar idi…

-Bilirəm, qarşı tərəf də bunu dedi. İnanın, belə lazım idi. Artıq bacarmırdır. Gərək özümdən vaz keçəydim. O da mümkünsüzdür. Təsəvvür edin, soyadını belə götürdüyüm adamın yükünü daha çəkə bilmədim, çəkmək istəmədim. Peşman da deyiləm.

-O yaşda ailə qurdunuz və çox ciddi səhv elədiniz. Yəni səhvə yol vermək ixtiyarınız yox idi əslində…

-Bəli, bağışlanılmaz səhvdir.

-Bir qadının təkliyi çətin deyil?

-Çətindir, amma elə cütlükdənsə belə təklik yaxşıdır.

-Yoxdursa, bir on ildir ağlımda dolaşan sual var sizinlə bağlı. Haqqınızda olan yazıların birində belə başlıq qoyulmuşdu: “Ana olmaq və ailə qurmaq üçün yaranmamışam”. Səhv etmirəmsə, “525-ci qəzet”də idi. Düzü, bir az ikrah yaratdı. Bir qadın, xanım niyə belə düşünsün?..

-Əslində fikir kontekstdən çıxarılıb verilmişdi. Çox da acığıma gəldi. Heç zaman bu fikirdə olmamışam. Qadının birinci missiyası ana olmaqdır. Ana olmayan qadın, başqa nə qədər uğur qazansa da, ən vacib missiyasını yerinə yetirməmiş sayılır. Qadın ana ola bilir, amma olmursa, onun həyatında mütləq nəsə doğru deyil.

-Sizinlə bağlı da belədir?

-Bəli, belə oldu. Cəhd elədim, alınmadı. Elə bil Allah mənə anlatdı ki, alınmayacaq, olmayacaq, cəhd eləmə. Yəni vermədi, mən də onu anladım, buna görə üsyana qalxmadım, susdum, oturdum. Nə xoş o qadına ki, anadır. Nə yazıq o qadına ki, ana deyil. Qadın olmaq olar, ana olmaq nemətdir.

-Bağışlamaq və bəraət verməklə aranız necədir?

-Bu gözəl şeydir, amma bir az bacarmıram bunu. Bağışlanması mümkün olan şeyləri bağışlamağı düşünmək olar deyirəm hərdən.

-Özünüz bağışlanılacaq duruma düşmüsünüzmü?

– Məncə, yox. İki şeyi bağışlamaq haqda ümumiyyətlə düşünmürəm. Biri yalandır, o biri xəyanət. Neynirsən elə yalan demə, xəyanət eləmə.

-Çoxmu xəyanət gördünüz?

-Yetərincə!

-Adətən deyirlər yalan və xəyanəti çox görən adam bir gün dönüb özü yalançı və xəyanətkar olur…

-Həyat məni amansız eləmədi, elə bil o hislərdən nəsə qorudu məni.

-Nə?

-Yəqin yaradan. Əvvəl belə deyildim amma. Elə bil xəyanət görəndə hirs məni boğurdu. Sonra anladım ki, özümdən başqa kiməsə ziyanı yoxdur bunun.

– Burda yaş rol oynayırmı?

-Məncə, hə. Həm yaş, həm də həyatda görüb, anladıqlarım. Bir gün anladım ki, tamam başqa adamammış.

-Nə oldu ki?

-Anam vəfat elədi…

QEYD: Bu söhbət müddətində nəsə qeyd eləmək istədiyim yeganə məqam idi. Qarşımda elə bir mənzə yaranmışdı ki, bunu ancaq görüb anlamaq mümkün idi. Yaradıcı adam, tanınan rejissor, teeaparıcı, yetkin qadın yox, balaca bir qız var idi qarşımda. Anası üçün ağlayan, kövrələn bir balaca qız cocuğu. Bu həm də insanın nə qədər aciz varlıq olduğunu göstərən an idi. Eə bil qaynar qazanda qovrulmaq…qovrulmaq, amma çıxa bilməmək idi. Gecikmək idi sevgidə. Tələsmədiyinə təəssüf, özünü qınamaq idi. Bu “kaş ki” təəssüfü, “niyə axı?” etirazı idi. Həm də fağır-fağır…İkimiz də əvvəl susduq, sonra kövrəldik, həm də davam elədik həyat kimi…

-Nə dəyişdi?

-Anamın vəfatı içimdən başqa bir adam çıxardı. Elə bil, ilk dəfə gerçək özümü gördüm. Sən demə, içimdə çox həlim, mülayim, çox rahat bir qız var imiş. Bütün sərt görüntünü, əyriləri, çərçivələri dağıdıb çıxmışdı o qız. İnana bilmirdim bu mənəm.

-İki Mehribandan hansı daha yaxşıdır?

-Əvvəl daha sərt idim, indi qəbul edib-etməməkdən asılı olmayaraq hamını anlamağa çalışıram. Bir də heç olmasa bircə gün anam gələydi deyirəm.

– Niyə?

– O getdi, həyatım qopuq-qopuq oldu. Hələ də qəlpələri toplayıram. Düz beş ildir. Anama onu nə qədər sevdiyimi deyə bilmədim. İndi necə sevdiyimi deyə bilmək imkanım olsun istəyirəm. Anama “səni inanmayacağın qədər sevirəm” deyə bilmədim. İndi bircə an dönə və deyəm ki, səni hər şeydən çox, lap çox sevirəm”…

SON: Özüm qədər, ya da daha artıq narahat adam görəndə qəribə oluram. Narahatlığın, nigaran qalmağın, hamının əvəzinə dərd çəkməyin, ya da hamının dərdini tək çəkməyin nə olduğunu, adama necə ziyanlar vurduğunu bilirəm axı. Həmsöhbətim olan bu xanım haqda əslində kobud biridir ifadəsini də eşitmişdim. Küsəyəndir, eqosu var və sair… Mən gördüyüm Mehriban qətiyyən o deyil. Sizə bu yazıda göstərdiyim kimidir. Zərif, kövrək, diqqqətli, bəzən duyduğunu ifadə eləməkdə əziyyət çəkən, bəzən də ümidvar olduğunda yanılan, zəhmətkeç və istedadlı. əni əslində olduğunda daha az görünür. Və ya olduğunda az ifadə eləyə bilir özünü. Məsələn, “sevirəm” deməyə utana, çəkinə və ya “bəlkə zamanı deyil hələ” kimi bir narahatlığı da var. Anasına bunu söyləyə bilmədiyi kimi… Amma unutmaq olmaz, heç olmaz, əgər bir etirafı etmək, bir sözü söyləmək ağlına gəlibsə, mütləq ki, onu etməyin zamanıdır Mehriban xanım. Sadəcə ifadə formasını tapıb icrasına tələsmək lazımdır. Əminəm ki, hələ həyat dediyimiz heç kimin yanından ötüb keçməyib. Bu simada qala bilmisinizsə, elə sizin də. Həyatın əlini zamanında tutmağa tələsmək lazımdır bircə, o adamın əlini buxarıb küsənəcən…Və bir də, məncə, bu qədər kövrəlməyi, o boyda dəlicə etirafı bir ana eşitməyə bilməz, lap məzardadırsa belə…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox MÜSAHİBƏ

To Top