Jalebloq.az

Palmalı Sumqayıt, çaqqallı Zərdab və Azərbaycan kişisi…

KÖŞƏ

Palmalı Sumqayıt, çaqqallı Zərdab və Azərbaycan kişisi…

Dünən Sumqayıt bazarına getmişəm, ondan əvvəl Zərdabda, Ucarda, Hacıqabulda, Kürdəmirdə olmuşam. Nədən ki, qohum əqrəba və valideynlər hamısı oralıqdadır. İsti heç, o hamını bərbad günə qoyub. Amma bu rayonların icra başçıları adamları da bərbad günə qoyub, rayonları da. Sətir-sətir, aydın-aydın yazıram ki, bəlkə inandığımız bir-iki nüfuzlu məmur gördü, oxudu. Ya da oxuyub ona deyəcək qədər insaflı köməkçiləri var. Yəni bəlkə nəsə edildi.

Düz-əməlli iş yeri yox, yuxarıya var deyib, aldadırlar!

Adamlardan “xərac” alınır, verməyəni hədələyirlər!

Balaca bir təsərrüfatın, dükanın, ya da yol qırağında “taburetkan” varsa, dövlət tapşırıb, filan şey tikirik, verməlisiniz deyirlər, yuxarıdan oğurlayırlar! 

Bir məsələ də var, bir də gördün beş-üç adam tapıb səni bir qəpiklik edib divara vurmaq da istəyirlər ki, dediklərin yalandır, sübutu yoxdur. Əlbəttə olmayacaq, canı sizin əlinizdə olan adamlar mənim haqlı olduğumu necə etiraf edərlər ki, sizin yanınızda, şahidliyinizlə?!..

Rayon mərkəzində əsas yol və bir iki görüntü üçün bina tikirlər, hər şey əladır deyib, gələn rəhbərlərə göstərirlər. Əslində isə əlalıq deyil durum. Bəlkə də bu deyəcəyim yüksək rütbəlilərin piar işinin tərkibi ola bilər. Bölgəyə səfər edən yüksək rütbəli məmur, proqramdan kənara çıxsın. Məsələn desin ki, mən düşüb bir neçə kilometr piyada yeriyəcəm, ara yollara girib, bir-iki qapı döyəcəm.

Bir misal da deyim. İllər öncə mərhum prezident Heydər Əliyev ona verilən məlumata inanmayıb, proqramdan çıxıb bizim Zərdab rayonunda Kür qırağına gəlib, deyilənlərin düzgün olub-olmadığın öz gözü ilə görmüşdü. Qərarını da ona görə vermişdi. İndi bu boyda nümunəni təkrar edəcək yüksək rütbəlilər, görün, bu sözü deyəndə qarşınızdakı icra başçının bağrı çatlayır ya yox?! Əminəm çatlayacaq! Çünki aralıqlardakı durumu özləri qədər gözəl bilən yoxdur. 

Və əslində vəziyyət belədir, kənd yolları, hətta rayoniçi yollar bərbad durumdadır. Bakı daxil hamı bilir yol təmiri işlərində nə var, nə yox?! Lap balaca uşaqdan da soruşsan deyər ki, “bilirsən küçələrdə nə qədər pul “basdırırlar?!” “.

Kürdəmiri də, Hacıqabulu da eynidir. Ucar indi Ziya Məmmədovun durumu nədirsə, elə o abırdadır.

Zərdabda, yəni mənim ana vətənimdə, evimizdə, Kür qırağında, insanların yaşadığı yerləri yulğun, kol-kos elə tutub ki, Azərbaycan dilində danışan olmasa düşünərsən Afrika cəngəlliyindəsən. Çaqqal, vəhşi pişik, tülkü məhlələrə hücum eləyir. Yəni şəhərə enib camaatla yaşayırlar az qala. Adam gecə həyətinə düşməyə qorxur, çaqqal ulartısından. Bu heçmiş kimi küçəmizi illərdir qazıb töküblər. Deyirlər guya hansısa alman şirkəti modern kanalizasiya xətti çəkəcək. Amma nədənsə illərdir bizim Zərdab rayon Zahid Bəkirov küçəsinə gəlib çıxa bilmir “nemeslər”. Adamlar “qruntavoy” yollar zülmündə qalıblar. Küçəmin, rayonumun və onun adamlarının da üzündən əzab yağır. Hamı eyni adamdır, yaşlanıblar sadəcə. Mən onları bu rəngdə və cizgidə görməyimdən ağrıyıram düzü. Çox səmimi və yazıq-yazıq ağrıyıram. Qazancına, zəhmətinin təri qarışan adamlar, nə Kürdəmirdə, nə Hacıqabulda, nə Ucarda, nə Zərdabda, nə də Sumqayıtda bunu haqq eləmir axı qardaşlar, billah eləmir…

Sumqayıt demiş, bu şəhər elə bil Afrikalaşır. Nə illah edirsən anlamaq olmur, bu qədər palmanı yol qırağında, şəhər içində, təbii bitən ağacları kəsib də niyə əkdirir ki, cənab başçı?! Axı onsuz da bu şəhər hələ də ekoloji problemlərini həll edib bitirməyib. Palma onun nəyinə gərəkdir?!..

Bir də bilmirəm, Sumqayıtın dövlət bağçalarına niyə düşə bilmir axı insanlar? Get-gəldə, zülümdədirlər. 

Bazarlarında isə alver edən yesir kəndçiylə iyirmi qəpiyin söhbəti edilir. Özü də o adamlar edir ki, dövlətin müəyyənləşdirdiyi bazar qiymətinin necə olduğu barədə malını satacaq vətəndaşa bir köpüklük məlumat vermir.

Bunlar çox “üfunətli” epizodlardır. Adamı nəfəs almağa qoymayacaq qədər “üfunətli”. Hətta indən sonra hava nə qədər sərinləyir sərinləsin, bir gün bizi boğacaq qədər “üfunətli”. Yeganə yol bu havadan qurtulmaqdır. O da ki, deyildiyi qədər asan məsələ sayılmaz!

Bir də ümumi bir məsələ. Sizi bilmirəm mən, yol qırağı qarğıdalı, fındıq ləpəsi, əlində bir çiçək tutub maşınların üstünə “bəlkə aldılar” ümidi ilə yüyürən kişi, Azərbaycan kişisi görmək istəmirəm. Yox, bu ayıb deyil. Ayıb olan adamın bu səviyyə düşürülməsidir. Özü də bir kişinin. O satışları daha sivil təşkil etmək mümkündür. Necə ki, bunu başqa dövlətlər və bəzi rayonlarda edirlər. Ancaq daha artıq və daha gözəl təşkil olunsa adamların şəxsiyyəti bu qədər sınmaz.

Bizim cəmiyyət məhz o varlıq, kişilər üzərindən qurulub. Bəlkə elə bu üzdən qadınlarımız xeyli illər öncə daha xanım-xatun qala bilirdi. İndi istəsək də alınmır. Kişilərin xarakteri sınır, zədələnir, aşağılanır. Bunu hamı kimi qadınlar da görür. İndi sınan bu oğulların, kişilərin soyu Kərbəlayi İsmayıldan, Qəmlodan, Şah İsmayıldan gəlir. Sındırmayın Azərbaycanlı kişisini. Çünki sınmış insanın qadını, xanımı olmaq çox zor işdir. Bunu ancaq bir qadın bilər. 

Hə, o da var ki, bir də gördünüz telekanallardan birində o yol qırağı alver edənlərdən, Sumqayıt bağçasından, şəhərin özündən, Ucardan, Kürdəmirdən, Hacıqabuldan, hər şey əladır deyə, bir reportaj hazırladı kimsə. Oradakı adamlar da dedilər ki, hə, doğurdan da şey əladır. Başqa yolları yoxdur, çünki xofludurlar. Bu gün elə deməsə, sabah qazandığı manatlığı da əldə eləyə bilməz. O üzdən göstərilən çox şey inanmamaq gərək. Proseslər bizi elə məqama gətirdi ki, gözlə görmək, yerində baxıb məlumat almaq, yeganə çıxış yoludur, vəssalam!..

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top